Dərc edilib: 18-12-2019

https://www.nuh.az/21743-.html

Azərbaycanın “tender kralı” Bakının yeni rəhbərliyi ilə anlaşıb?

18.12.2019 12:17:31

Kriminal

Adı tez-tez mətbuatda hallanan və “tender kralı” kimi təqdim olunan iş adamı Ramazan Mirzəyevlə bağlı yeni məlumatlar yayılıb.

 

Yenicag.az   xəbər verir ki, Hacıbala Abutalıbov Bakıya rəhbərlik edərkən Ramazan Mirzəyev Şəhər İcra Hakimiyyətinin əsas tenderlərinin “qalibi” olub. Eldar Əzizov Bakıya başçı təyin edildikdən sonra “tender kralı”nın yeni başçısı işləyə bilməyəcəyi iddia olnsa da, artıq bu iddiaların əksi baş verir və R. Mirzəyev yeni başçı ilə anlaşa bilib.

Məlumata görə, son iki ildə Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevin adamlarına məxsus MMC-lərdir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti üçün alınan avtomobil ehtiyat hissələri, onların təmiri və bərk, yumşaq inventarlar R. Mirəzəyevə məxsus “Məmmədoğullar” MMC-dən alınır. Bu alış-veriş Hacıbala Abutalıbovun dövründə də belə idi, indi də.

Saytın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2018-19-cu illərdə tender müqaviləsi bağladığı şirkətlərin demək olar hamısı R. Mirzəyevin yaxın adamlarına məxsus Nizamnamə katipalı 10 manat olan MMC-lərdir. Sayt iddia edir ki, bu MMC-lərin əksəriyyətinin təsisçiləri hansı işlərlə məşğul olduğundan belə xəbərsizdirlər. Bununla bağlı ölkə mətbuatında bir neçə dəfə ətraflı araşdırma yazıları dərc edilsə də, Bakı Şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirməkdən boyun qaçırıb.

Xatırladırıq ki, 2018-19-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan əsasən “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,“Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC-lərdir.

Gördüyünüz kimi, ölkədə çox az adamın tanıdığı bu MMC-lər üst-üstə Bakı Şəhər İcra Hakimiyyəti ilə milyonlarla manatlıq şübhəli tender müqavilələri imzalayıb.

Qeyd olunur ki, bu MMC-lərin bir çoxu 2019-cu ilin əvvəlində ləvğ edilib. Ancaq yuxarıda qeyd olunan MMC-lərin əksəriyyətinin maliyyə əməliyyatlarına görə dövlətə vergi borcları var.

Məlumatda bildirilir ki, adıçəkilən şirkətlər Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan MMC-lərin sadəcə bir hissəsdir. Ramazan Mirzəyevin adamlarına məxsus hələ xeyli sayda şirkət var ki, onlar da BŞİH ilə çoxmilyonluq şübhəli tender müqavilələri bağlayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib