Dərc edilib: 27-02-2020

https://www.nuh.az/22979-.html

İsgəndər Həmidov onu tanıyanların xatirəsində

27.02.2020 08:40:26

Müsahibə
Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə (1992-ci il) daxili işlər naziri olmuş İsgəndər Həmidov 72 yaşında vəfat edib. Ailəyə yaxın olan, tibb elmləri doktoru Adil Qeybulla BBC News Azərbaycancaya bildirib ki, İsgəndər Həmidovun beyninə qan sızmışdı, o, fevralın 4-dən "dərin komada" idi.

Çılğın, emosional, təxminən bir il daxili işlər naziri olan, 9 il həbsdə yatan, general-leytenant, başı qalmaqallardan əskik olmayan, "istiqlalçı deputat", milli hərəkatın tanınmış simalarından biri İsgəndər Həmidov. Onu tanıyanlar keçmiş naziri belə xarakterizə edirlər.

İsgəndər Həmidov Azərbaycanın yaxın tarixinin ziddiyyətli, birmənalı qiymətləndirilməyən siyasətçilərindən idi. Keçmiş nazirlə eyni komandada çalışanlar da İsgəndər Həmidovu " çox mürəkkəb fiqur" kimi dəyərləndirirlər.
İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. Orta təhsilini Tərtər rayonunda alıb. Daha sonra daxili işlər orqanlarında polis serjantı olaraq xidməti vəzifəyə başlayıb.

O, Bakı şəhərində "OBXSS"-də (sosialist əmlakının mənimsənilməsi ilə mübarizə şöbəsi) çalışıb və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifəsinə qədər yüksəlib.
Faktları yoxlayırıq: Qarabağ münaqişəsi AXC-Müsavat cütlüyünün "ağır mirası"dırmı?

Adil ismayılov: "Elçibəy deyirdi ki, "bizim hərəkat yüzilliklər üçün nəzərdə tutulub”"

"Mən özüm Xalq Cəbhəsini onun üçün yaradırdım ki..." Zərdüşt Əlizadə

Etibar Məmmədov: "AXC hərəkatına hamı borcludur"
1980-ci illərin sonlarında milli azadlıq hərəkatına qoşulmuş və AXC-nin sədr müavini olmuş İsgəndər Həmidov Qarabağ müharibəsi zamanı könüllü batalyonları yaradanlardan biri idi.
1992-ci ilin mayında prezident səlahiyyətlərini icra edən İsa Qəmbər onu daxili işlər naziri vəzifəsinə təyin edib. 1992-ci ilin oktyabr ayında ona general-leytenant hərbi rütbəsi verilib.
İsgəndər Həmidov 1993-cü ilin aprelində istefaya gedib.
O, 1995-ci ilin martında həbs edilib və 21 ay MTN-nin təcridxanasında saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda (400 min dollar) pul mənimsəməkdə, 701 məhbusu azadlığa buraxmaqda, "İstiqlal" qəzetinin baş redaktoru Zərdüşt Əlizadəni və qəzetin əməkdaşını döyməkdə ittiham olunub. 14 il azadlıqdan məhrum edilib.
İsgəndər Həmidov 9 il sonra, 2003-cü ilin dekabrında prezident İlham Əliyevin fərmanı ilə əvf olunub.
O, "Bozqurd" hərəkatına rəhbərlik edib və daha sonra bu hərəkat Azərbaycan Milli Demokrat (Bozqurd) partiyasına çevrilib. 1993-cü ildən nəşr olunan "Bozqurd" qəzetinin təsisçisi olub.
 
"Xarizmatik", "harmoniya yarada bilməyən siyasətçi"
 
Keçmiş baş nazir Pənah Hüseyn BBC News Azərbaycancaya onu "xarizmatik keyfiyyətləri olan siyasətçi", hərəkatın "populyar liderlərindən biri" kimi təqdim edir. Onun parlamentdə Qarabağ münaqişəsi və ya müstəqilliklə bağlı prinsipial çıxışlar etdiyini, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi "Çaykənd" əməliyyatına qatıldığını, "müsbət və mənfi tərəfləri" ilə Elçibəy hakimiyyətinin rəhbər kadrlarından olduğunu bildirir.
Amma onu da qeyd edir ki, İsgəndər Həmidovun "üslubu, dəsti-xətti birmənalı qarşılanmırdı", sabiq nazirin "ziddiyyətli hərəkətləri" olurdu.
"1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində, bizim yaşadığımız günlərdə heç şübhəsiz əsas isimlərdən biri də İsgəndər Həmidovdur," - komanda yoldaşı söyləyir.
"Jurnalistlərlə ciddi problemləri vardı"
"Həmidov çox mürəkkəb fiqur idi. O dövrdəki fəaliyyəti də, sonrakı da ona çox böyük nüfuz qazandırmışdı. Vaxt vardı, Həmidov, demək olar, hərəkatın ən nüfuzlu şəxsinə çevrilmişdi,"- Elçibəy hakimiyyəti dövründə prezidentin mətbuat katibi işləmiş Arif Əliyev söyləyir. Amma onun dövlət aparatının yüksək vəzifəli təmsilçisi kimi "xeyli problemlər yaratdığını" da vurğulayır.
"O cümlədən imiclə, idarəçiliklə, jurnalistlərə münasibətlərlə bağlı ciddi problemlər yaratdı. Mənə elə gəlir, onun hərəkatçı damarı qat-qat güclüydü, ona nüfuz gətirən çılğınlığı, "kişiyana hərəkətləri" və özü dəfələrlə səsləndirib ki, "filan jurnalistə qarşı filan hərəkəti bir nazir kimi etmirəm, mən bunu bir kişi kimi edirəm". Çox təəssüf ki, o, heç zaman hərəkatçılıqla nazir vəzifəsi arasında vəhdət, harmoniya yarada bilmədi. Bu onun sonrakı fəaliyyətində də göründü".
 
 
"Bir görk olsun Azərbaycan tarixində"
İsgəndər Həmidov nazir olduğu dönəmdə iki jurnalisti döymüş, televiziyanın canlı efirində verilişə müdaxilə edərək qonaqları təhqir etmişdi. Sonradan bunu ana yurdu Kəlbəcərin işğal təhlükəsi ilə üz-üzə qalması, yaşadığı gərginliklə izah etmişdi.
Yeri gəlmişkən, İsgəndər Həmidovun fiziki zorakılıq göstərdiyi jurnalistlərdən biri də o zaman qəzet redaktoru, siyasi fəaliyyətlə məşğul olan Zərdüşt Əlizadə idi. O, müsahibələrinin birində Əlizadənin "İstiqlal" qəzetində gedən karikaturaya etiraz olaraq onunla görüşdüyünü və daha sonra əlbəyaxa olduqlarını söyləmişdi. İş məhkəməyə qədər getmiş, Heydər Əliyev hakimiyyəti dövründə buna görə azadlıqdan məhrum edilmişdi. İndi Zərdüşt Əlizadə bu haqda danışmaq istəmir, "Respublikanın sonu" kitabında və bir məqaləsində həmin mövzuda yetərincə danışdığını bildirir.
O, müxtəlif vaxtlarda mətbuata açıqlamalarında vaxtilə İsgəndər Həmidovla bağlı şikayət ərizəsini geri götürməməsini belə izah edir: "Bir görk olsun Azərbaycan tarixində ki, daxili işlər naziri jurnalistə əl qaldırır və buna görə cəzalandırılır".
"Həmidovu istefaya məcbur etdik"
Arif Əliyev İsgəndər Həmidova o, nazir olanda bu cür davranışlarına görə prezident səviyyəsində təzyiq edildiyini xatırlayır, deyir ki, canlı efirə müdaxilədən sonra Həmidovun bir neçə yüksək vəzifəli şəxsin "bu proseslər dayandırmalıdır" tələbi ilə istefa ərizəsi yazdığını deyir. Onlardan birinin də özü olduğunu qeyd edir. "Bu, həm ona, həm də hakimiyyətin nüfuzuna pis təsir edirdi," - keçmiş mətbuat katibi izah edir.
Keçmiş prezident, mərhum Əbülfəz Elçibəy 1998-ci ildə ANS telekanalına veridyi müsahibəsində deyib ki, Kəlbəcərin işğalından sonra İsgəndər Həmidov vəzifəsindən könüllü istefa verib: "İsgəndər Həmidov mənə dedi ki, Kəlbəcər gedəndən sonra özümü mənəvi sınıq hiss edirəm, artıq öz adamlarıma əmr verəndə görürəm ki, əmrim yumşaq çıxır. Görürəm ki, əmrimin effekti düşüb Kəlbəcər getdiyinə görə, ona görə də mən istefa verirəm".
Həmin müsahibədə Əbülfəz Elçibəy bildirib ki, İsgəndər Həmidov prezidenti onun istefasına razı salmaq üçün təzyiq göstərib: "Prezident otağında pəncərə açıq idi, getdi pəncərinin yanına, mənə dedi ki, istəyirsən özümü burdan atım, balalarım yetim qalsın?! Sənin mənimlə nə qəsdin var?.. Çox əsəbiydi, gərginiydi, üzünə qan vurdu, qıpqırmızı qızardı. Mən fikirləşdim ki, bu, artıq ağır şeylərdi, dedim, özün bilərsən, mən daha müqavimət göstərmirəm".
Keçmiş nazirlə yaxın dost olmuş hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, İsgəndər Həmidov özü də başa düşürdü ki, jurnalistlərlə bu şəkildə davranmaq olmaz. Amma onun davranışının səbəbini də belə izah edir: "Zəmanə pis idi..."
Vəkil Adil İsmayılov bir qədər öncə BBC News Azərbaycancaya müsahibəsində AXC haqda müsahibəsində İsgəndər Həmidovla bağlı da danışmışdı. O, vaxtilə vəkili olduğu, Cəlilabadda AXC-nin rayon təşkilatının sədri Miralim Bəhrəmovun həbsinə toxunmuşdu: "Guya Miralim Bakı şəhər Polis İdarəsinə girib, 8 polisi yığıb başına, Elçibəyi təhqir edib. Yəni, prezidenti təhqir etməkdə ittiham olunurdu. Maddə bu idi. O tutulandan bəlkə 10 gün sonra yerini tapdıq. Getdim görüşdüm, danışdım. O vaxt yazırdım axı.Yazdım ki, bu Miralim, tutalım, prezidenti təhqir edib. Yaxşı, o, prezidenti təhqir etmək üçün niyə Bakı Polis İdarəsinə getməlidir? Niyə görə orda 8 polisi yığıb təhqir etməlidir? 8 polis bu məsələdə şahidlik etmişdi. Absurd bir şey idi. Sadəcə, adamın kiminləsə sözü düz gəlməmişdi deyə tutmuşdular".
Vəkilin məqaləsindən sonra -1993-cü ilin fevralında daxili işlər naziri ona zəng vurur, onu görüşə çağırır: "Getdim görüşdük. Çəkdi qırağa, söhbətləşdik. Dedi: "Bəy, mən bunlara başa sala bilmirəm ki, demokratiya oynamaq lazım deyil. Bu dəqiqə tutmaq lazımdır, asmaq lazımdır. Heç cür izah edə bilmirəm ki, Heydər Əliyev gələcək, hamınızı bir-bir dənləyəcək".
Pənah Hüseyn: "AXC hakimiyyəti inqilabi dəyişiklik edə bilmədi"

Geriyə baxış-Azərbaycan Xalq Cəbhəsi 30: İsa Qəmbərlə müsahibə

Faktları yoxlayırıq: İlham Əliyev "AXC-Müsavat cütlüyü 1992-ci ildə çevriliş etdi" deyərkən haqlı idimi?
 
"Nazir kimi öz vəzifəsinin öhdəsindən tamamilə gəlib"
Milli Məclisin (o vaxt Ali Sovetin) keçmiş sədri İsa Qəmbər İsgəndər Həmidovun Elçibəy hakimiyyəti üçün "məqbul sayılmayan addımları" olduğunu, Əbülfəz Elçibəyin də, özünün də "bu yanlış addımlara" zamanında irad bildirdiklərini, vəziyyəti düzəltməyə çalışdıqlarını bildirir.
Amma o əlavə edir ki, İsgəndər Həmidov "nazir kimi öz vəzifəsinin öhdəsindən tamamilə gəlib, qısa müddətdə daxili işlər orqanlarında qayda-qanun yaradıb".
"İndiyə kimi çalışan polislər etiraf edirlər ki, İsgəndər bəyin sayəsində işə rüşvətsiz qəbul olunublar. Hər zaman da DİN dövlətin, ictimaiyyətin təhlükəsizliyini qorumaq üçün fəaliyyət göstərib. Həmin dövrdə DİN əməkdaşlarının Qarabağ müharibəsində, sərhədlərin qorunmasında böyük rolu vardı".
İndiki iqtidar Elçibəy hakimiyyətini tənqid edərkən daha çox "o dövrdə küçəyə çıxmaq mümkün deyildi" deyə təhlükəsizlik məsələsini qabardır.
Hərçənd keçmiş baş nazir Pənah Hüseyn bu cür danışanların böhtan atdığını deyir: "AXC hakimiyyəti dövründə, 1992-ci ilin mayında dövlət çevrilişinə cəhdin qarşısı alınandan sonra ölkədə sabitlik yarandı, qanunsuz silahlar alındı, adi kriminallara son qoyuldu, 1992-93-cü illərdə siyasi qətl törədilmədi, böyük terror hadisələri baş vermədi. Sonrakı hakimiyyət dövründə isə Ali Sovetin sədr müavininin və Xüsusi İdarənin rəisinin öldürülməsini, Ziya Bünyadovun qətlini, adam oğurluqlarını , Hacı Məmmədov hadisəsini xatırlayırıq".
Keçmiş baş nazir 1992-93-cü illərdə - "müstəqil dövlətin yenicə formalaşdığı, müharibə getdiyi dövrdə" yuxarıda sadaladığı kimi "hay-küylü qətllərin" baş vermədiyini deyir. Əksinə, həmin vaxt Bakıda əhalinin asudə, rahat yaşamaq imkanı olduğunu söyləyir və bunun da daxili işlər naziri İsgəndər Həmidovun işinin nəticəsi kimi dəyərləndirir.
"Mən hər şey ideal olub, demirəm. Amma mahiyyət baxımından Həmidovun dövründə ölkədə əhalinin təhlükəsiz yaşaması baxımından işlər göz qabağında idi".
 
 
İsgəndər Həmidov (soldan ikinci) müxalifətin mitinqində iştirak edən zaman / 19 yanvar, 2019
 
"Oğurlanan 25 il"
İsa Qəmbər keçmiş xarici işlər naziri, yanvarın 26-da vəfat etmiş Tofiq Qasımovun anım tədbirində söylədiyi fikri xatırladır. O, Əliyev rejiminin Tofiq Qasımovun, o cümlədən Azərbaycan müxalifətinin, İsgəndər Həmidovun ömrünün son 25 ilini oğurladığını iddia edir: "İsgəndər bəyin 1995-ci ildə həbs edilməsini, 10 ilə qədər həbsdə qalmasını nəzərə alsaq, onun da həyatından bütöv dövr oğurlanıb".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu İsgəndər Həmidov haqda bunları deyir: "Mənə yaxın, çox istədiyim insandır, həm yaxşı hərəkatçı, həm də gözəl insan, gözəl ata, xanımına gözəl ər olub. Necə dəyərləndirə bilərəm onu? Hərəkfatçı kimi də sadiq, Azərbaycanı sevən, millətçi bir insan..."
Hüquq müdafiçisi keçmiş nazirlə bağlı bir xatirəsini bölüşür. İsgəndər Həmidov bir gün onlara "yığışın, sizi aparıram Çeçenistana, Cövhər Dudayevlə danışmışam, sizi onunla görüşdürəcəm" söyləyir və bundan sonra rəfiqəsi ilə səfərə hazırlaşırlar.
"Amma tapşırdı ki, çirkli, köhnə paltar geyinin ki, yolda sizə söz deməsinlər. Köhnə pal-paltar yığdıq, peraşki bişirdik... Səhər tezdən hazırlaşıb yolunu gözləyirik. Səhər saat 9 oldu, 10 oldu, 11 oldu xəbər çıxmadı. Zəng vurduq həyat yoldaşı Rəna xanıma. O da deyir: "Siz nə danışırsız? İsgəndər idman zalındadır". Sonra deyirik: "Yekə kişisən, bu nə işdi?" Cavab verdi ki, mən heç sizi ora aparardım?.. Çox gözəl insan idi".
Etiraf
"Milisioner hara, milli azadlıq hərəkatı hara? Məni bu mənada ədəbiyyat yetişdirdi", müsahibələrinin birində İsgəndər Həmidov demişdi.
O, iki oğul atası idi. Həyat yoldaşı Rəna xanım isə bir neçə il öncə xərçəngdən vəfat etmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib