Dərc edilib: 06-09-2022

https://www.nuh.az/32114-.html

“Tərtər işi”nə görə həbs edilən Rahib Məmmədov kimdir? - Foto

06.09.2022 11:06:28

LIVE

Bu gün Baş Prokurorluğun yaydığı məlumatda "Tərtər işi" ilə bağlı həbs edilənlər arasında Rahib Ramazan oğlu Məmmədovun da adı var. 


“Qafqazinfo” xəbər verir ki, şair kimi də tanınan Rahib Məmmədov (Rahib Bəşər) 1987-ci ildə Bakı şəhərində anadan olub. Odlar Yurdu Universitetində beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alan Rahib Bəşər ədliyyə mayoru rütbəsində, hərbi hüquqşünas kimi cəbhə zonasında dislokasiya edilmiş hərbi hissədə xidmət edib. O, Müdafiə Nazirliyinin 2-ci təhqiqat bölməsinin rəis müavini, ikinci korpus komandirinin hüquq işləri üzrə köməkçisi olub. 

Bildirilir ki, Rahib Bəşər imzası ilə tanınan şəxs 8 kitabın müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı və “Azərbaycan Bayrağı” ordeninin laureatıdır. 

Qeyd edək ki, “Tərtər işi” ilə əlaqədar Məmmədov Rahib Ramazan oğlu Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə - ağır nəticələsə səbəb olduqda), 293.2 (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma – silah tətbiq etməklə) və 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma – ağır nəticələrə səbəb olduqda) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rahib Bəşərin “Azərbaycan” şeirini təqdim edirik:

Mən dözərəm hər həsrətə,

Sənsiz dözməm Azərbaycan!

Səndən bir an ayrı qalsam,

İnan, ölləm, Azərbaycan!

Mən ruhumu səndən aldım,

Torpağından mayalandım,

Saf suyundan durulandım,

Alovunla alovlandım, Azərbaycan!?

Damarımda öz qanın var,

Varlığında varlığım var,

Ürəyimdə döyüntüm var,

Nəfəsimdə nəfəsin var,

Səsimdə sənin səsin var,

Ruhumda sən, canımda sən,

Varlığım da sən yaşadın, Azərbaycan!

Uşaqlığım səndə keçdi,

Qucağında iməklədim.

Cavanlığım səndə keçdi,

Üzərində mən yeridim.

Qocalığım sənlə keçər,

Torpağında yaşlanaram.

Mən səninlə yaşayaram,

Mən səninlə var olaram, Azərbaycan!

Sən mənim öz keçmişimsən, bu günümsən,

Gələcəyim sənlə bağlı, gələcəyə ümidimsən.

Sən özümsən, sən mənimsən,

Sən əbədi saf sevgimsən.

Ürəyimdə yaşayırsan, Azərbaycan!

Yaşa, yaşa, var ol hər an, Azərbaycan!

NUH informasiya agentliyi səhifəsindən çap edilib