Dərc edilib: 23-08-2022

https://www.nuh.az/32037-.html

Rasilə Arifqızının işi məhkəməyə göndərildi

23.08.2022 16:53:27

LIVE

Xəbər verdiyimiz kimi, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanılıb. 


“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, istintaqla Rasilə Arifqızının 2022-ci ilin iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Həmçinin oxuyun: Lənkəranın icra başçısının müavini vəzifəsindən azad edildi

Məktəbli qızın döyülməsinə görə direktor da işdən çıxarıldı  

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib