Dərc edilib: 04-03-2020

https://www.nuh.az/23084-.html

Xəzər Aslanov və Yardımlı şəhərində AFTAFA problemi

04.03.2020 13:08:10

Region

Xızının indiki icra başçısı Xəzər Aslanovdan söhbət düşəndə yadıma  qeyri-ixtiyari  “ictimai tualet”  düşür.

 

Oxucular düşünəcək ki, Xəzər Aslanovun “ayaqyolu” ilə   nə əlaqəsi ola bilər.

 

Xəzər müəllim inciməsin. Bir dəfə Xəzər müəllimin 7 il ( 2006-2012) icra başçısı     olduğu Yardımlı rayonuna  yolumuz  düşdü. Daha doğrusu, rayonun inzibati mərkəzi olan Yardımlı şəhərində tədbirdə iştirak etməli olduq. Təsəvvür edirsiniz rayonun inzibati mərkəzində, uzun illər şəhər tipli qəsəbə olan, 2008-ci ildən isə  ölkə rəhbərliyinin sərəncamı ilə ŞƏHƏR statusu alan YARDIMLI-da yüngül təbii tələbatı ödəmək üçün tualet tapa bilmədik.Qonaqlar utana-utana ağacların arxasına keçir, divarların dibinə ...qısılırdırlar.


Bu mənzərəni görəndə dəhşətə gəldim. Əcəba, rayonun icra başçısı Xəzər Aslanov başa düşmür ki, XXI əsrdə ŞƏHƏR statusu daşıyan, rayonun İNZİBATİ MƏRKƏZİ olan yerdə ictimai tualetin olmaması ağlasığan məsələ deyil. Axı, bura ucqar kənd-kəsək deyil, müasir şəhərdir.

Elə o vaxtdan Xəzər müəllim mənim yaddaşımda “divar dib”-aftafa  kimi qaldı.  

Sonralar  Xəzər Aslanov Yardımlını qara günə qoyub, Allah qoymasa  Xızı rayonuna icra başçısı gəldi. Bax o gündən də Xızının, daha doğrusu, xızılıların qara günü başladı.

Xızı ilə, daha doğrusu Xəzər Aslanovun və onun “rüşvətxor komandası” ilə bağlı əlimizin altında nəinki bir redaksiyanın, hətta böyük istintaq qrupunun aylarla araşdıracağı material olduğu üçün 1-2 yazı ilə məsələni bitirməmək qərarına gəldik.

Həqiqətən də o qədər dəhşətli materiallar var ki, hardan başlayıb harda qurtarmaq müşkül işdir.

Bu rayonun neçə “xozeyini” var ?

Arzu, Azər, Bahadur, Namiq və daha kimlər. Əməlli-başlı mütəşəkkil  dəstə. 

Düzdür, baş xozeyin Xəzər Aslanovdur.

Digər məsələləri növbəti yazıya saxlamaqla indi Xəzər Aslanovun diplom məsələsinə nəzər salaq.

Cənab icra başçısının həyat yolu, yəni rəsmi  aftafabioqrafiyasında yazılana görə, gənc Xəzər orta məktəbi bitirən kimi 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə işləmiş, bir neçə ay sonra Bakı şəhər Məhkəməsində katib işləmişdir.

Yahu, bu gənc südçülük sovxozundan birdən birə Bakı şəhər məhkəməsinin katibi vəzifəsinə  necə sıçradı ?

Neçə ildir ölkə mətbuatında Xəzər Aslanovun ali təhsil diplomunun olmaması ilə bağlı yazılar dərc olunur. Bu barədə əlimizdə rəsmi sənəd yoxdur. Amma Xəzər Aslanovun ali təhsil diplomu varsa, qoysun ortaya, niyə gizlədir ?

Xəzər müəllimin müavini Arzu Əzizov mətbuata bildirib ki, başçı Aqrar Universitetin “Politologiya” fakültəsini bitirib. Poltologiya hara, Aqrar universitet hara ?

Arzu Əzizov jurnalistin “Başçı neçənci illərdə universitetdə oxuyub?”  sualına cavab verməyib.

Görəsən, Xəzər Aslanovun hansı ali məktəbdə və neçənci illərdə oxuması dövlət sirridir, yoxsa məxvi hərbi məlumatdır.

Bir sözlə, Xəzər Aslanovun hər işi qara-quradır. Bunu aydınlatmaq və cəmiyyətə doğru-düzgün çatdırmaq isə medianın işidir.

Elə cənab Prezident İlham Əliyev də mediadan bunu tələb edir.

Növbəti yazıda Xəzər Aslanovun və onun yaxın ətrafının vətəndaşlara məxsud torpaq sahələrini “sürüşdürməsindən”, torpaqların bir neçə nəfərə satılmasından və başqa ciddi məsələlərdən bəhs edəcəyik.

Bizi izləyin. NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib