Dərc edilib: 07-10-2022

https://www.nuh.az/32314-.html

Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərin istintaqı başa çatdı - DETALLAR

07.10.2022 22:08:13

LIVE

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürərək mənimsəməkdə ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

NUH.az   publika.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı tamamlanıb. Prokurora çıxış etmək üçün söz verilsə də, o, çıxışa hazır olmadığını deyib. Məhkəmə ona çıxışa hazırlaşmaq üçün vaxt verib. Növbəti proses oktyabrın 21-də davam edəcək. İttihama görə, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın sələm verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu bu işə pul yatırmağa inandırıblar. Tağı Əhmədov isə YAP-ın Yasamal rayon təşkilatının binasında həmin şəxslərə pulları verib.

Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onları şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də Soltan Əliyev tanınıb. Təqsirləndirilən Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib. Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir. Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir. 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib