Dərc edilib: 11-06-2021

https://www.nuh.az/29007-.html

Surət Hüseynova qarşı əməliyyatı Etibar Məmmədova kim...?

11.06.2021 00:36:50

Günün sitatı

“Ona bizim partiyanın qərargahını mühasirəyə alaraq məni bir siyasi lider kimi təcrid etmək də tapşırılmışdı...”

 

  28 il öncə baş vermiş Gəncə hadisələrindən iki gün öncə, yəni 1993-cü il iyunun 2-də AMİP lideri Etibar Məmmədov Milli Məclisin iclasında bəyan edib ki, hakimiyyətin Surət Hüseynova qarşı əməliyyat planlaşdırdığı haqda məlumat alıb. Maraqlıdır, görəsən, o zaman iqtidara müxalifətdə olan bir partiyanın lideri kimdən alıb həmin informasiyanı? Yəqin ki, bu məlumatı AXC hakimiyyətində yüksək vəzifədə olan şəxslərdən biri və ya onların yaxınları çatdırıb... Moderator.az əməkdaşının bununla bağlı sualına cavabında istiqlalçı deputat belə deyib: “Bəli, 1993-cü il iyunun 2-də ondan bir neçə gün öncə aldığım məlumatı Milli Məclisin iclasında elan etmişəm və bildirmişəm ki, belə bir əməliyyat hazırlanır. Ancaq xəbərdarlıq etmişəmki, bu, yaxşı nəticələrə gətirib çıxarmayacaq və bunu dayandırmaq lazımdır. Və ondan sonra da o vaxtkı Baş nazir Pənah Hüseynovla görüşüb ona da xəbərdarlıq etmişəm. Ancaq onlar nəticə çıxarmaq əvəzinə, iyunun 4-dən 5-ə keçən gecəyə hazırlanmış əməliyyatı bir gün əvvələ şəkib 3-dən 4-ə keçən gecə həyata keçirməyə çalışdılar. Nəticə də çox pis oldu. Hakimiyyətdəkilər anlamalıydılar ki, əməliyyat haqda öncədən xəbər yayılmışdısa, deməli, bu, qarşı tərəfə də məlumdur, odur ki, uyğun tədbirlər görmək gərəkdir. Lakin heç bir tədbir görmədilər. Və ikincisi isə, həmin hadisələr əgər hansısa konkret hərbi hissədə qiyam nəticəsində baş vermişdisə, bu, rəsmiləşdirilməli idi. Ancaq indiyədək heç kəs Gəncədə hərbi hissənin tabeçilikdən çıxması haqda bir sənəd görməyib. Elə bir sənəd yoxdur. Halbuki həmin sənəd əsasında tabeçilikdən çıxmış hərbi hissə barədə qanuni tədbirlər elan olunmalı idi. Bunların heç biri edilməyib və nəticədə idarəçilikdə də pərakəndəlik yaranıb və bu da az qala yenicə yaranmış müstəqil dövlətin çökməsinə gətirib çıxaracaqdı...” Məcburən təkrar verilən “Sirr deyilsə, kim vermişdi sizə o məlumatı?”oxşar sualını isə Etibar Məmmədov bu cür cavablandırıb: “Bəhs edilən əməliyyatda iştirak edəcək hərbi hissə komandirlərindən biri... Ona bizim partiyanın qərargahını mühasirəyə alaraq məni bir siyasi lider kimi təcrid etmək də tapşırılmışdı...”

NUH informasiya agentliyi səhifəsindən çap edilib