Dərc edilib: 08-04-2022

https://www.nuh.az/31595-.html

“Gündəlik Bakı” qəzetinin təsisçisi və Baş redaktoru Prezidentə müraciət etdi..

08.04.2022 16:33:17

Müsahibə

“Gündəlik Bakı” qəzetinin təsisçisi və Baş redaktoru Prezidentə müraciət etdi…. - Cənab Prezident, yenə ərizə və şikayətlər Sizə yetişmir…

Bizi məmur təzyiqindən və təqibindən xilas edin, cənab Prezident…

“Gündəlik-Bakı” qəzetinin rəhbərliyi  cənab Prezident İlham Əliyevə müraciət edərək bildirir ki, uzun illər  rəhbərlik etdiyimiz  mətbu orqan olaraq  dövlətin, dövlətçiliyin keşiyində dayanaraq, Ulu Öndər  Heydər Əliyevin  və onun layiqli davamçısı olaraq  Sizin yeritdiyiniz  siyasi kursun həyata keçməsi üçün əlimizdən gələni, imkanımız daxilində olanı  etməyə çalışmışıq.
Əlbəttə, bu bizim həm də bir vətəndaş olaraq borcumuzdur.
Lakin   bu yolda  xeyli əngəllərlə də qarşılaşdığımızı deməsək olmur.
Belə ki,  fəaliyyət göstərdiyimiz  20 ilə yaxın müddətdə  xeyli təhdid və təzyiqlərlə də  rastlaşmışıq.
Möhtərəm Prezident !
Siz bir dəfə dediniz ki, mənə ünvanlanan məktublar mənə gəlib çatmırdı, bəzi məmurlar buna imkan vermirdi.
Cənab Prezident !
Müraciəti Sizə yetişməyən  yüzlərlə, minlərlə  vətəndaşın bircə yolu qalırdı:
Bizə, yəni mətbuata müraciət etməklə  şikayətlərini ictimailəşdirmək, fikir və düşüncələrini media vasitəsilə Sizə çatdırmaq....
Biz bir media qurumu olaraq  bütün maneələrə baxmayaraq həmin vətəndaşların şikayətlərinin Sizə çatması üçün hər cürə  riskə gedirdik.
Bəli, bəzi məmurlar üçün həmin şikayətlərin Sizə çatması onlar üçün olum-ölüm məsələsi demək idi.
Ona görə də zaman-zaman həmin məmurlar tərəfindən hər cürə təzyiqə, təqibə, təhdidə məruz qaldıq.
Ancaq bu günədək haqq yolumuzdan dönmədik.
Digər tərəfdən, axı bir media  olaraq  bizim imkanlarımız yetərincə olmayıb. Ki, sonadək  həmin şikayətləri araşdırıb axıra  çatdıraq.
Obrazlı dildə desək, dövlət qurumlarından fərqli olaraq  bizim  “slujba”mız,  xidməti personalımız kifayət qədər yoxdur.
Ancaq buna baxmayaraq  vətəndaşların  şikayətlərinin, elə də  müxtəlif qurumlarda baş verən korrupsiya hallarının ictimailəşdirilməsi üçün  mümkün olan hər şeyi bu illər ərzində etmişik.
Bütün bunların əvəzi olaraq  bu günədək  dəfələrlə təkcə məmur təzyiqləri ilə deyil, həm də məhkəmə çəkişmələri ilə üz-üzə qalmışıq.
Bəzi məmurlar  məhkəmələrdən istifadə edərək  bizi cəzalandırmağa  cəhd ediblər, hətta bəzən buna nail olublar.
Bütün bunları etməkdə məqsədimiz dövlətimizə, cəmiyyətimizə  xidmət etmək olub.
Cənab Prezident !
Siz həmişə məmurlara demisiniz ki, məmurun 1-ci vəzifəsi xalqa xidmət etməkdir və xalqın 1-ci xidmətçisi mənəm...
Biz media  qurumları da Sizdən nümunə götürərək, xalqımıza və cəmiyyətimizə  xidmətçi olmağa çalışmışıq.
Cənab Prezident !
Bizim  bu yolda  heç bir şəxsi marağımız və təmənnamız  yoxdur.
Amma bir məsələni Sizinlə tam səmimi bölüşmək istəyirik. Belə ki, Sizin  məktubların Sizə çatmaması ilə bağlı  xəbərdarlığınıza baxmayaraq bu gün də bəzi məmurlar, nazirlər, komitə sədrləri, icra başçıları ərizə və şikayətlərin Sizə çatmasında maraqlı deyillər.
Nəinki maraqlı deyillər, hətta  buna görə, bizə, konkret olaraq rəhbərlik etdiyim Gündəlik-Bakı qəzetinə  ciddi təzyiq və təhdid edirlər.
Cənab Prezident !
Həmin məmurlar öz vəzifə və digər imkanlarından istifadə edərək vətəndaşların etiraz dolu şikayətlərini susdurmaq istəyirlər. Ki, şikayətlər Sizə yetişməsin.
Bu məqsədlə biz media orqanlarını da susdurmağa çalışırlar.
Cənab Prezident !
Konkret olaraq son 1-2 ildə bizə belə təzyiqlərin sayı-hesabı yoxdur.
Onların tələbi birdir ki, biz  bu şikayətləri ictimailəşdirməyək.
Cənab Prezident !
Bizim də  bir media olaraq imkanlarımız və resurslarımız sonsuz deyil.
Bizim də dözümümüzün  bir həddi var.
Amma böyük türk şairi Nazim Hikmətin bir sözünü  unuda bilmirik:
Sən yanmasan,
Mən yanmasam,
Biz yanmasaq,
Nasıl çıxar qaranlıqlar, aydınlığa...
Möhtərəm, Prezidentimiz !
Biz bu hüququ tapdalanan  vətəndaşların problemlərini yazmasaq, bəs kim yazacaq..?
Cənab Prezidentimiz!
Bütün məhrumiyyətlərə, təqiblərə, təzyiqlərə  baxmayaraq biz sizin müdafiə etdiyiniz haqq yolumuzdan dönən deyilik və sonadək Sizin Siyasi kursunuzu dəstəkləyəcəyik.
Amma Sizdən xahişimiz  budur ki, Siz də bizi məmurların  təzyiqindən və təqibindən xilas edin !
Allah millətimizi və dövlətimizi qorusun.

Dərin hörmətlə, "Gündəlik Bakı" qəzetinin təsisçisi və Baş redaktoru Habil Vəliyev. /Bakisesi.com/

NUH informasiya agentliyi səhifəsindən çap edilib