Dərc edilib: 17-10-2022

https://www.nuh.az/32387-.html

“Qozlu Körpü” gömrük postu və Səfər Mehdiyevin əlvan metal biznesi…

17.10.2022 23:35:24

İqtisadiyyat

Səfər Mehdiyev  əlva metalın kodunu dəyişməklə 85 MİLYONU necə mənimsəyib..?

 

Səfər Mehdiyev bir maşın latundan (23 ton) 20 min, bir maşın misdən ( 23 ton) 40 min manat qazanırdı…

 

 Təxminən 4 il əvvəl, daha dəqiq desək 26 yanvar 2019-cu il tarixdə, yəni  Səfər Mehdiyevin qılıncının dalı da kəsən vaxtda  NUH.az  saytında “Bu da DGK-da rüşvət və korrupsiya, cənab sədr !  Baş Gömrük  İdarəsi  ATEF şirkətinin əlvan metal ixracını qanunsuz  sənədləşdirib”  başlıqlı araşdırma yazısı dərc etmişdik.

Bu yazı həm də  DGK  sədri  Səfər Mehdiyevin bir müddət əvvəl “Ölkədə inhisarçılığın 1  faizini göstərsəniz, mən istefa verərəm”  açıqlamasına konkret, faktlara əsaslanan cavab  idi. Səfər Mehdiyev özünü elə aparırdı ki, guya gömrük sisemində rüşvətin kökünü kəsib.

NUH.az-ın bu araşdırma  yazısı  Səfər Mehdiyev üçün  “soyuq duş”  oldu.

Yazıda  söhbət  Səfər Mehdiyevin ölkədən ixrac edilən əlvan metalların KODUNU  dəyişərək dövlətə ziyan vurduğu…özünün isə qazandığı  yüz  milyonlardan gedirdi.


Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən latun, bürünc, misdən olan KÜLÇƏ, yəni xammala 10 faiz gömrük  rüsumu tətbiq olunur, HAZIR MƏHSUL olan MİS KATOD isə rüsumdan azaddır.

NUH.az-ın  2019-cu ildəki araşdırmasından bəlli olurdu ki, Səfər Mehdiyevin göstərişi ilə Bakı Gömrük  İdarəsi xammalı hazır məhsul kodu ilə sənədləşdirir və dövlətə külli miqdarda ziyan dəyir.

Həmən araşdırma yazısında  ATEF şirkətinə məxsus əlvan metal olan xammalın kodu dəyişdirilərək rüsumsuz-hazır məhsul kimi sənədləşdirilməsi qeyd olunmuşdu. Və əlvan metal  yüklü 3 maşın  xammalın Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda saxlanıldığı qeyd olunmuşdu.

NUH.az-ın əməkdaşı qarşı tərəfin  fikrini öyrənmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr  idarəsinin əməkdaşı  Şahin Rzalı ilə əlaqə saxlayanda , o, “Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək  heç bir cavab verməmişdi.

Məqalənin dərcindən cəmi bircə gün sonra DGK gurultulu bəyanat verərək, NUH.az-ı  həmin qurumun rəhbərliyinə qarşı qaralama kampaniyası təşkil etməkdə, hətta MƏDƏNİYYƏTSİZLİKDƏ suçlamışdı.

Səfər Mehdiyevin “ailə kantoru”  hətta bizi savadsızlıqda ittiham etmişdi.

Belə ki, DGK-nın bəyanatından məlum olurdu ki, “Sınıq Körpü” gömrük postunun adı 2 ay öncə dyişib  və NUH.az-ın bundan xəbəri olmayıb.

Biz  o zaman  Səfər Mehdiyevə yazdıq ki, söhbət gömrük postunun adından getmir, gömrük postunun adı Sınıq Körpü, Qozlu körpü, hətta Daşarx  da (Naxçıvanda post ) ola bilər. Bunun məsələnin mahiyyətinə dəxli yoxdur. Söhbət cinayət əməlindən, məhsulun kodunu dəyişərək dövlət büdcəsinə vurulan milyonlarla ziyandan gedir.

Sözün qısası, 4 il əvvəl yazdıqlarımız gec də olsa təsdiqini tapdı və Səfər Mehdiyev əməllərinə görə, Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırıldı.

Bəs görəsən, Səfr Mehdiyevin  dövlət büdcəsinə vurduğu 100 milyonlarla ziyanı kim ödəyəcək..?

NUH.az   yeni  araşdırma yazısında Səfər Mehdiyevin DGK-da qurduğu  rüşvət və korrupsiya mexanizminə aydınlıq gətirməyə çalışacaq.

Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Səfər Mehdiyev gömrük sistemində elə bir harınlamış, yırtıcı  rüşvət-korrupsiya-inhisarçı  sistem yaratmışdıki, bunun zərbəsini iş adamları, biznesmenlər çəkmişdi və üstəlik dövlət büdcəsinə yüz milyonlarla ziyan dəymişdi.

Səfər Mehdiyev hələ DGK  sədrinin 1-ci müavini olarkən sahibkarla qənim kəsilmişdi, onlara külli miqdarda maddi ziyan vurmuşdu.

2018-ci ildə Prezident İlham Əliyev cənabları Səfər Mehdiyevə etimad göstərib DGK-ya sədr təyin edəndə  o, gömrük sistemində ciddi müsbət  dəyişikliklər aparacağına söz vermişdi. Amma…

Əmması odur ki, Səfər Mehdiyev DGK sədri oalndan sonra daha  acgöz  şəkildə iş adamlarını istismar etməyə, dövlət büdcəsini dağıtmağa başladı.

Biz bu yazıda Səfər Mehdiyevin təkcə bir sahədən - əlvan metal ixracından qazandığı milyonlardan bəhs edəcəyik.

Yuxarıda qeyd etdiyimiz kimi Səfər Mehdiyev  xammal və hazır məhsul olan əlvan metalların kodunu dəyişməklə milyonlara sahib olub  və dövlət büdcəsinə ziyan vurub.

Sadə bir misalla məsələyə nəzər salaq.

Nazirlər  Kabinetinin qərarına əsasən  hər bir ixrac olunan  23 tonluq LATUN  yük  maşınına  20.000 manat gömrük rüsumu, hər bir 23  tonluq  MİS  yükünə  40.000 manat dövlətə  gömrük  rüsumu  ödənilməli olduğu halda, Səfər Mehdiyevin göstərişi ilə DGK əməkdaşları  xammalı hazır məhsul kodu ilə sənədləşdirərək  dövlətə heç 1 MANAT da gömrük rüsumu ödənilməyib, pullar Səfər Mehdiyevin və onun şəriklərinin cibinə axıb.

Beləcə, Səfər Mehdiyev təkcə kod əməliyyatı ilə  85.000.000, yəni 85 MİLYON MANAT pulu mənimsəyib.

Azərbaycandan saxta kodla Türkiyəyə ixrac olunan xammal ( yalançı hazır məhsul) Türkiyə dövlətinə ayrı kodla daxil olub. Yəni qardaş Türkiyə dövləti üçün də ciddi problem yaranıb.

Ümid edirik ki, hüqu-mühafizə orqanların araşdırmaları ciddi və obyektiv olacaq, dövlətə dəyən yüz milyonlarla ziyan dövlət büdcəsinə qaytarılacaq. Və maxinasiyalarda iştirak edən şirkətlərin adları cəmiyyətə bəlli olacaqdır.

NUH.az-a daxil olan məlumata görə, DGK-nın yeni sədr əvəzi Şahin Bağırov, 1-ci müavin və eyni zamanda Bakı Gömrük İdarəsinin sədr əvəzi  İsmayıl  Hüseynov metal biznesi ilə məşğul olan fırıldaqçı  şirkətlərin əməllərinin qarşısını alacaqlar.

Yeri gəlmişkən, Səfər Mehdiyev  bir vaxtlar İsmayıl  Hüseynovun bütün səlahiyyətlərini əlindən alaraq onu gözardı etmişdi.

Sahibkarlar ümid edir ki,  DGK-nın yeni rəhbərliyi  Şahin Bağırov,  İsmayıl  Hüseynov  və  Bəhruz Quliyev  Prezidentin etimadını doğruldacaqlar və  Səfər Mehdiyevdən qalma problemləri qısa zamanda aradan qaldıracaqlar.

Növbəti yazıda DGK ilə bağlı başqa problemləri araşdıracağıq.


NUH informasiya agentliyi səhifəsindən çap edilib