Dərc edilib: 03-02-2020

https://www.nuh.az/22404-.html

Kürdəmirdə yataqxanada siçovul 4 yaşlı uşağın burnunu və qulağını yeyib

03.02.2020 08:00:22

Region
Deputatlığa namizəd Kürdəmirdə "Yeni qəsəbə"də məskunlaşmış məcburi köçkünlərlə görüşüb
Fevralın 2-də 124 saylı Şuşa Ağdam Xocalı Xocavənd dairəsindən deputatlığa namizəd Etibar Məmməd oğlu Abdullayev Kürdəmir rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Namizəd seçicilərə ölkə başçısının apardığı islahatlardan, xalqın iradəsinə hörmət kimi dəyərlərdən məlumat verdi. Qarabağ Ata Yurdum... devizi ilə seçkiyə gedən namizədi seçici birmənalı dəstəkləyir, onun seçki kampaniyasını ölkə üzrə izlənildiyini bildirirlər. 
Daha sonra məcburi köçkünlər problemlərini dilə gətirərək Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yerdəki nümayəndəsi Qurban adlı şəxsdən şikayət etdilər. Qaldırılan problemləri diqqətlə dinləyən Etibar Abdullayev, məsələni yerində həll etmək üçün komitə nümayəndəsi ilə telefon əlaqəsi saxladı. Danışıqdan sonra Dövlət Komitəsinin nümayəndəsi söz verdi ki, sabah saat 9 - da orada olacaq, problemləri həll edəcək.
Qəsəbədə məcburi köçkünlər bildirdilər ki, köçürmə obyekti olan texniki peşə məktəbinin yataqxanasında bir neçə ailə ağır vəziyyətdə yaşamını davam etdirirlər. Etibar Abdullayev vəziyyəti yerində öyrənmək üçün həmin ünvana gedib. Burada seçici məcburi köçkünlərin sənədlərini araşdıran namizəd, şikayətçilərin haqlı olduğunu müəyyən edib. Problemin ciddiliyini nəzərə alan Etibar Abdullayev Dövlət Komitəsinin məsul işçiləri ilə telefon əlaqəsi yaradıb. 2 ailənin Komitədə evvermə komissiyasının sədri tərəfindən, 1 ailənin isə "Qaçqınkom" sədri tərəfindən həftənin 2 - ci günü qəbulu razılaşdırılıb. Qaldırılan məsələlərin həlli üçün operativ müdaxiləyə görə məcburi köçkünlər namizədə minnətdarlıq ediblər.
Etibar Abdullayev köçürülmə vəd olunmağına baxmayaraq hələ də texniki peşə məktəbinin yataqxanasında qalmış Solmaz Şahgəldiyevanın ailəsini ziyarət edib. Bəlli olub ki, bu ailədə 4 yaşlı oğlan uşağının burnunu və qulağını siçovul yeyib. Yaralar xeyli dərin və üstü qanla qərtməklənmiş vəziyyətdə idi. Deputatlığa namizəd Dövlət Komitəsinin məsul işçisinə telefon açaraq vəziyyətin acınacaqlı olduğunu bildirib və bu ailənin həftənin 2 - ci günü Komitə sədri tərəfindən qəbul olunması razılaşdırılıb.
Moderator.az-ın qeydi: Bu yerdə "Qaçqınkom"un yeni rəhbəri Rövşən Rzayevlə bağlı bir neçə cümlə yazmağı özümüzə borc bilirik. Onun komitənin rəhbərliyinə gətirilməsindən sonra bu sahədə görülən inqilabi dəyişiklikləri və köçkünlərin qayğılarına çox böyük insanpərvərliklə yanaşmasını xüsusi olaraq vurğulamasaq insafsızlıq etmiş olarıq. Heç şübhə etmirik ki, R. Rzayev Kürdəmirdəki bu problemi bildiyi anda onun həlli üçün təxirəsalınmaz tədbirlər görəcək. Təbii ki, milyondan artıq didərgini yeni mənzillərlə təmin etmək komitənin və bütövlükdə hökumətin imkanı xaricindədir. Bu iş mərhələli şəkildə görülür və ümid edirik ki, Kürdəmirdəki dəhşət saçan həmin yataqxana da bu il köçkünlərin sığındığı son il olacaq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib