Dərc edilib: 13-06-2022

https://www.nuh.az/31760-.html

Zaqatalada qəzada yaralanan müəllim öldü - Foto

13.06.2022 10:28:09

Hadisə

Ötən gün səhər saatlarında Zaqatalada yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxslərdən biri vəfat edib. 


“Qafqazinfo” xəbər verir ki, ağır qəzada yaralanan rayonun Əliabad qəsəbə sakini, Zaqataladakı “Kainat” kurslarında müəllim işləyən 1988-ci il təvəllüdlü Elçin Bədirov xəstəxanada ölüb.

Qeyd edək ki, Elçin Bədirov bir neçə gün əvvəl 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı övladı ilə fotosunu feysbuk səhifəsində paylaşmışdı. Yaxınları qəzada ağır yaralanan Elçinin təcili əməliyyat edilməsi üçün 10 min manat pula ehtiyacın olduğunu bildirmişdi. Lakin tibbi müdaxilələrə baxmayaraq, 34 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə dünən səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. “Ford” markalı 62-BO-101 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə “VAZ 2106” markalı 62-BL-239 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan 4 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılmışdı. Zaqatala RMX-dan bildirilib ki, yaralılardan1995-ci il təvəllüdlü Malik Şaban oğlu Bədirovun müalicəsi davam edir.  Daha iki nəfərin xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib