Qarabağ qazisinin qardaşı Qoşqar Təhməzliyə müraciət etdi
Vətəndaş Əsədov Əbülfət Əsgər oğlu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə müraciət edib.
Müraciətdə deyilir:
Cənab Sədr !
Mən Qida Agentliyi yaradılanda 1 il 6 ay müqavilə əsasında AQTA-da işləmişəm. Özüm də ali təhsilli baytar həkiməm. Sonra müqavilə başa çatdığı üçün işsiz qaldım.
Cənab Sədr !
Sizə müraciət etməkdə məqsədim odur ki, Tərtər rayon sakini olan qardaşım Əsədov Qənbər Əsgər oğlu 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak edib, Qarabağ qazisidir. Sonuncu müharibədə qəlpə yarası alıb və ayağı amputasiya olub. Qardaşım 6 nəfərlik ailəsində yeganə işləyən olub və hazırda əlildir. Və öz ailəmlə bərabər qardaşımın ailəsinə də mən maddi cəhətdən baxıram.
Cənab Sədr!
Hazırda işsiz olduğum üçün bu çətinliyin öhdəsindən gələ bilmirəm. Sizdən xahiş edirəm ki, əvvəl işlədiyim AQTA-da işlə təmin olunmağıma kömək edəsiniz. Siz bununla bir Qarabağ qazisinin ailəsinə dəstək vermiş olarsınız.
Hörmətlə, Əsədov Əbülfət Əsgər oğlu