Dərc edilib: 13-06-2022

https://www.nuh.az/31761-.html

İranda daha bir alim və hərbçi müəmmalı şəkildə öldü - Foto

13.06.2022 12:23:56

Günün sitatı

İranda daha bir hərbçi və alimin müəmmalı ölümü qeydə alınıb.  


“Qafqazinfo” İsrailin “Vesti” nəşrinə istinadən xəbər verir ki, hadisə iyunun 12-dən 13-nə keçən gecə baş verib.

İran mediasında yayılan məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Hava Qüvvələrinin zabiti Ali Kamani ölkənin şərqində tapşırıq yerinə yetirərkən dünyasını dəyişib. Bu məlumatdan bir saat sonra isə, peyk və ballistik raket hazırlanması üzrə “Simnam” adlı şirkətdə çalışan alim Məhəmməd Abedosun da dünyasını dəyişdiyi məlum olub. Alimin ölüm səbəbləri açıqlanmayıb.

İranda son zamanlar hərbi layihələrdə iştirak edən alim və hərbçilərin müəmmalı ölümü müşahidə edilir. Belə ki, aviasiya mühəndisliyi sahəsi üzrə ixtisaslaşmış alim Ayyub Entezari iyunun 4-ü dünyasını dəyişib. İran mediası alimin qida zəhərlənməsindən öldüyünü yazıb.

Alimin ölümü gördüyü iş səbəbindən dünya və ölkə mediasında çox sayda suallar doğurub. Entezari İranın mərkəzində yerləşən “AIO” tədqiqat institutunda raket və  döyüş pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olub.

Bunun ardınca, “Natanz” nüvə stansiyasında çalışan gənc alim Kamran Malapurun müəmmalı şəkildə dünyasını dəyişdiyi barədə məlumatlar yayılıb.

Mayın 30-u isə İran İnqilab Keşikçiləri Korpusunun 840-cı Qüds qüvvələri bölməsinin polkovniki Əli İsmayılzadənin öz evinin damından yıxılaraq öldüyü məlum olub. Polkovnikin intihar etdiyi bildirilsə də, mediada onun məhz korpus tərəfindən öldürüldüyü də iddia olunub. Belə güman edilir ki, onun öldürülməsinə səbəb xarici agentlərə məlumat ötürməsi olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib