Dərc edilib: 21-09-2022

https://www.nuh.az/32197-.html

Dini ibadət yerlərinə təyin edilmiş şəxslərin adları açıqlandı - Siyahı

21.09.2022 11:46:11

LIVE

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq, 39 vakant vəzifənin tutulması üçün elan edilən müsahibədə 251 nəfər namizəd arasında müvəffəqiyyət qazanan 133 nəfərdən ən yüksək bal toplayaraq təyinat alan din xadimləri ilə görüş keçirilib.


Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün baş tutan görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durumdan, dövlət-din münasibətlərinin yüksək səviyyəsindən, dini dəyərlərə və din xadimlərinə qayğıdan bəhs edib.

Dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi və buna qarşı mübarizədə birliyin vacibliyi barədə də danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün güclü vasitədir. Onun cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətini məkrli qüvvələr də yaxşı başa düşür və bəzən bundan çirkin əməlləri üçün istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, xurafat, antimilli formaya salınır. Bu baxımdan mənəvi dəyərlərimizin tərkib hissəsi olan dindən dövlətçiliyimizə qarşı istifadənin qarşısının alınmasında din xadimlərinin, dini icma sədrlərinin aktivliyi xüsusi önəm daşıyır, o cümlədən, dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında, Vətənizimə bağlılıq hissinin gücləndirilməsində, milli-mənəvi, tolerant dəyərlərin təbliğində din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda, onların arxasınca gedən yüzlərlə, minlərlə möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.

Din xadimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayan Komitə sədri aparılan bu işlərin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə həyata keçirildiyini və İdarənin fətvalarının yerinə yetirilməsinin zəruriliyini onların diqqətinə çatdırıb.  

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Sahib Nağıyev və Gündüz İsmayılov din xadimlərinə tövsiyələrini verərək üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli olduqlarını qeyd edib, onlara həvalə edilən vəzifənin uğurla həyata keçirəcəklərinə ümidvar olduqlarını vurğulayıblar.

Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib