Dərc edilib: 18-10-2022

https://www.nuh.az/32391-.html

Uşaqlar üçün ölüm kabusu - antibiotiklərlə necə davranmalı...

18.10.2022 08:38:27

LIVE

Vaqif Qarayev: “Kor-koranə uşaqlara antibiotik verirlər, vaxtında müdaxilə edib tənzimləməsək, xəstəni itirə bilərik”

Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb. Hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib. Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub. Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, az öncə Bakıda bənzər faciə yaşanmışdı. Məktəbli qız tibb bacısı tərəfindən antibiotik sınağı zamanı anafilaktik şokdan ölmüşdü.

Bəs belə halları necə önləməli? Artıq yoluxucu xəstəliklərin özünü daha çox göstərdiyi soyuq payız-qış dövrünə girmişik. Sirr deyil ki, bəzən valideynlər infeksion xəstə olan uşaqlarına antibiotik vurdururlar. Guya bununla uşaq xəstəlikdən daha tez sağalacaq. Ancaq bu zaman antibiotiklərin ən ağır fəsadlarından olan güclü allergiyadan onlar bixəbər olurlar. Valideynlər nələrə diqqət etməlidir?

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Antibiotiki mütləq həkim təyin etməlidir. Telefonla yox, virtual yox, qonşu, tibbi bacısının məsləhəti ilə yox. Aptekdən də soruşmasınlar. Hər zaman aptekdə diqqət edirəm, alıcı deyir uşağın qızdırması var, əczaçı üç antibiotiki çıxarıb göstərir. Bəzən dözməyib qışqırıram ki, sən qızdırmanın səbəbini bilirsən ki, bu qədər antibiotik çıxarırsan. Kor-koranə valideynlər uşaqlarına antibiotik verir. Bilirəm, bəzi həkimlər də antibiotikə çox meyllidir. Təbabətin öz qayda-qanunu var. Müayinə olunmalıdır, qanın ümumi müayinə göstəricilərinə mütləq baxılmalıdır. Qanın ümumi analizi çox sadə analizdir. Ancaq oradakı göstəricilərdən həkim qənaətə gəlir ki, virus başqadır, bakteriya başqa. Biz hər şeyə virus deyirik. COVİD-dən sonra virus təhlükəli "cin" olub. Virus infeksiyalarında antibiotik təyin olunmur. Analizdən, həm müayinələrdən biz onu görürük. Amma bakterial infeksiya analizdə göstərir. Əgər  göstəricilər yuxarıdırsa, biz mütləq antibiotiklər təyin etməliyik. İkincisi, tibb tələb edir ki, antibiotiklər ancaq xəstəxana şəraitində vurulsun. Əgər antibiotik təyin ediriksə, deməli, bu uşaqda ciddi problem var. Deməli, o, xəstəxana şəraitində, tibbi personalın nəzarəti altında olmalıdır. Amma bizdə bu yoxdur. Çünki bir qayda da var. Antibiotiklər həkim resepti əsasında buraxılmalıdır. Aptekin ixtiyarı yoxdur ki, müştəriyə reseptsiz antibiotik versin. Bizdə aptekdə heç soruşmurlar da. Valideyn həkimdən telefonla soruşub yazır. Satıcı da telefondakı yazıya baxır, sonra dərmanı verir. Bu düzgün deyil. Bizdə, ümumiyyətlə, dərman bazarında hərc-mərclik hökm sürür. Düzdür, aptek satışla məşğul olur, amma tibbi müəssisə hesab olunur. Dünyanın hər yerində belədir. Amma bizdə kim daha çox satacaq, o daha yaxşıdır".

Medicina.az - : "Ana bətnində talassemiya xəstəliyinin aşkar edilməsi mümkündür"Vaqif Qarayev

Vaqif Qarayev

Həkim antibiotiklərin əks-təsir etməsinin digər səbəblərini də açıqlayıb: “Sovet dövründə bu qədər antibiotik yox idi. Dəriiçi sınaq qoyulurdu. Sınaq dərman dəri altına yeridilsə, onun kristalları mütləq dərini şişirdəcək. Qızartı yaradacaq, nəticə də bu olacaq ki, bu orqanizm antibiotik götürmür. Misal üçün uşaqlara "mantu" vurulur, o, dəri altına vurulmur. Eyni qayda da antibiotik dəriiçi vurulmalıdır. Burada da peşəkarlıq tələb olunur. Amma sınaq olsa da, heç bir qızartı, şişkinlik yoxdursa belə, allergiya gözləniləndir. Ona görə deyirlər ki, antibiotiklərin təyinatı və yeridilməsi xəstəxana şəraitində olmalıdır. Bizdə bir çox tibb bacıları sınağı səhv qoyurlar. Düz etsə belə, bir hadisə olanda belə heç nə edə bilmirlər. Bir qayda da var, harada iynə otağı varsa, poliklinika, xəstəxana varsa, orada şok əleyhinə komplekt olmalıdır ki, bir hadisə baş verən kimi tibbi personal onu şokdan çıxara bilsin. Təbabətdə belə bir ifadə var, “ildırımvari” anafilaktik şok. Bir neçə saniyənin içərisində antibiotik anafilaktik şok yaradır. Bir neçə saniyənin içərisində biz xəstəyə kömək etməsək, onu itiririk. Ona görə deyirlər ki, antibiotiklər tibb personalının nəzarəti ilə vurulmalıdır. Şokun ən birinci əlaməti, qan təzyiqi kəskin aşağı düşür. Vaxtında müdaxilə edib, tənzimləməsək, xəstəni itirəcəyik. Yalnız bölgələr deyil, Bakıda da belə hadisələr çox baş verir. Burada valideynin də günahı var, amma həkimlərin günahını da istisna etmirəm. Poliklinikalarda hər uşağın şəxsi kartı olur. O dəftərçənin görünən yerində yazılmalıdır ki, uşağın antibiotikə reaksiyası var. Əslində o dəftərçələr də aradan götürülməlidir, uşaqla bağlı məlumatlar elektronlaşmalıdır. Hər bir uşağın elektron kartı olmalıdır. Valideyn o kartı verməlidir, o kart kompüterdə açılmalı, uşağa aid məlumatlar görünməlidir. Valideynlər hər hansı antibiotikdən sonra uşağında səpki, qusma, diskomfort hiss edirlərsə, mütləq növbəti həkimə gedəndə deməlidir ki, filan dərmandan sonra reaksiya olub.

Pensillin icad olunan ilk antibiotikdir və vaxtilə milyonlarla insanları ölümdən qurtarıb. Amma bu antibiotikin allergik təsiri həddindən artıq yüksəkdir. Sovet dönəmində dəriiçi sınaq qoyulurdu. Əgər müəyyən müddət ərzində dəridə səpki olsa, bu antibiotik həmin şəxsə yararsız və təhlükəli hesab olunurdu. Ancaq bu sınağı dərialtı etmək olmaz, qızara, şişkinlik yarada bilər".

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev isə bildirib ki, payız və qış mövsümlərində qrip virusuna daha çox rast gəlinir: “İnfeksiyaların müalicəsi yalnız əlamətlərə uyğun təyin olunur. Rotavirus və adenovirusun müalicəsi zamanı əsas məqsəd dispeptik əlamətləri aradan qaldırmaq və hərarəti salmaqdır. Valideynlərə tövsiyəmiz odur ki, belə hallarda qızdırmanı salan dərmanlardan istifadə etsinlər və bol maye qəbulunu təmin etsinlər. Əgər uşaqda qızdırmasalıcı dərmanlara tabe olmayan temperatur, maye itkisinə bağlı olaraq halsızlıq, yorğunluq, iştahsızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir.

İnfluenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməyə başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlərində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutqunluğunu aradan qaldırmaq, bol maye qəbulu və istirahəti təmin etmək vacib şərtlərdəndir. Bundan əlavə, valideynlər həkimlə mütəmadi əlaqə saxlamalıdırlar. Bilməlisiniz ki, qripin başlanğıcında fəsadların inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yanlış fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olunan qayda ilə qəbul edilə bilər".

Səhiyyə Nazirliyi antibiotik istifadəsi zamanı bir sıra qaydalara əməl etməyi tövsiyə edir: “Əgər istifadə etdiyimiz antibiotik həb şəklindədirsə, bol su ilə qəbul edilməlidir. Antibiotik qəbul edən saatlara riayət edilməli və antibiotiklər lazımi vaxtda alınmırsa, növbəti saat ərzində həddindən artıq doz qəbul edilməməlidir. Yanaşı qəbul etdiyimiz  davamlı dərmanlar  varsa, antibiotik təyin etmədən həkimə bu barədə məlumat verilməlidir.  Bəzi antibiotik növləri alkoqol istifadəsi nəticəsində ciddi yan təsirlərə səbəb olur. Bu cür qarşılıqlı təsirlər müalicənin uzanması və təsir yükünün azalması kimi bir çox nəticəyə səbəb ola bilər. Bu cür halların qarşısını almaq üçün yalnız həkim təyinatı üzrə antibiotik  qəbul etməli və müalicə zamanı xüsusi vəziyyətlərə diqqətlə riayət edilməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

NUH informasiya agentliyi səhifəsindən çap edilib