Dərc edilib: 30-03-2022

https://www.nuh.az/31548-.html

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər ifadə verdi

30.03.2022 22:20:30

Maraqlı

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib. 

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Leyla Məmmədova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndirilən şəxsə məxsus lombarda qızıllarını girov qoyub:
"Pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Lombardın qarşısında mənim kimi bir neçə zərərçəkmiş də var idi. Şikayətimdən təxminən 1 ay keçmədi ki Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı şikayətim yoxdur".
Digər zərərçəkmiş Rəna Məmmədovanın sözlərinə görə, Lökbatan qəsəbəsində yerləşən lombarda 5 500 manat dəyərində qızıl girov qoyub:
"Anamın vəziyyəti pis idi Gəncəyə getdim. Faiz ödənişləri etməyə gedəndə lombardın bağlı olduğunu gördüm və hamı kimi mən də polisə şikayət etdim. Orda mən Maqsudu görməmişəm. Hamının qızılları qaytarılsa da mənim qızıllarım hələ də qaytarılmayıb".
Daha sonra məhkəmədə elan olunub ki, M.Mahmudovun işçisi Mədinə İsrafilova hal şahidi qismində məhkəməyə dəvət ediləcək.
Hazırda proses davam edir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib