Dərc edilib: 04-01-2020

https://www.nuh.az/21945-.html

Həbsxanadan Zakir Fərəcova məktub

04.01.2020 17:33:20

Hadisə

 

 Salam, əmioğlu!

Yerin məlum, Kürdəxanıdan yazıram.


Öncə  Təzə ilin mübarək !

Sonra onu qeyd edim ki, sən bizim başımıza  gələnlərdən mütləq nəticə çıxart. Yoxsa, sonra gec olacaq.

 

Əmioğlu, biz Prezidentimizin bizə göstərdiyi böyük etimadı doğrultmadıq. Və haqlı olaraq  Yeni ili Kürdəxanıda qeyd edirik.

 

Möhtərəm Prezidentimiz bizə nə deyirdi, bizdən nə tələb edirdi ki ?

Deyirdi xalqa yuxarıdan aşağı baxmayın, vətəndaşları incitməyin, sahibkarlara hədə qorxu gəlməyin, abadlıq-quruculuq işləri adı altında  iş adamlarını müflis etməyin, biznesmenləri həbslə hədələməyin, insanların haqqını yeməyin...


Prezidentimiz bizə deyirdi ki, XALQ-dan, QANUN-dan qorxmursunuzsa, barı ALLAH-dan qorxun.

 

Əmioğlu, bizlər nə xalqdan, nə qanundan, nə də Allahdan qorxduq. Kasıb-kusubun haqqını yedik, biznesmenlərin cibinə girdik, iş adamlarını yaman günə saldıq. Nə qədər ailəni, oğul-uşağı  gözüyaşlı qoyduq. İndi Kürdəxanıda  cəzamızı  çəkirik.


Əmioğlu, sən də çox evləri yıxmısan.

Əmioğlu, Sumqayıtda abadlıq-quruculuq, Bulvar  salmaq işində nə qədər  insanın gününü qara elədin, qardaş dediyin biznesmenləri  namərdcəsinə həbsə göndərdin. Düşünmədin ki, onların da ailə-uşağı var, onları da ana doğub, ata əkib...


Bu gün onların övladları da bir təhər bayramı-zadı qeyd edir. Eybi yoox, əmioğlu. Sən tısqırınca ye. Mən də Goranboyun, Ağstafanın icra başçısı  olanda  doymaq bilmirdim, gözüm doymurdu. İndi Kürdəxanıda namaz qılmağa, oruc tutmağa hazırlaşıram. Səni də bu aqibət gözləyir, əmioğlu.


Əmioğlu, “Nuşirəvan və bayquşları”nı  yadına sal. Evləri-eşikləri xaraba qoyma.

 

Əmioğlu,  tanınmış iş adamı Tofiq Heydərovun başına açılan oyunlar  bura düşsən  yuxundan çıxmayacaq, gecə  səhərəcən sənə cəhənnəm əzabı verəcək...yapışacaq yaxandan...

Əmioğlu, 2015-ci ildə  sən  Abşeronun icra başçısı olarkən  tabeçiliyində  olan Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənovanın başının kəsilməsi, həyat yoldaşının qətlə yetirilməsi, izi itirmək üçün  evin yandırılması...gecələr yuxuna girir?


Əmioğlu, icra başçısı  olanda belə şeylər mənim də  ağlımın ucundan keçmirdi. Ancaq Kürdəxanıya  gələn gündən elədiklərim hamısı gecələr yuxuma gəlir, səhərədək  yata bilmirəm...

Əmioğlu, halal haqqını vermədiklərinin ailələri  təzə ili qeyd edə bilmir, şair  demişkən, bayramda bir  axta zoğal da  tapmır.

Əmioğlu, fikirləşərsən ki, sən bizimlə müqayisə olunmazsan, sən daha arxalı, daha təminatlı, daha güvənlisən...

 

Yoox, əmioğlu, bəla gələndə qəfil gəlir, heç xəbərin də olmur.

Bir də ayılırsan ki, Kürdəxanıdasan.

Nəsə, əmioğlu, çalış, haqqını yediyin adamların haqqını qaytar, haqsızlıq  etmə, etiraf böyüklükdür, kişiyə yaraşan əməldir. Atalarımız demişkən, buynuzsuz  qoçun qisası  buynuzlu qoçda qalmaz.

 

Əmioğlu Zakir!

Goradildə, Coratda və başqa yerlərdə tikdirdiyin, el arasında “Zakir qəsəbələri” deyilən mülklərdən doymursan ?

Əmioğlu, həmin qəsəbələrdə “ŞLAQBAUM” qoyub sadə, kasıb insanların yolunu kəsirsən.

 

Əmioğlu, KİŞİ  YOL KƏSƏN olmaz, KİŞİ  YOL ÇƏKƏR...insanların qəlbinə...

 

Əmioğlu, bir gün sənə də bizim kimi ŞLAQBAUM qoyacaqlar. Ayılacaqsan ki, sağ-sol, arxa-ön ŞLAQBAUM-dur, çarəsizlikdir.

Necə ki mən Kürdəxanıda özümü hər tərəfdən ŞLAQBAUM-la hiss edirəm. Çalış, bura düşmə, əmioğlu. Tövbə elə, düz yola, haqqa qayıt, qaytar insanların haqqını...

Nə isə, əmioğlu, bunları  yazmaqda məqsədim odur ki, sən bizim qəzavü-qədəri yaşama. İnşallah.

 

Əmioğlu, ürəyim doludur. Növbəti məktubda daha dərin mətləblərə toxunacam. Xanım başçı nələr deyir ? Möhkəm ol. 

 

Hörmətlə,

Əminoğlu, Ağstafa RİH-nin keçmiş başçısı, məhkum Nizaməddin Quliyev

P.S.  Birinci müavinim  Ramiz Tatarovun  və Yevlaxın sabiq icra başçısı  Qoca Səmədovun   sənə  salamları var.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib