Dərc edilib: 04-09-2022

https://www.nuh.az/32107-.html

Yenilməz İNSAN - Cəbrayıl Şıxəliyev

04.09.2022 18:30:15

Mədəniyyət

Asif  Bağırovun   “Əməkdar müəllim”  Cəbrayıl Şıxəliyev   haqqında  “Zəngilanın  işğalını qəbul etmək istəməyən yenilməz insan”   məqaləsini və Həsən Orucoğlunun maraqlı fikirlərini dərc edirik. 

 

O, 1951-ci ilin oktyabr ayının 24-də Zəngilan rayonunun Bartaz kəndində anadan olub. 1958-ci ildə kənddəki məktəbin I sinfinə gedib. Məktəb VIII illiyə çevrildiyindən orta təhsilini 1968-ci ildə Zəngilan şəhərindəki 1 saylı orta məktəbdə başa vurub. 1974-cü ildə indiki Azərbaycan Dillər Universitetinin İngilis-Azərbaycan dili fakültəsini bitirib. Göndərişlə Zəngilanın Bartaz dayanacağı və Dəlləkli kənd məktəblərində ixtisası üzrə müəllim işləyib. Peşəsinə məsuliyyətlə yanaşan Cəbrayıl müəllim 1989-cu ildə Bartaz dayanacağı kənd orta məktəbinə direktor təyin  edilib. Məlum hadisələrdən sonra 1993-cü ilin oktyabr ayında ailə və uşaqları ilə birlikdə Bakı şəhərinə pənah gətirib.

   O zaman Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Heydərovun və bir neçə məktəb direktorunun gərgin əməyi sayəsində 1994-cü ilin fevral ayında ilk Zəngilan məktəbləri açıldı. Məktəb üçün bina, sinif otaqları tapmaq, şagird və müəllim personalını bir yerə yığmaq kimi çətin bir işin ağırlığı, əsasən, yenicə təşkil edilən məktəblərin direktorlarının üzərinə düşürdü. İşin başlıca çətinliyi isə Zəngilan axırıncı işğal rayonu olduğundan Bakıda, Sumqayıtda və digər bölgələrdə nəinki məktəb, hətta məcburi köçkünlərin özlərinin yaşaması üçün boş yer tapmaq müşkül məsələ idi.

   Belə vəziyyətdə Cəbrayıl Şıxəliyev müvəqqəti məskunlaşdığı Binəqədi rayonunda minimal tələbləri ödəyə bilən Zəngilan rayonu 4 saylı orta məktəbini yarada bildi. O dövrdə pedoqoji kadrları və texniki işçiləri işə qəbul etmək səlahiyyəti direktorlara həvalə edilmişdi. İlk mərhələdə nümunəvi kollektiv yarada bilən C.Şıxəliyev getdikcə məktəbin şəbəkəsini genişləndirməyə, müəllim və şagird kontingenti arasında möhkəm nizam-intizam bərpa etməyə nail oldu. Az müddətdən sonra 4 saylı orta məktəb nəinki Zəngilanda, habelə məcburi köçkün rayonları arasında təlim-tərbiyə sahəsində öndə gedən məktəblərdən birinə çevrildi. Cəbrayıl müəllim Təhsil Şöbəsində Şura üzvü seçildi.

   O dövrə qədər Cəbrayıl müəllimin adını eşitsəm də onunla heç vaxt təmasda olmamışdım. O, Şura iclaslarında problemli məsələlər barədə söz açar, onun həlli yollarını birgə axtarmağa çalışardı. Hamıdan seçilərdi, buna səbəb yaşına uyğun olmayan, vaxtından əvvəl ağarmış uzun saqqalı idi. Zəngilanın işğal günlərində 42 yaşı yenicə tamam olmuşdu. Onun nəyə görə saqqal saxladığını biləndə boy-buxunca yığcam olan Cəbrayıl müəllim mənim gözümdə əzəmətli uca bir dağa döndü. O, Zəngilanın işğalını qəbul edə bilmirdi. İndi gənclərimizin əksəriyyəti saqqal saxlayır, bəzisinə yaraşır, bəzisinə yox. Cəbrayıl müəllimin saxladığı isə itirilmiş torpaqların xiffəti, dərd, möhnət, qeyrət, şəhidlərimizin adını uca tutmaq, başımıza gələn müsibətlərlə barışmazlıq əlamətləri idi. O, bir ildən artıq belə görkəmdə yaşadı. Böyük qardaşı Həmdulla müəllimin oğlu, hazırda polis sistemində polkovnik-leytenant rütbəsində xidməti vəzifəsini şərəflə yerinə yetirən Bərxudar Şıxəliyevin yalvar-yaxarı, dəfələrlə təkidli xahişi ilə saqqalı ilə "vidalaşdı". Həmin vaxtlarda mən onun simasında heç vaxt təbəssüm görmədim.

  Bu səbəbdən qəlbimdə onun qeyrəti qarşısında baş əyib, ünsiyyət yaratmağı qərarlaşdırdım. Bu arzum tezliklə reallaşdı, səlahiyyət dairəmə 4 saylı məktəb də daxil edildi. Burasını bildirirəm ki, vəzifəm inspektor adlandırılsa da mən özümü məsləhətçi kimi aparırdım. Sonralar inspektor adı məsləhətçi adlandırıldı. Bu, mənim xarakterimə, davranışıma daha uyğun idi. Zəngilan 4 saylı orta məktəbi ilə, onun direktoru Cəbrayıl müəllimlə daha yaxından tanış oldum. Doğrusu, bu məktəb  səlahiyyət dairəmdəki məktəblərin əksəriyyətindən bütün istiqamətlər üzrə üstünlük təşkil edirdi. Məktəbdə əmək intizamı möhkəm, şagirdlərin dərsə davamiyyəti və hazırlığı qənaətbəxş idi. Bunun nəticəsində tədris proqramı uğurla həyata keçirilirdi. Bir qayda olaraq  ölkənin ali və orta ixtisas məktəblərinə qəbulda bu məktəbin xüsusi çəkisi vardı. Məktəb getdikcə böyüyür, paralel siniflər açılırdı, burada işini sevən, mükəmməl biliyə sahib müəllimlər çoxluq təşkil edirdi. Cahan Cabbarova (dil-ədəbiyyat), Oktyabr İsgəndərov (kimya) və s. belələrindən idi. Onların çəkdikləri zəhmət həmişə hiss olunurdu.

   Artıq 4 saylı orta məktəb rayonda bir növ metodiki mərkəzə çevrilmişdi. Fənn olimpiadalarında, test imtahanlarında komissiya üzvlərinin çoxu da bu məktəbdən olardı. Məktəbdən kənar, sinifdən xaric tədbir və yığıncaqların, görüşlərin, ədəbi-bədii kompazisiyaların demək olar ki,  hamısı bu məktəbdə keçirilirdi. İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Ağsaqqallar Şurasının bir sıra tədbirlərinə  4 saylı orta məktəb ev sahibliyi edərdi.

   Zəngilan rayonunun ilk məktəblərindən sayılan Bartaz kənd məktəbinin 90 illiyi Cəbrayıl müəllimin bir başa təşkilatçılığı ilə 2002-ci ilin aprel ayının 17-də Alov Qüllələrinin yerindəki Moskva mehmanxanasında keçirildi və Azərbaycan TV-də nümayiş etdirildi. Bartaz kənd məktəbinin yağlı boya ilə kətan üzərində işlənmiş iri həcmli şəkili də.

 

Cəbrayıl müəllimin dostu  və  həmkarı  Həsən Orucoglunun onun haqqında dedikləri:

Asif Bağırovun "Zəngilanın işğalını heç cür qəbul etməyən yenilməz adam" oçerkini maraqla oxudum.

Yazının əsas personajı Cəbrayıl müəllimi yaxından və dərindən tanıdığımdan deyə bilərəm ki, belə nadir və unikal şəxsiyyətləri zaman-dünya az-az yetişdirir.Temperamentinə görə Cəbrayıl müəllim sanqvinik xarakterlidir.Yəni, öz mənfəətini, maddi-marağını Vətənin çiçəklənməsinə fəda verməyi bacaran, özünü oda-közə atıb, başqasını alovdan xilas etməyi bacaran adamdır. Alturizm təbiətlidir, eqoizmdən uzaq, dostunu, yoldaşını özündən üstün tutandır.Həyat kredosu-əqidəsi safdır,şəffafdır.

Paxıllığı, xofluğu,nisgili yoxdur.

Dostun-tanışın,elin-obanın uğuruna sevinəndir.

İçindəki həyat eşqi güclüdür.

Qurub-yaratmaqdan,Yurdun gözəlliyindən və özəlliyindən zövq alandır.Dövlətə, dövlətçiliyə sadiq və ona bağlı əsl pedaqoqdur!..

Cəbrayıl müəllim haqqında belə səpkili sətirlərin sayını sıralamaqla qurtaran deyil.

Sadəcə, Asif müəllimin onun haqqında belə bir könül açan yazı yazması mənim də könlümü açdı və məni duyğulandırdı ki, Cəbrayıl müəllim haqqında bu,bir-iki kəlməni yaza bildim.

...Yenilməz və sarsılmaz adam! Kredolu dost...

Həm də quruluşca xolesterik...Maye krustallar kimi həlim və yumşaq...

Cəmiyyətə açıq və şəffaf adam...

Yenə də öz qamətini,boy-buxununu,başını dik tut...Və başını dik tut ki, bilirəm...yarımçıq qalmış arzularını doğma Zəngilanda yenidən cücərdib, sevə-sevə becərəsən!..

Pöhrələr tez boy artar!..

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib