Dərc edilib: 20-12-2020

https://www.nuh.az/30811-.html

Gəlin, qorumağı öyrənək ...

20.12.2020 13:29:56

Cəmiyyət

“Yeni qəzet+”in baş redaktoru

[email protected]

 

Kamran Məhərrəmli  2009-cu il

 

Gəlin, qorumağı öyrənək

 

Bizim problemimiz təkcə demokratiya problemi deyil, insan problemidir     

 

Bir neçə ay əvvəl təcrübəli təhsil işçilərindən biri ilə söhbət edirdik. Ömrünün çoxunu Azərbaycan təhsilinə həsr etmiş qocaman müəllim təhsilimizdəki problemlərdən ağızdolusu danışırdı. Cavan və səbrsiz dostlarımdan biri qəfildən “Bəs Misir Mərdanov hara baxır” deyə ondan soruşdu. Bayaqdan təhsildəki problemlərdən yana-yana danışan ağsaçlı müəllim dostumun sualına heç birimizin gözləmədiyi bir cavab verdi: Yaxşı ki,  təhsilimizin başında Misir müəllim durur. Onun yerinə başqa biri  olsaydı, təhsilin nə vəziyyətdə olacağını təsəvvür edirsiniz?

Düzü hamımız təəccübləndik. Bu boyda problemləri sadalayan da və naziri tərifləyən də eyni şəxsdir. Həm də qarşımızda oturanın təcrübəli müəllim, obyektiv insan və Misir Mərdanovdan heç bir asılılığı olmayan bir ləyaqət sahibi olduğunu bilirdik. Təəccübümüzü hiss edən müəllim bizə bəzi mətləbləri xırdalamağa başladı və sonda “Vallah, mən Misir müəllimi “təmizə çıxarmaq”, ona vəkillik etmək fikrində deyiləm, ancaq acı reallıq belədir. Həm də biz həmişə işin ən yaxşı tərəfini düşündüyümüz kimi ən pis tərəfini də fikirləşməliyik” dedi. Müsbət obrazlı Azərbaycan naziri ilə “ilk tanışlığım” beləcə başladı. Amma yenə məndə müəyyən şübhələr və tərəddüdlər qaldı.

...Və bu yaxınlarda Təhsil Nazirliyində işləyən tanışımla  görüşmək üçün nazirliyə getmişdim. Gördüyüm mənzərə düzü məni xeyli təəccübləndirdi və elə o anda bir neçə ay əvvəl qocaman təhsil işçisinin dedikləri yadıma düşdü.

Təhsillə bağlı problemi olan onlarla tələbə, məzun, valideyn nazirliyin qabağına yığışıblar. Polislər isə onları nazirliyin qəbul otağına sarı yönəltmək istəyir. Bu zaman bir xarici maşın nazirliyin qarşısında dayanır və cangüdənsiz-zadsız  Misir Mərdanov qoltuğunda papka avtomobildən düşüb bütün şikayətçiləri elə qapının ağzındaca ayaqüstə qəbul edib mehribancasına hər birinin problemi ilə tanış olur və şikayətçilər razılıqla uzaqlaşırlar. Açığı gördüklərim məni xeyli təsirləndirir. Son neçə ildə axır ki, bir normal nazirə, əslində Azərbaycan reallığında “anormal nazir”ə rast gəlirəm. Bu necə nazirdir cangüdəni, mühafizəsi-zadı yoxdur?

Bu necə nazirdir sifətindən zəhrimar  yağmır? Bu necə nazirdir ki, şikayətçiləri nazirliyin binasının qarşısındaca qəbul edir, az vaxtda kiminsə problemini həll edə bilir, kiminsə problemini həll edə bilməsə də yollarını göstərir və ən maraqlısı odur ki, hamı razılıqla çıxıb gedir. Və öz-özümə fikirləşirəm ki, ən böyük problem vətəndaşın problemini həll edib-etməmək deyil. Axı heç kim hamının dərdinə çarə tapa bilməz. Amma ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Doğrudan da heç bir nazirin, o cümlədən Misir Mərdanovun sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının problemini həll etsin. Amma nazirin borcu vətəndaşları qəbul etmək, onları dinləmək, qarşısındakını insan kimi qəbul etməkdir. Bu artıq bizim insanların probleminin həllinin yarısı deməkdir. Çünki bizim ölkədə ən böyük defisit insani münasibətdir. Bizim insanlar məmurlarımızdan çox şey ummurlar, sadəcə insani münasibət görmək istəyirlər. Mən belə münasibəti ilk dəfə Təhsil Nazirıiyinin qarşısında hiss etdim. Qəribədir ki, bu nazirliyin qarşısındakı polislər də digər dövlət qurumlarının qarşısında qulluq edən polis qardaşlarımızdan xeyli fərqlənir. Nazirlikdə qəribə bir demokratik ab-hava, aura var. Bəlkə də hansısa Avropa ölkəsində cənab nazirin bu hərəkəti adidən də adi bir şeydir, normadır. Ancaq biz belə adi şeylə qarşılaşanda sanki möcüzə ilə qarşılaşırıq. Ona görə də yazdıqlarım əsla Misir müəllimi tərifləmək deyil.

Bir idarə rəisinin qəbuluna düşməyin dəhşətli bir problem olduğu, nəinki yüksəkçinli məmurun, hətta bozbaş müğənnilərinin, az qala JEK rəisinin cangüdənlə gəzdiyi, burnunu dik tutub özündən razı yeridiyi bir məmləkətdə  nazirin özünü belə sadə aparması doğrudan da məni bu yazını yazmağa vadar etdi.

 

Bir-birimizdən iyrənə-iyrənə hara gedirik ?

 

Bir neçə ay əvvəl qəzetlərin birində tanınmış şair, yüzlərlə könül oxşayan lirik mahnının müəllifi Baba Vəziroğlunun müsahibəsini oxudum. Baba müəllim müxbirin “Yerli telekanallardan niyə narazısınız” sualına “Bizim telekanallara baxanda iyrənirəm, ürəyim bulanır” cavabını vermişdi. Baba müəllim dedi- demədi onsuz da telekanallarla bağlı problem hamıya məlumdur. Ancaq şeirləri, mahnıları ilə ürəkləri fəth etmiş bir şairin cavabı məni xeyli düşündürdü.  Axı telekanaldan necə iyrənmək olar? Əslində söhbət telekanalda çalışan yüzlərlə insandan gedir. Fikirləşdim ki, biz bir-birimizdən iyrənə-iyrənə, bir-birimizi iyrəndirə-iyrəndirə, bir- birimizin üzünə, çörəyinə, suyuna, şərəfinə, ləyaqətinə tüpürə-tüpürə hara gedirik?

Ölkədə bütün günləri yalandan “Sevgililər günü”, “Sevgi günü” elan etsək də, səhərdən-axşamacan məhəbbət mahnıları dinləsək də  xeyri yoxdur. Cəmiyyətdə sevginin, mərhəmətin, qayğının özü olmalıdır, şüarı yox.       

Biz nə vaxta qədər Azərbaycan məmurundan, polisindən, müəllimindən, mollasından, hakimindən, müğənnisindən, şairindən, həkimindən, jurnalistindən iyrənə-iyrənə danışasıyıq. Axı kimlərsə də Baba müəllimin də üzv olduğu Yazıçılar Birliyindən iyrənə bilər. Axı “iyrənmək, ürəyi bulanmaq” problemdən çıxış yolu deyil. Ana öz şikəst, xəstə balasından necə iyrənə bilər? Axı bu şikəst, xəstə cəmiyyət də bizim doğma cəmiyyətimizdir. Bir-birimizdən iyrənməklə, bir-birimizin maskasını və şalvarını çıxartmaqla biz hara gedirik?

Daha maskasını yırtmağa, ifşa etməyə, ələ salmağa, dolamağa obyekt  də qalmayıb. Hər şey şəffaf şəkildə görünür.

Döyüşdə uduzmuş zabiti, əlindən heç bir iş gəlməyən müxalifəti, adına rüşvət dediyimiz 2-3 manata möhtac xırda məmuru nə qədər ifşa etmək, ələ salmaq olar? Nə qədər “paçka-paçka” fahişə həbs etmək, əxlaqsızlıq yuvası aşkarlamaq olar?

Dostlarımızdan birinin  “Mənim silahım nifrətdir” başlıqlı yazısını çox ağrı ilə oxudum. Nifrətin səbəbi mənə aydındır. Ancaq nifrət etməklə nəyisə dəyişmək mümkündürmü? Ona görə də bizə nifrət, qəzəb, ələ salma, ifşaçılıq deyil, real vəziyyətdən çıxış yolu lazımdır. Ancaq mənim dediklərim “uşaqlar, gəlin dost olaq” kimi başa düşülməməlidir. Mən başa düşürəm ki, ifşa etmək, yaxud məddahlıq eləmək cəmiyyət üçün külüng çalmaqla müqayisədə çox asandır.  

Bu gün cəmiyyətimizdə kifayət qədər iqtisadi, maddi problemlər, sıxıntılar var. Mən hələ demokratiya ilə bağlı problemi demirəm. Çünki demokratiya bu gün bütün dünyada ciddi böhran keçirir. Mafioz Berluskoninin, arvadbaz Sarkozinin və digər Avropa liderlərinin simasında. Hələ özümüzün ərəb şeyxlərimizi demirəm. Yəni Azərbaycan cəmiyyətinin problemi təkcə iqtisadi və demokratiya problemi deyil. Başlıca problem insan problemidir. Guya uzun illər yaşadığımız sovet dövlətində demokratiya qıcqırmışdı? Yox. Amma insana əşya kimi, əmtəə, alqı-satqı obyekti kimi baxmaq yox idi.

 

              Bir gül ilə bahar olmaz, amma...

 

 “Hamısı zəmanədəndir” deyib hər şeyi keçid dövrünün, rejimin üzərinə də atmaq olmaz.

Məmurun özünün xarakteri də onun fəaliyyətində ciddi rol oynayır.

Bir neçə il öncə prezident İlham Əliyev Azərbaycan Dövlət Pedoqoji Universiteti kimi nüfuzlu bir təhsil ocağını biabırçı vəziyyətə salmış rektoru vəzifəsindən azad edib Yusif Məmmədovu ADPU-ya rektor təyin etdi. Bir ayın içərisində hər şey büsbütün dəyişdi. Bir ilin, beş ilin içərisində yox, Yusif müəllim universitetin binasına daxil olan ilk gündən hər şey dəyişdi.

Keçmiş və yeni rektor eyni keçid dövrünün, eyni hakimiyyətin, eyni rejimin, eyni prezidentin kadrlarıdır. Bütün problemləri keçid dövrünün, zəmanənin üstünə atmaq səhvdir.

Mən nə Misir Mərdanovu, nə də Yusif müəllimin gördüyü işləri tərifləyəcək dərəcədə sadəlövh deyiləm. Amma ortada az da olsa nümunələr var. Mən başa düşürəm ki, bir gülnən bahar olmaz.

Amma...qaranlıq otaqla barmaq boyda bir şamın yandığı otaq fərqli məkanlardır. Birində göz gözü görmür, adam özünü kor kimi aparır, o birində isə heç olmasa sağ, sol, ön, arxa məlumdur. Sözsüz günün günorta çağı barmaq boyda şamın işığına ehtiyac yoxdur. Amma nə etməli ki, bizdə günorta deyil və cəmiyyətdə nümunə ola biləcək barmaq boyda şamları söndürməklə biz nəyə nail olacağıq? Ona görə də heç olmasa bu az sayda nümunələri gözümçıxdıya salmamalıyıq. Onsuz da belə nümunələrin nə yolla olur olsun vurulub sıradan çıxarılmasında çoxları maraqlıdır. Çünki qurdlar yerini qaranlıq istəyir.

Həm də nümunələr olmayanda hamı düşünür ki, elə belə də olmalıdır və cəmiyyət anormallıqlara alışır və bu normaya çevrilir.

Bütün orientirlərin itdiyi, mizan-tərəzinin pozulduğu cəmiyyətdə hətta bir-iki nümunənin olması mənzərəni dəyişir və bir çoxlarını narahat edir.

Yeri gəlmişkən, bu yazının “qəhrəman”larından biri Yusif müəllim televiziya çıxışında prezidentin ona “ get oranı düzəlt” dediyini söylədi. Aydındır ki, heç bir ölkənin rəhbəri, o cümlədən cənab İlham Əliyev vəzifəyə təyin etdiyi şəxsə “get oranı dağıt” demir. Heç bir prezident rəhbərlik etdiyi ölkənin pis vəziyyətdə olmasını istəməz. Birincisi, heç bir general məğlub ordunun komandanı olmaq istəməz. İkincisi, ölkədə yaxşı və pis nə varsa ictimai rəydə və tarix qarşısında ölkə başçısının adına yazılır. Amma kadrların hər biri öz xarakterinə uyğun olaraq  prezidentin “düzəlt” tapşırığını öz başa düşdüyü kimi icra edir.

Yazının sonunda heç kimə dərs keçmədən, moizə oxumadan üzümü həmvətənlərimə tutub bir az şablon səslənsə də deyirəm ki, gəlin, bir-birimizi qorumağı öyrənək. Onsuz da son 20 ildə o qədər şeyləri dağıtdıq ki, onların bir çoxunu heç vaxt bərpa edə bilməyəcəyik.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib