Dərc edilib: 28-10-2021

https://www.nuh.az/30656-.html

İndi topumuz da var, topxanamız da, hələ üstəlik Zəfər Yolumuz da

28.10.2021 16:15:31

Cəmiyyət

Azərbaycanın tarix boyu belə  güclü ORDU-su və belə müasir, rahat  ZƏFƏR  YOL-u olmayıb…

 

ORDU  və  YOL  milli təhlükəsizlik  məsələsidir…

 

Allah  cəmiyyətimizi  YOLSUZ-luqdan  qorusun..

 

1991-ci ildə SSRİ  dağılanda və Azərbaycan öz müstəqilliyini bəyan edəndə  YENİ  dövlət qurmaq  üçün lazım olan bütün qurumlar, nazirliklər ( səhiyyə, təhsil, rabitə, daxili işlər, milli təhlüksizlik, kənd təsərrüfatı, maliyyə və s ), hətta formal da olsa Xarici İşlər Nazirliyimiz də var idi.

Yeganə olmayan qurum Müdafiə Nazirliyi, Milli Ordu idi. Yəni ən böyük problemimiz Milli Ordumuzun olmaması idi.

Bir də, çoxlarına  qəribə görünsə də   YOL-suzluq problemimiz var idi. Yol məsələsinə bir az  sonra qayıdacam…

Bir sözlə, HƏR ŞEYİMİZ  olsa da, dövlətin və millətin varlığı üçün ƏN ZƏRURİ, ƏN VACİB  olan Ordumuz, rəhmətlik Kərbəlayi İsmayıl demişkən, “Topumuz, topxanamız” yox idi.

Yeri gəlmişkən, “Axırıncı aşırım”ın müəllifi  yazıçı  Fərman Kərimzadənin yaradıcılığına və şəxsiyyətinə dərin hörmətimlə bərabər, onun “Topumuz, topxanamız olmasa da, namusumuz  var”  fikrinə fərqli yanaşmamı  hələ 20 il əvvəl yazıb bildirmişəm.

Təvazökarlıqdan uzaq olsa da zaman mənim düşüncəmi təsdiq etdi. Və bizi  30 illik əsarətdən, milli rüsvayçılıqdan, mağmınlıqdan, milli rəzalətdən  Ordumuz və Müzəffər Ali Baş Komandanımız xilas etdi.

Yəni  20 il əvvəl də düşünürdüm ki, öz  Ordusu, gücü-topu-topxanası olmayan  millətin nəinki torpaqları, hətta qız-gəlini də əsir-yesir olar.

Axı,  “…NAMUSUMUZ  VAR , BƏY”  deməklə namus-qeyrət  olmur.

Əslində 90-cı illərdə Qarabağ məsələsində uduzmağımızın səbəblərindən biri, bəlkə də birincisi Milli Ordumuzun olmaması idi.

İndi isə  keçək YOL məsələsinə.

Mən yazının  girişində ORDU  ilə bərabər YOL məsələsini əbəs yerə qeyd etmədim. 

Müharibə  edən ölkə üçün ORDU qədər YOL-un vacibliyini izah etməyə ehtiyac görmürəm. Hətta 1-ci  Qarabağ  müharibəsində  mülki əhali YOL tapmadığı üçün əsir düşürdü.  

Çox təəssüf ki, bizim bir ölkə olaraq onilliklər  boyu ən ağrılı yerimiz YOL məsələsi olub. Yəqin ki, sovet dövründə yaşayanlar bunu  yaxşı bilir.

Biz azərbaycanlılar sovet dövründə həmişə Ermənistanın nəinki şəhər, hətta dağ kəndlərinə çəkdiyi yollara həsədlə, paxıllıqla baxırdıq. Onların yolları ilə müqayisədə bizim kənd, rayon, hətta şəhər yollarımız çox keyfiyyətsiz idi.

Qubatlıdan, Laçından sonra Gorusun, Zəngilandan sonra Qafanın dağ yollarını görəndə məəttəl qalırdıq: nə üçün bizim belə yollarımız yoxdur. İndi düşünürəm ki, bəlkə də ermənilər  müharibəyə o zamandan hazırlaşırdı və bizdən fərqli olaraq müharibədə YOL-un strateji  əhəmiyyətini bilirdilər.

Bir daha qeyd etmək istəyirəm ki, mənim şəxsi düşüncəmə görə, 90-cı illərdə müharibədə uduzmağımızın, torpaqlarımızın ard-arda işğal olunmasının səbəbi ORDU-suzluq  və YOL-suzluq idi.

Ona görə də, yazının girişində müstəqillik əldə edəndə iki ciddi problemimiz var idi, Ordu  və YOL  yazdım.

Şükür Tanrının böyüklüyünə bu gün Milli Ordumuz var, torpaqlarımız Müzəffər  Ali Baş komandanın rəhbərliyi  altında 44 günlük müharibədə mənfur erməni işğalçılarından azad olunub. Bu gün Ordumuz dünyanın 50 ən güclü ordusu siyahısındadır. Və…

Yenə qayıdıram,  YOL məsələsinə.

Şükür ki, cənab Prezidentin göstərişi  ilə  Saleh Məmmədovun rəhbərliyi ilə “Azəravtoyol”  ASC  ruhumuzun paytaxtı Şuşaya Zəfər yolu çəkir. Bəli, müasir dünya standartlarına cavab verən, rahat, yüksək keyfiyyətli yol. Nəhayət, təkcə Şuşaya deyil, Kəlbəcərə, Laçına, Zəngilana, Qubatlıya, Füzuliyə, Cəbrayıla, Xocavəndə gedən müasir, rahat yollarımız  olacaq. 

Söhbət YOL-dan düşmüşkən…

...Həmişə yadıma 90-cı illərin hay-küylü, hadisələri düşür. Kimin əlinə Azadlıq meydanında mikrofon düşürdüsə, tez bu sözləri deyirdi: 

“ Müstəqil olsaq...neftimiz-qazımız özümüzə qalsa...YOL-larımız, asfaltımız 5 sm qalınlığında qızıldan olar”. Əlbəttə, bunlar Meydan havasında deyilmiş sözlər idi…

Bəli, müstəqil olduq, neftimiz-qazımız özümüzündür və s.

Asfaltımız  5 sm qızıldan olmasa da insaf, obyektivlik naminə etiraf edək ki, 70 illik sovet dövründəki yollarımızla müqayisədə bu gün yollarımız müqayisə olunmaz dərəcədə rahat və keyfiyyətildir.

Bilirəm, mənimlə razlaşmayanlar, “ filan yol çökdü…bəs korrupsiya-filan..”  deyənlər olacaq.

Mən demirəm ki, hansısa yol çökməyib, problem yoxdur, neqativ hallar, korrupsiya-filan yoxdur. Amma hər cür müqayisə qüsurludur deyilsə də, hər şey müqayisədə bəlli olur.

Bəli, yuxarıda  qeyd etdiyim kimi 70 illik  sovet dövründə yollarımız digər respublikalarla, Gürcüstanla, Ermənistanla müqayisədə bərbad vəziyyətdə olub. Son illər yollarımız YOL-a oxşayır. Tam məsuliyyətlə deyirəm ki, 70 illik  sovet dönəmində  Azərbaycanda  belə  keyfiyyətli və  rahat  yollar çəkilməyib.

Mən demirəm ki, yolda korrupsiya, yeyinti-filan yoxdur. Guya səhiyyədə, təhsildə yoxdur ? Hətta Ordumuzun özündə  korrupsiya  halları var. Amma şanlı qələbəmiz də ortadadır.

Əgər  korrupsiya halları olmasaydı, “paçka-paçka”  icra başçıları, nazir, nazir müavinləri, baş həkimlər, məktəb direktorları və s həbs olunmazdı.

Əgər  korrupsiya halları olmasaydı, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi,  Prezident yanında Korrupsiyaya qarşı  Mübarizə  Komissiyası niyə yaradılırdı?

Dövlət başçısı korrupsiyaya  qarşı mübarizə elan edib, cəmiyyətdən dəstək istəyir, ictimai nəzarətin gücləndirilməsini istəyir.

Bunu  hamı bilir və heç kim inkar etmir.

Amma etiraf etməliyik ki, səhiyyəmiz  sovet dövründə olduğu kimi hamı üçün əl çatan deyil. Qarnı ağrıyan xaricə qaçır, həkim sağ ayağın əvəzinə sol ayağı kəsir və deyir ki, mexaniki səhv olub.

Düzdür, bu gün səhiyyəmiz ən müasir tibbi avadanlıqlarla təmin olunub, amma xidmət səviyyəsi sovet dönəmindən çox aşağıdır və ən əsası hamı üçün əl çatan deyil, biz sovet dövründə pulsuz səhiyyə, pulsuz təhsil görmüşdük. Bu gün hansı imkansız adam ildə övladı üçün 4-5 min təhsil haqqı ödəyə bilər ?

Neçə-neçə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən uzaqlaşdırılıb.

Hanı yüz min tonlarla pambıq, üzüm, tütün, çay, barama istehsal edən Azərbaycanın aqrar sahəsi…

Hanı minlərlə fəhlənin çalışdığı zavodlar, fabriklər, Azərbaycan sənayesi ?

Mən başa düşürəm ki, SSRİ kimi nəhəng dövlətin dağılmağı ilə iqtisadi əlaqələr qırıldı və s.  Amma hər şeyi olmasa da çox şeyləri qoruya bilərdik.

Bu yazını yazmaqda məqsədim odur ki, gəlin qorumağı öyrənək. Hər şeyi qaralamaqla, hər şeyin üstündən xətt çəkməklə, hər şeyi inkar etməklə hara gedə bilərik ?

Hər şeyi qaralamaq, hər şeyi inkar etmək özü də bir cürə YOLSUZ-luqdur. 

Əlinə qələm-klaviatura keçənin  YOL-larımızı   pisləməsi başa düşülən deyil.

Bir şeyi başa düşmək lazımdır ki, loru dildə desək, adamın prokurora, məhkəməyə, həkimə, polisə, lap Gömrük Komitəsinə, Vergi Xidmətinə  ömründə 1-2 dəfə işi düşə bilər.

Amma adam yaşından, vəzifəsindən, mindiyi nəqliyyatın növündən asılı olmayaraq hər gün  YOL-dadır, hər gün, az qala hər saat YOL  gedir. Deməli, yolda nöqsan tapmaq çox asandır. Amma görülən işləri də görmək, çəkilən zəhmətə də dəyər vermək lazımdır.

Məqsədimiz nə cənab Saleh Məmmədovun, nə də onun rəhbərlik etdiyi qurumun -"Azəravtoyol"un  işini tərifləmək deyil.

Yol da digər sahələr  kimi  sadaladığım problemlərdən xali deyil, amma ortada iş var, əməl var, ciddi nəticə var.

Unutmayaq  ki, 5 ulduz otelə, bahalı istirahət kompleksinə, yüksək ödənişli təhsilə, bahalı  səhiyyəyə  hamının əli çatmaya bilər, yəni obrazlı desək BİZİM OLMAYA bilər.

Amma ölkənin yolları BİZİMDİR, HAMIMIZ  ÜÇÜN  ƏLÇATANDIR.

Təsəvvür edin ki, eyni yolla Prezident  də, nazir də, təqaüdçü də, məktəbli də, hətta ən imkansız sürücü də gedir. Yolun digər sahələrdən ən əsas fərqi budur.

Ona görə də yollarımızla  bağlı görülən işlərə tənqidi yanaşmaq olar, amma hər şeyi qaralamaq, görülən işlərin üstündən xətt çəkmək, hər şeyi inkar etmək olmaz.

 

YOL həm də milli təhlükəsizlik  məsələsidir. 

Dünya statistukası  sübut edir ki, yollarda avtoqəzalardan ölənlərin sayı, müharibələrdə ölənlərdən  çoxdur.

Deməli, rahat və keyfiyyətli yollarımız həm də millətimizin təhlükəsizliyi deməkdir.

Yazının sonunda bir məsələni də qeyd edim ki,  YOL  Azərbaycan xalqı üçün təkcə kommunikasiya, yalnız mədəniyyət deyil, həm də əxlaqdır, mənəviyyatadır. Xalqımız əbəs yerə YOLSUZ , YOLUNU AZAN ifadəsini işlətmir. 

Cəmiyyət YOLSUZ olanda böyük fəlakətlə üz-üzə qalır.

Allah millətimizi və dövlətimizi YOLSUZ-luqdan qorusun.

 

Baş  redaktor  Kamran Məhərrəmli  



NUH informasiya agentliyi səhifəsindən çap edilib