Dərc edilib: 02-02-2022

https://www.nuh.az/31121-.html

“Həyat yoldaşım 5 gündür COVID-dir, hələ də test götürməyiblər”

02.02.2022 17:20:58

LIVE

“Şənbə günü yoldaşım yüksək temperaturla xəstələndiyində dərhal şübhələndim və 814 qaynar xəttinə zəng elədim. Bir neçə saat musiqi dinlədikdən sonra məlum oldu ki, telefonları musiqiyə calayıb əkiliblər”. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquqşünas Ələsgər Məmmədli öz sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, həyat yoldaşı 5 gündür koronavirusa yoluxsa da, səhiyyə qurumları hələ də gəlib lazımi analiz götürməyiblər. 39 saylı poliklinikanın sahə həkiminə zəng edib, vəziyyəti izah edib və COVID şübhəsi ilə bağlı dərhal test üçün səyyar əməkdaşların yönləndirilməsini xahiş edib:

“Həftə sonu olduğundan işləmədiklərini bildirdilər və bununla bağlı yalnız qaynar xəttə zəng edin dedilər. TƏBİB-in qaynar xəttinə - 1542-yə zəng etdim. Mənə xeyli gözlədikdən sonra operator bildirdi ki, Bakı şəhərinə Səhiyyə Nazirliyi məsuliyyət daşıyır. Onlar da bazar günü işləmir, siz 1-ci gün 814-lə əlaqə saxlayın. Mən hər ehtimala qarşı aptekə gedib, COVID testi aldım və cəmi 3 dəqiqədə müəyyən olundu ki, COVID testinin nəticəsi pozitivdir. Mən bu nəticələrlə bazar günü təkrar 1542-yə və 814-ə zəng edib vəziyyəti izah etdim və xəstənin COVID testinin əslində pozitiv olduğunu, belə halda 1-ci gün məktəbə dərsə gedərsə hər kəsi yoluxdura biləcəyini bildirdim. (Bir tərəfdən də məktəb haqlı olaraq rəsmi portalda qeydiyyat, yoxsa dərsə gəlməlisən deyərək basqı yaradır). Hər ikisinin cavabı mənə bu oldu ki, bazar günü işləmirik, 1-ci gün 9-dan sonra zəng edin”.

Ə. Məmmədli qeyd edib ki, növbəti dəfə sahə həkimi ilə əlaqə saxlayıb, aptekdən alınan testin nəticəsini, işlədiyi məktəbin ünvanını, ev ünvanını və s. zəruri bilgiləri göndərib: 

“Xahiş etdim ki, xəstə COVID-dir və belə çıxması həm mənəvi, həm hüquqi məsuliyyət yaradır. Siz gəlib test götürün. Cavab bu oldu ki, biz Səhiyyə Nazirliyinə məlumat verəcəyik, müraciət edənlər çoxdur, bəlkə 2- günə gələrlər. Təkrar 814-ə zəng etdim. (sırada 42-cisiz deyib başlayan gözləmə) 40 dəqiqə müxtəlif caz musiqiləri dinlədikdən sonra operator xanım "bu gün çox məşğuluq, saat 15-00-dək işləyirik. Siz poliklinikaya müraciət edin" deyib telefonu asdı. Təkrar poliklinika ilə əlaqə saxladım, mənə dedilər ki, biz yazıb göndərmişik, xəstə çoxdur, qalanı bizlik deyil. 2-ci gün də belə zənglər, ötür-ötürlərlə keçdi. 3-cü günə söz verdilər. Bu gün də bütün günü gözləyib, arada bir neçə dəfə 814-ə zəng edib, uzun musiqilər altında terapiya keçdik. 5 gündür şəxsin COVID olduğu bilindiyi halda bu rəzalət davam edir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib