Qarabağda şəhid olan həkim Xəlil Rzanın nəvəsi deyil (AÇIQLAMA)
Sosial şəbəkələrdə Xəlil Rza Ulutürkün həkim nəvəsinin şəhid olması barədə məlumat yayılıb.
Yenisabah xəbər verir ki, paylaşılan bu məlumatda Turqut Xəlilbəyli adlı həkimin yaralı əsgəri döyüş meydanından çıxararkən qəhramancasına şəhid olduğu vurğulanıb. Qeyd olunub ki, o, Dağlıq Qarabağın azadlığı uğrunda hazırda gedən döyüşlərdə şəhid olan ilk həkimdir.
Bu xəbərlə bağlı Xəlil Rza Ulutürkün bacısı oğlu, tanınmış aktyor Kamran Yunis status paylaşıb. O, şəhidimizə Allahdan rəhmət diləyərək bildirib ki, soyadları eyni olsa da mərhum Xəlilbəylilər ailəsinin üzvü deyil.
Xatırladaq ki, Xəlil Rza oğlu Təbriz Xəlilbəyli də 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Ona Azərbaycanın Milli Qəhramanı adı verilib.