“Azərkosmos” “Gilan”ın şirkətini məhkəməyə verdi
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti pambıqçılıqla məşğul olan şirkəti məhkəməyə verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “MKT İstehsalat Kommersiya“ MMC-yə qarşı iddia qaldırıb.
“Azərkosmos”un iddia ərizəsində qeyd olunub ki, 2017-ci ildə MMC ilə bağlanan müqaviləyə görə, onlara Pleiades peyk təsvirləri üzrə xidmət göstərilib və peyk vasitəsilə çəkilən görüntüləri, torpaq qatının tərkibi ilə bağlı aparılan analizlər şirkətə təqdim edilib. Lakin “MKT İstehsalat Kommersiya” bu xidmətlər qarşılığında yaranan 15 min 953 manatı ödəməkdən imtina edib. ASC bu məbləğin və 30 manat məhkəmə rüsumunun MMC-dən tutularaq onlara ödənilməsini tələb edib.
Məhkəmə qeyd edib ki, “MKT İstehsalat Kommersiya“ MMC Nərimanov rayonu ərazisində yerləşdiyi üçün dislokasiya üzrə “Azərkosmos” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməlidir.
Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” şirkəti “Gilan Holdinq”ə məxsusdur.