İcazə verməsəm, qızım geyimini dəyişməz”
“Qayınatam istəmirdi ki, aktrisa olum. Həyat yoldaşım dedi ki, yox, olacaqsan. Bir il dost, qonşu olmuşuq, sonra mənə evlənmək təklif etdi. Bir il də mən fikirləşdim, sonra qərar verdik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynallı MTV-də yayımlanan “Söhbətsiz” proqramına qonaq olarkən deyib.
Sənətçi verilişdə şəxsi həyatı, əkizləri Səbinə və Lalə haqqında danışıb: “Yeniyetməlik dövründə adətən qızlar kürəklərini əyir. Mənim qızlarım da hündürdülər, kürəklərini əyirdilər. Qızım dedi ki, modellik məktəbi var, orada gedib düzgün yeriməyi öyrənə bilərik. Mən də razılaşdım, amma dedim ki, qamətini düzəltmək, sırf sənət yox, hobbi kimi get.
Qızlarımın biri Azərbaycan Dillər Universitetində, digəri isə Azərbaycan Dövlət İqtisad Universitetində oxuyur. Mənim sahəmdən uzaq bir peşə seçiblər, amma dərnəklərə gediblər, uşaq-gənclər festivallarında iştirak ediblər. Yaradıcı qızlardır, çox gözəl rəsm çəkirlər, yaradıcı işlərlə məşğul olurlar. Biri şeir yazır. Hərdən özüm onun şeirlərinə təəccüblənirəm.
Onlara sərbəstlik vermişəm. Amma bu o demək deyil ki, hər istədiyini edə bilərsən. Biri Almaniyada idi, görüntülü danışırdıq. Qayıtdı ki, ana, olar sabah bu köynəyi dəyişim? Yanımda rəfiqələrim mənə təəccüblə baxdılar. Dedilər ki, necə yəni, səndən köynəyi dəyişmək üçün icazə istəyir? Dedim ki, icazə verməsəm, geyimini dəyişməz. Baxmayaraq ki, ayrı ölkədədirlər, daha rahatdılar, amma yenə nəzarətdədilər”.