Dərc edilib: 30-07-2022

https://www.nuh.az/31852-.html

Ukrayna 4 ölkə arasında bölünəcək - bəs Rusiya...

30.07.2022 10:11:28

İdman

Rusiya rəhbərliyinin köhnə imperiyanı bərpa etmək planı yeni deyil. Bunu heç gizlətmirlər də. Putinin özünü 1-ci Pyotra bənzətməsi, Pyotr dönəmindəki “tarixi rus torpaqlarını bir yerə yığmaqla məşğul olması”nı söyləməsi özlüyündə çox şey deyir. 


Bu arada isə Rusiya siyasi isteblişmentinin qırğılarından sayılan Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev “Telegram” kanalında Ukrayna ərazisinin böyük hissəsinin Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü yeni Avropa xəritəsini paylaşıb. Medvedev iki fotoya belə şərh yazıb: “Psixotrop maddələrdən təsirlənən Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlanır. Qərb ekspertləri əslində belə olacağını düşünürlər. Burada Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür”.

Öz növbəsində Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynadakı əsas hədəfinin bu ölkənin “denasifikasiyası” (oxu: de-ukrainizasiya - red.) olduğunu söyləyib.

Yəni bir daha aydın olur ki, Rusiya rəhbərliyi Ukraynanı bir dövlət, ukraynalıları da bir xalq olaraq görmür. Aydındır ki, Rusiya Ukraynadakı hədəflərinə çatsa, sıra digər hansısa postsovet ölkəsinə çatacaq. Bu həm də beynəlxalq hüquqa tüpürməkdir. Odur ki, az qala dünyanın yarıdan çoxu, həmçinin özünün nəhəng hərbi və maliyyə potensialı ilə Qərb (NATO) Ukraynanın arxasındadır. Hələ bilmək olmaz, Rusiyanın öz aqibəti necə olacaq, Ukrayna bataqlığından çıxa biləcəkmi və özü neçə yerə parçalanacaq.

Qazax və qırğızlar Rusiyadan üz döndərir?

Şəhla Cəlilzadə: “Ukraynanın güclü əks-müqavimət imkanları o vaxt artacaq ki...”

Bu xüsusda ABŞ dövlət katibi Entoni Blinken iyulun 28-də etdiyi çıxışında deyib ki, Ukrayna istila edilməyib və edilməyəcək: “O, suveren və müstəqil ölkə olaraq qalacaq. Ukrayna xalqı öz vətənini müdafiə etməkdə və öz mədəniyyətini qoruyub saxlamaqda heç vaxt olmadığı qədər qətiyyətlidir və bir çox dünya ölkələri Moskvanın hərəkətlərini pisləyib. Münaqişənin başlanğıcından etibarən NATO-da birlik daha da artıb və alyans böyüməyə hazırdır. Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar güclü və artan təsirə malikdir. Müharibənin başlanğıcından etibarən energetika və texnologiyalar sahəsində yüksək təhsilli mütəxəssislər, həmçinin 1000-dən çox şirkət Rusiyanı tərk edib. Bu il Rusiyanın idxalı 50%-dən çox azalıb, Asiyadan idxal isə Avropadan idxal itkilərinin yerini doldurmur. Bu, həmçinin o deməkdir ki, Rusiya lazımi məhsulu istehsal edə bilmir və xarici bazarları itirəcək. Rusiyanın büdcəsində kəsir var, Kremlin suveren sərvətlərinin yarısı isə xaricdə dondurulub”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin bu istiqamətdəki fikirləri diqqət çəkir. O, getdikcə Rusiya qarşısında Qərbin çətin vəziyyətə düşdüyünü qeyd etdi: “Rusiyanın dağılmağını, bölünməyini və parçalanmağını gözləmək real siyasi prosesləri doğru qiymətləndirməmək və fiaskoya uğrayan xarici siyasi kursa köklənmək demək olar. Nə 19-cu əsrdə Avropanın Rusiya Çarlığının qabaran iştahlarına qarşı vahid cəbhədə birləşməsi, nə də 1917-ci il inqilabı, hətta 1991-ci ildə SSRİ-nin dağılması belə Rusiyanı məhv etmədi. O cümlədən, Qərbin Rusiyaya qarşı sanksiyaları onu zəiflətsə də, məhv edəcək qədər güclü deyil. Rusiyanın təsir dairəsi zaman-zaman genişlənib-darala bilər və bu, dünyanın təbii, yaxud qeyri-təbii nizamının formalaşması və yaxud yenidən yaradılması prosesi çərçivəsində baş verən normal haldır. Lakin hələ ki, Ukraynanın dağılması daha böyük ehtimal daxilindədir.

Medvedevin “xəritəsində” Ukraynanın 4 yerə parçalanması, onun böyük hissəsinin Rusiyaya verilməsi, bir hissəsində Kiyev dövlətinin mövcudluğunun qorunması, bir hissəsinin Moldovaya, bir hissəsinin isə Rumıniyaya qatılması əslində Rusiyanın Ukrayna dövlətçiliyinə ənənəvi baxışını əxz elətdirir. Belə ki, Moskva knyazlığının qurulmasından öncə Kiyevdə knyazlıq qurulmuşdu, lakin bunu tarix boyu Kiyev Rus Knyazlığı adlandırmışlar. Hazırdakı Ukraynaya aid olan qərb və cənub-qərb əraziləri isə tarixən Rumıniyaya və Moldovaya aid olan Bessarabiya və Bukovina idi ki, bu torpaqlar nasist Almaniyası tərəfdə müharibəyə qatılan Rumıniya II Dünya Müharibəsində məğlub edildikdən sonra Sovet İttifaqı tərəfindən alınaraq Ukraynaya birləşdirilmişdi. Məhz bu tarixi fonda Rusiyanın Ukraynaya iddiaları, xüsusilə, Ukraynanın Qərbpərəst siyasət yürütməsindən sonra təkrar canlanıb. Elə buna görə də, Medvedev öz “xəritəsini” Qərbin yaratdığını, başqa sözlə Ukraynadakı hazırkı mənzərənin “Qərbin əsəri” olduğunu iddia edir.

Ukraynalılar isə təbii olaraq, bunu Rusiyanın özlərinə qarşı genosid siyasəti adlandırır. 6-20 iyul 2022-ci il tarixlərində Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrinə görə, ukraynalıların 84%-i Rusiyaya ərazi güzəştlərinə qarşıdırlar, 16 % isə Rusiya ilə müharibənin başa çatması üçün ərazilərin güzəştə gedilməsini dəstəkləyir. Bu təklifi dəstəkləyənlərin daha çox ölkənin şərq ərazilərindən olduğu də diqqət çəkicidir. Bu, tarixən Ukraynanın qərb və şərq hissələrinin mental və siyasi baxış fərqlərinin real mənzərəsini təqdim edir. Çox maraqlıdır ki, 20-ci əsrin ən önəmli siyasi fiqurlarından və dünya siyasətinin memarlarından biri olan keçmiş ABŞ dövlət katibi Henri Kissincer hələ müharibənin 3-cü ayının gedişində Ukraynanı güzəştlər etməyə və müharibəni bitirməyə səsləmişdi (Kissincer az sonra bu fikrini təkzib etdi və bildirdi ki, Rusiya 24 fevraldan sonra işğal elədiyi Ukrayna ərazilərini qaytarmalı olacaq - red.). Əksi daha çox ərazi itkisi, Avropa və kollektiv Qərb üçün daha ağır nəticələr demək olacaqdı. Elə də olmaqdadır. Hazırda Rusiya müharibənin başlanğıcında iddia etdiklərindən daha artığına iddia edir.

Hazırda Qərb müharibənin əvvəlində olduğundan qat-qat artıq sanksiyaların yükü altında əzilir, qarşıdan isə soyuq qış gəlir. Münaqişə uzanar və Avropa 2022-23-cü ilin qışından alnıaçıq-üzüağ çıxmağı bacarsa, Ukrayna xalqının mübarizə əzminə yeni güc qatılacaq, yeni-yeni silah təchizatları onların imkanlarını genişləndirəcək və işğala son qoymaq üçün güclü əks-müqavimət göstərmək imkanları artacaq. Əksi baş verərsə, Rusiyanın Ukraynadakı müharibəsi uğurla başa çatarsa, bu, Avropada yeni müharibə ocaqlarının yarana biləcəyinə siqnalların gəlməsi ilə müşayiət oluna bilər. Təsadüfi deyil ki, NATO rəsmi saytında yer alan ən son məqalədə Rusiya hücumu qarşısında kollektiv Qərbin özünü silahlandırması və hər an müharibəyə hazır vəziyyətdə dayanması vurğulanır".

ABS Azerbaycani yeni dunya nizaminda yaninda gormek isteyir" - Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə: “Rusiya Ukraynada ciddi hərbi məğlubiyyətlə üzləşməkdədir”

Politoloq Məhəmməd Əsədullazadə isə Rusiyanın özünün parçalanma təhlükəsi ilə üz-üzə qaldığını qeyd etdi: “Rusiyanın Ukraynaya qarşı işğal planı və parçalanmasını Medvedev açıq şəkildə etiraf etdi. İlk əvvəl isə Rusiya Kiyevi işğal edərək yeni Rusiyapərəst bir rejim qurmağı hədəfləmişdi. Amma proseslər Rusiyanın planına uyğun getmədiyindən indi Moskva Şərqi Ukraynanı özünə birləşdirmək, referendum keçirib qondarma rejim yaratmağa çalışır. Bütövlükdə Ukraynanı parçalamağı planlaşdırır. Təbii ki, bu da Qərbin maraqlarına cavab vermir və ABŞ bu xüsusda Ukraynaya tam dəstək verməklə işğalın sona çatdırılması istiqamətində səylərini davam etdirəcək.

Bütövlükdə Rusiyanın Ukraynada planının reallaşdırılmamasına çalışırlar. NATO və Qərb alyansı Moskvanın parçalamaq planına qarşı Ukraynanı ciddi şəkildə silahlandıracaqlar. Ukrayna silahlı qüvvələrinin Rusiya ordusuna ciddi zərbələr vurması, Xersonda irəliləməsi fonunda Kremlin bu planı reallaşdırmaq istəməsi Polşanın şirnikləşdirilməsi deməkdir. Amma buna Ukraynanın qonşuları getməyəcək. Rusiya Ukraynada ciddi hərbi məğlubiyyətlə üzləşməkdədir. Çıxış yolu axtarılır və danışıqlarla ölkənin bölünməsini təklif kimi irəli sürür. Ukrayna hakimiyyəti hərbi bir rejimə keçib, güclü müqavimət göstərir və üzümüzə gələn aylarda Rusiya ciddi məğlubiyyətə düçar olacaq. Onda Rusiya danışıqlar masasına əyləşməyə can atacaq. Rusiyanın əsas planı Ukraynanı işğal edib, imperiyanın sərhədlərini genişləndirmək idi. Artıq bu da fiaskoya uğrayıb".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

NUH informasiya agentliyi səhifəsindən çap edilib