Dərc edilib: 08-05-2022

https://www.nuh.az/31742-.html

Xankəndində ÜZDƏNİRAQ “dəyirmi masa”

08.05.2022 00:15:09

LIVE

“Bütün bu üzdəniraq tədbirlərə son qoymağın yeganə yolu qəti və birdəfəlik antiterror əməliyyatıdır...”
 
Bu gün - mayın 7-də  Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq  Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərində Qarabağdakı qondarma “rus icması”,  Mesrop Maştots  adına “universitet” və “müstəqil strateji araşdırmalar mərkəzi”nin birgə təşəbbüsü ilə “Rusiya-Qarabağ tarixi-mədəni əlaqələri” mövzusunda üzdəniraq “dəyirmi masa” keçirib.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
 
“Universitet” “rektor”u Donara Qabrielyan “bu günlərdə belə bir mövzuda müzakirələr təşkil edilməsini yüksək qiymətləndirib və nə vaxtsa “üçqat may bayramı”nın(“Qələbə”, Şuşanın “azad olunması” və “Artsax ordusu”nun yaranması günləri-S.L.) öz əhəmiyyətini bərpa edəcəyinə əminliyini ifadə edib”.
 
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş müzakirələrdə "universitet” “rektor”u Donara Qabrielyan, Qarabağın qondarma “rus icması”nın rəhbəri Aleksandr Bordov, “müstəqil strateji araşdırmalar mərkəzi”nin rəhbəri Qərib Babayan məruzələrlə çıxış ediblər.
 
“Məruzələrdə əsasən "Azərbaycan-Qarabağ münaqişəsi" zamanı Rusiya Federasiyasının istifadə etdiyi siyasi və praktiki çəkindirmə mexanizmləri, Artsaxın işğal olunmuş ərazilərində erməni tarix və mədəniyyət abidələrinin dağıdılması və bu qəbildən olan digər mühüm və aktual məsələlərdən bəhs edilib” – xəbərdə belə deyilir.
Qeyd edək ki, fotodan da göründüyü kimi, Azərbaycan Respublikası ərazisində keçirilən üzdəniraq tədbirin proqramının əks etdirildiyi erməni və rus dillərində yazılmış broşürlərin üzərində separatçı-terrorçu rejimin əski parçasının görüntüsü fonunda Kremlin əksi və “məşhur” Georgiyev lentinin təsvirləri də olub...
 
P.S. Bütün bu üzdəniraq tədbirlərə son qoymağın yeganə yolu qəti və birdəfəlik antiterror əməliyyatıdır...
 
Sultan Laçın
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib