Dərc edilib: 17-09-2022

http://www.nuh.az/32181-.html

Uşağın yıxıldığı attraksionun sahibinə yüngül cəza

17.09.2022 17:46:13

Kriminal

Gəncədə attraksionun qırılması nəticəsində xəsarət alan uşaqla bağlı məhkəmə keçirilib.


“Qafqazinfo”nun məlumatına görə, hadisə bir müddət öncə şəhər ərazisində yerləşən “Bayraq Meydanı” parkında baş verib. 12 yaşlı Şənay Çərkəzovanın (şərti) qabırğası sınıb, ağciyər və döş qəfəsindən travma alıb.

Məsələ ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başladılıb. Məlum olub ki, Gəncə sakini olan qadın iki övladı ilə birlikdə attraksiona minib. Lakin bir qədər sonra qatar hərəkətdə olan zaman Ş.Çərkəzovanın oturacağı korpusdan qopub. Azyaşlının əyləşdiyi vaqon reysdən çıxaraq yerə düşüb. Uşaq 2 metr hündürlükdən əvvəlcə dəmirlərin üstünə, oradan isə yerə yıxılıb.

Araşdırmadan sonra attraksionun sahibi Həsən Həsənov barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Şəxs haqqında inzibati protokol tərtib olunub və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

H. Həsənov məhkəmədə deyib ki, şəxsi mülkiyyətində olan attraksionun parkda quraşdırılması barədə rəsmi icazə alıb: “Quraşdırmanı 2016-cı ildə tanımadığım ustalar həyata keçirdilər. Attraksiona Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən sonuncu dəfə 2019-cu ildə texniki baxış olub. Hadisədən sonra uşağı dərhal Gəncə 3 saylı Şəhər Xəstəxanasına apardım, müalicə xərclərini qarşılamışam. Hazırda ailəsi ilə barışmışıq və onlara dəymiş ziyanı tam şəkildə ödəmişəm”.

Məhkəmə Həsən Həsənov İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə (əməyin mühafizəsi qaydalarının pozulması) təqsirli bilinərək 1500 manat cərimə olunması barədə qərar çıxarıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib