Dərc edilib: 26-08-2022

https://www.nuh.az/32052-.html

13 milyon mənimsəyən Rasim Məmmədovun məhkəməsi başladı

26.08.2022 17:58:24

Hadisə

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb. 


"Qafqazinfo" verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

R. Məmmədovun vəkili vəsatət qaldıraraq bildirib ki, işə yeni qoşulub və cinayət işinin materialları ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclası 2 həftə təxirə salınsın. Rasim Məmmədov isə ittiham aktının ona təqdim edilmədiyini, hansı faktlarla ittiham olunduğunu bilmədiyini deyib.

Onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət isə təmin edilməyib. Məhkəmənin hazırlıq iclası sentyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, R.Məmmədovun məhkəməsində iştirak etmək üçün İsveçrədən gələn 3 vəkil , eləcə də jurnalistlər məhkəmə iclas zalına buraxılmayıb.

Fotoda: Cenevrədən gələn vəkillər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında

 

 

Xatırladaq ki, Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda  ittiham olunub. Sabiq şirkət rəhbərinin 13 milyon 200 min manat pulu mənimsəməsinə, 42 milyon manat dəyərində məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinir.

Amin Nəzərli

NUH informasiya agentliyi səhifəsindən çap edilib