Dərc edilib: 02-04-2021

https://www.nuh.az/28382-.html

DGK-nın yığdığı hər manat mənim cibimdən..

02.04.2021 14:34:45

İqtisadiyyat

 

"Gömrük Komitəsinin yığdığı hər manat mənim, vətəndaşların cibindən gedir”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin komitənin cari ilin yanvar-mart ayları üzrə büdcə öhdəliyi ilə bağlı mətbuata açıqlamasını şərh edərkən deyib. Ekspert komitəni vətəndaşları incitməkdə ittiham edib: 
"Guya mesaj verir ki, baxın ha, daha düz işləyirik, çox pul yığırıq, bizə dəyməyin, ləğv etməyin, super nazirliyə birləşdirməyin. Bu da absurddur. Çünki Gömrük Komitəsi insanların canını boğazına yığıb. Bütün növ mallara xaricdə alınan RƏSMİ qaimələri (invoice) tanımır, özündən hoqqa çıxardıb mala qiymət qoyur, şişirdilmiş qiymətlə rüsum hesablayıb insanları yükləyir, sonra da çıxıb pandemiya, iqtisadi aktivliyin azaldığı dövrdə daha çox pul yığdığını deyir. Birdəfəlik bilin, iş adamı rüsumu cibindən vermir, bütün xərcləri malın qiymətinin üzərinə gəlir, son ödəyici vətəndaş olur. Siz yuxarıların xoşuna gəlmək üçün camaatdan plandan artıq yığdığınız pula görə bazarda qiymətlər də artır”.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mətbuata açıqlamasında yanvar-mart aylarında büdcə öhdəliyini açıqlayıb. O bildirib ki, "Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119,55 % əməl edib. Nəzərdə tutulan proqnozdan əlavə 153,5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub". 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib