Dərc edilib: 20-03-2020

https://www.nuh.az/23386-.html

Vüqar Səfərlinin son günləri: Çemodanı yığılıb

20.03.2020 20:42:37

Müsahibə

Prezidentin sabiq köməkçisi Əli Həsənov istefaya göndəriləndən sonra ona yaxınlığı ilə tanınan adamların fəaliyyəti tədricən arxa plana keçdi. Həsənova bağlılığı şübhə doğurmayan KİV-lərin bir-birinin ardınca sıradan çıxması ölkənin mətbu mühitində yeni mənzərə yaratdı. 
Yenisabah.az   xəbər verir ki, məşhur "trol dəstəsi”nin ifşası bu prosesi bir qədər də sürətləndirdi. Yaxın vaxtlaradək Həsənovçu kimi tanınan adamlar keçmiş şöbə müdiri ilə məsafə saxlamağa başladılar. Martın 10-da 60 yaşını qeyd edən Əli Həsənovun yalnız bir qrup sıravi juranlist tərəfindən təbrik edilməsindən sonra Azərbaycanda onun adıyla bağlı dönəmin başa çatdığına heç bir şübhə qalmadı.
Əli Həsənovun istefaya göndərilməsindən sonra "ulduzu sönən” adamlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlidir. Mətbuata ayrılan pulları uzun illərdən bəri havaya sovurmaqla məşğul olan icraçı direktorun yol üstündə olduğu bildirilir. Öz postunu qorumaq üçün ağlasığmaz üsullara əl atan Səfərlinin bütün cəhdlərinin boşa çıxdığı söylənilir. Sözsüz ki, bura ilk növbədə Həsənovlara məxsus olan "Kaspi” qəzetinə KİV Fondu tərəfindən ayrılan vəsaitin dayandırılması daxildir. Amma mətbu sferada şok effekti yaradan bu qərar belə Vüqar Səfərlinin karyerasını təhlükədən xilas edə bilməyib. Öz hamisinin kürəyinə ilk fürsətdə xəncər saplayan icraçı direktorla heç kimim işləmək istəmədiyi açıq şəkildə ortadadır.
KİV Fondunun lazımsız quruma çevrildiyinə artıq heç bir şübhə qalmayıb. Son vaxtlar bu Fondun demək olar ki, heç bir əməli fəaliyyəti olmayıb. Məlum olduğu kimi, KİVDF-nin bütün fəaliyyəti qəzetlərə pul vermək, fərdi jurnalist müsabiqəsi keçirmək, həmişə eyni adamların iştirakı ilə xarici ölkələrə turist səfərləri təşkil etmək və bayram tədbiri keçirməkdən ibarət olub. 
Vüqar Səfərli "oyundankənar vəziyyət”ə salındığı üçün hazırda heç bir səmərəli işlə məşğul deyil. Həmişə Novruz bayramı ərəfəsində elan olunan yazı müsabiqələri bu il keçirilmədi. Novruz şənliyinin keçirilməməsinin koronavirus infeksiyasının yayılmasıyla heç bir əlaqəsi yoxdur. Adətən, bu cür tədbirlərə iki ay əvvəldən hazırlıq görülürdü. Görünür, Səfərli yoldaşa büdcə vəsaitini dağıtmamaqla bağlı xəbərdarlıq edildiyi üçün bu il yumurta döyüşdürmək niyyətindən vaz keçib.
Məlumatlara görə, KİV Fondunun 2020-ci ilə dair fəaliyyət proqramında heç bir səfər nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Vüqar Səfərli daha bir fəaliyyət növündən məhrum olub.
Hazırda KİVDF-nin fəaliyyəti bu qurumdan maliyyə alan qəzetlərin icra etdikləri layihələri monitorinq etməkdən ibarətdir. Bu isə formal xarakter daşıyır və heç bir təsir imkanına malik deyil. Həmin layihələrin başa çatmasına üç-dörd ay vaxt qaldığını nəzərə alanda, Fondun tamamilə lazımsız quruma çevrildiyi anlaşılır.
Hadisələrin inkişafı KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin "yol üstə” olduğunu söyləməyə əsas verir. İTV-nin efirində Səfərlinin və rəhbərlik etdiyi qurumun tez-tez tənqid olunması, Dadaş Dadaşlinskinin müəllifi olduğu "3D” verilişinin qonaq otağında onun axtarışda olan şəxs kimi təqdim edilməsi bu qənaətin tezliklə doğrulacağına şübhə yeri qoymur.
 
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib