Dərc edilib: 07-04-2022

https://www.nuh.az/31589-.html

“Etibar Məmmədova görə vətəndaş evsiz qaldı”

07.04.2022 15:13:14

LIVE

“Etibar Məmmədova görə vətəndaş evsiz-eşiksiz qaldı. Biz əvvəlcə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdik. Bu məhkəmə vətəndaşın birotaqlı evlə təmin olunması ilə bağlı iddianı təmin etmişdi”.  


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında vəkil Elçin Sadıqov deyib. O qeyd edib ki, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədova məxsus olan “Orxan-TİT” MTK ilə bağlı Bakı Apellyasiya Məhkəməsində baxılan işdə hakim Xumar Mərdanova iddianı qismən təmin edib:

“Amma həm biz, həm onlar apellyasiya şikayəti vermişdik. Təxminən 7-8 iclas keçirildi və tərəflərə deyildi ki, barışın. Lakin onlar barışmaq istəmədilər. Aprelin 5-də məhkəmə qətnaməsini elan etdi. Vətəndaşa 28 kvadrat metrlik ev verildi. Hansı ki, həmin binada 28 kvadrat metrlik mənzil yoxdur. Sökülən ev ümumi olsa da, Flora Məmmədovanın bacı-qardaşları ilə payları ayrıdır. Onun payı 20 kv metr olsa da, həmin evin yerində 21 mərtəbəli bina tikiblər. Deməli, 1 evin yerində 21 mənzil tikiblər. Amma vətəndaşa 28 min manat təklif edirlər. Eyni zamanda ekspertiza rəy vermişdi ki, sökülən binanın 1 kvadratı 2500 manatdır. Hazırda tikilən binada kvadratın qiyməti isə 1300 manatdır. Bu fərqə baxmayaraq, məhkəmə qanunsuz qərar çıxardı.

Onu da qeyd edim ki, Flora Məmmədovanın bacı-qardaşları "Orxan-TİT" MTK ilə birləşib Dağıstanda saxta etibarnamə hazırlamışdılar. Bizim Rusiya prokurorluğuna müraciətimiz əsasında həmin etibarnaməni saxtalaşdıran notarius həbs edildi”.

Məsələ ilə bağlı “Orxan-TİT” MTK ilə əlaqə saxladıq. Şirkətdən "Qafqazinfo"ya bildirilib ki, şikayətçi F.Məmmədovanın sökülən mənzildə qeydiyyatda olmayıb və onun qardaş-bacılarının hamısı ilə razılıq əldə edilib: "Mənzilin ümumi sahəsi 142,7 kv. m olub. Həmin mənzil sökülən zaman Rusiyada yaşayan F.Məmmədovanın digər qardaş-bacıları ilə bərabər 1/7 hissədə payı müəyyən edilib. Yəni mənzildə onun payına düşəçək sahə 20,4 kv.m-dir. Apellyasiya məhkəməsi Nərimanov rayon məhkəməsinin qətnaməsini dəyişdirib, iddianı qismən təmin edərək Məmmədova Floraya 28 min manat ödənilməsini qərara aldı. “Orxan-TİT” MMC uzun müddətdir, bütün vərəsələrlə münasibətləri hüquqi qaydada nizamlamağa çalışsa da, F. Məmmədova buna maneə yaradıb özünə 3 otaqlı mənzil tələb edib. Hesab edirik ki, sözügedən mənzilin sökülməsinə bütün mülkiyyətçilərin razılığı olub, qadın həmin mənzildə 30 ildən artıq yaşamayıb və o zaman qeydiyyatda belə olmayıb. Bu səbəbdən mənzilin qanunsuz sökülməsini iddia etmək ictimaiyyəti yanıltmaq cəhdidir".

“Orxan-TİT” MMC-nin Etibar Məmmədova məxsus olması iddiası ilə bağlı isə şirkətdən bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib