Dərc edilib: 05-08-2022

https://www.nuh.az/31917-.html

AZAD QARADƏRƏLİ QUYRUQ DOĞDU

05.08.2022 23:43:48

Maraqlı

AZAD QARADƏRƏLİ

 

                                QUYRUQ DOĞDU,

                   yaxud quyruq dondu deyimlərinə bir ötəri baxış

 

                                                                      

                                                                                                                               Kamran Məhərrəmliyə  

 

 

Bu barədə, bir neçə dəfə yazmışam, radioda dönə-dönə veriliş hazırlamışam deyə, çalışacağam ki, məsələni qısa kəsim.

            Radioda yeni işləyən vaxtlarım idi. Baş redaktorumuz Eldar Baxış xəstələnmiş, xəstəxanaya düşmüş, sonra da o məşum zəhərlənmədən vəfat etmişdi. Bir növ başsız qalmışdıq. Müvəqqəti də olsa, baş redaktorun vəzifəsini müavin Qaçay Köçərli icra edirdi.

            Bir gün Qaçay müəllim bizi toplayıb bir neçə məsələdən danışdı, sonra elan etdi ki, bəs, indiyə qədər səhv yazmışıq, “quyruq doğdu” deyil, “quyruq dondu” olmalıdır və bu barədə fikri qətidir. Qarşıdan quyruq doğan günlər gəlirdi və tapşırdı ki, uşaqlara bu barədə səhih məlumat verin.

            Hamı mənə baxdı. Yəni, sən nə düşünürsən?

            Qaydaya görə, baş redaktorun vəzifəsini icra edənin dediyini müzakirə etmirlər. (Yəni bizim ölkədə belə bir xəstəlik hökm sürüb, sürür və sürməkdədir: rəhbər desə ki, qatıq qaradır, sən denən lap zil qaradır. Türkiyə türkləri demişkən, malesef, bu yolxucu xəstəlik karona virusdan da qorxuludur və elə onun kimi yayğındır.)

            Mən isə bildirdim ki, “quyruq doğdu” bir xalq sözüdür və min illərdir ki, bütün türk xalqlarında bu gələnək var. “Quyruq doğdu” adi deyim deyil, bir astronomik vahiddir:  quyruq doğanda, yəni avqustun 6-da yay yarı olur. İlk balı onda süzürlər, küləşi tarladan yığışdırır, yay şumu aparırlar. Axar sular sərinləyir, gecələr otların üzərinə şeh düşür. Quzuları qırxar, yaylaqdan bir az aşağılara enmək hazırlığı aparılır. Deyilənə görə, quyruq doğandan sonra dəvələr yaylaqda üzü arana yatarlar... O ki qaldı “quyruq dondu” deyiminə, bu, sadəcə, onun izahlarından biri ola bilər və s... Hə, bir də Firidun bəy Köçərli, Həsən Bəy Zərdabi kimi mütəfəkkirlərimiz “Quyruq doğdu” yazıblar, elə bilirəm ki, biz də bu cür yazmalıyıq...

            Müzakirə böyük mübahisəyə səbəb oldu, sonra da az qala qanqaraçılığına dönəcəkdi...

            Allah Qaçay müəllimə rəhmət etsin. Özünəməxsus şeirlər yazardı, baxmayaraq ki, şeir estetikası baxımından baxışlarımızda fərqlər vardı, amma kişinin də klassik üslubu və müəyyən  dairədə oxucuları mövcud idi. Və o romantika dolu 90-lardan gəlmə bir yaxşı adət vardı ki, yeni sözlər yaratmaq, əcaib söz və ifadələrdən qurtulmaq, rus və ərəb dillərindən gəlmə bir çox ağır ifadələrə əlvida demək kimi  mətləblər də daxil, hər deyimə şübhə ilə baxır, yenisini yaratmağa cəhd edirdilər. Bunlar yaxşı hal olsa da, bəzən aşırı romantika üzündən səhvlərə də aparıb çıxarırdı...

            (Açığı, o inqilabi-romantika dolu günlərin xiffətini hərdən çəkirəm. Nə olaydı, bir gün hamımızı yığıb deyəydilər ki, milli soyadlarımızı bərpa edirik, sabahdan hamı –ov, -yev şəkilçisi əvəzinə -lı,-li,-lu, -lü soyadına keçir! Və bir də deyəydilər ki, sabahdan dilimiz Azərbaycan türk dili adlandırılır! Və bir də...)

            Bir neçə gün sonra mənim uşaqlar üçün yazdığım bir neçə kiçik hekayəni  rəhmətlik Əhəd Muxtar “Şəhriyar” qəzetində çap etmiş, mənə də bir nüsxə qəzet və müəyyən miqdarda qonarar da gətirmişdi. O, qəzetdən birini də Qaçay müəllimə verib getdi. Kişi qəzeti vərəqlədi və mənim uşaqlar üçün yazdığım “Məhsətinin nağılları” silsiləsindən hekayələri, o cümlədən “Quyruq doğdu” hekayəmi oxudu, bir siqaret yandırdı, bir qədər dəhlizdə gəzişdikdən sonra içəri girib əlini mənə uzatdı, dedi:

            -Sən haqlısan. “Quyruq doğdu” olmalıdır. Bu hekayəni  “Günlərin bir günü” verilişinə salacam...

            (“Günlərin bir günü” uşaqlar üçün ədəbiyyat proqramı idi və Qaçay müəllim yazır, o vaxt balaca uşaq olan Bəxtiyar Səxavətoğlu – mərhum müğənni Səxavətin oğlu - aktyorlardan biri ilə aparırdı.)

            İçimdə bir fərəh vardı. Ona görə yox ki, məndən yaşlı adamı fikrindən döndərə bilmişdim, ona görə ki, qatığın qara olmadığını vəzifəli adama və onun tabeliyindəkilərə inandıra bilmişdim...

 

            O ki qaldı o hekayəyə...

            O uşaq hekayəsi budur...

 

                        QUYRUQ DOĞDU

 

            (“Məhsətinin nağılları” silsiləsindən)

 

            Avqustun əvvəlləri idi. Yaylaqda havalar soyumağa başlamışdı. Bir gün bizə qonaq gələn çoban Qələndər dedi:

            -Həəə, havalar soyuyur yavaş-yavaş. Quyruq ki, doğdu, yaylaqda, elə aranda da hava sınar, istilər səngiyər...

            Çoban gedən kimi Məhsəti yaxamdan yapışdı ki, bəs “quyruq doğdu” nə deməkdir?

            Mən nə qədər çalışsam da, onu başa sala bilmədim. Sonra onu dürüst bilgiləndirmək üçün meşəyə yollandım.

            Palıd ağacının yarpaqları üzərində qoyun quyruğuna oxşayan, ağ-çəhrayı rəngə çalan qovucuqları qırıb alaçığa döndüm. Sonra Məhsətini yanıma çağırıb dedim:

            -Quzum, bax, avqustun əvvəllərində palıd yarpağı üzərində qoyun quyruğuna bənzəyən belə şeylər əmələ gəlir. Bir də səmada bu vaxtlar quyruqlu ulduz görünür. Buna görə “quyruq doğdu” deyirlər. Bir də deyirlər ki, bu günlərdə havalar soyumağa başladığı üçün, dağ yerində quyruq yağı donur. Ona görə bəzi yerlərdə buna “quyruq dondu” deyirlər.

            Məhsəti üstü “quyruqlu” palıd yarpaqlarına baxa-baxa dedi:

            -Ata, day bəsdi yaylaxda qaldıx, gedək arana, evimizə.

            Mən təəccüblə soruşdum:

            -Niyə mənim balam, axı aran hələ istidir?

            O, başını bulayıb dedi:

            -Yox, ata, gedək. Qoyunlarımızın quyruğu donar axı...

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib