Dərc edilib: 18-10-2022

https://www.nuh.az/32395-.html

Fəzail İbrahimli OD PÜSKÜRDÜ....

18.10.2022 21:37:55

Müsahibə

“Milli Məclis sədrinin yazısı ilə bağlı fikirlər səsləndirilir. Bu gün əlinə qələm alıb bu yolda çörək qazananlar düşünməlidir. Özünün elmi fəaliyyəti ilə Azərbaycan elminə şan-şöhrət gətirən bir xanımın imzasına müdaxilə etmək olmaz. Digərləri, MM-in üzvləri - Eldar Quliyev, Səttar Möhbalıyev və “Azərbaycan” qəzeti. Haradan qaynaqlanır bu? Niyə bizə qarşı bu münasibət var? Niyə bizim qəzetlər susurlar? Buna cavab verilməli, dayandırılmalıdır!” 


“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fəzail İbrahimli Milli Məclisdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu qəzetə qarşı mövqe, kin, küdurət o qədərdir ki, hətta gözləri ayaqlarının altını görməyib Azərbaycanın bütün strukturlarına hücuma keçiblər: “Qanunvericilik orqanı ilə işlərini bitiriblər, keçiblər hökumətə. Əli Əhmədov Baş nazirin müavini, YAP-ın sədr müavinidir. Yəqin o yazını yazanlar da YAP üzvləridir. Ə. Əhmədov uzun müddət YAP-ın icra katibi işləyib. Bu nə münasibətdir, bu nə hikkədir? Onun arxasında duran məsələlər açılmalıdır! Sənin “Azərbaycan” qəzeti ilə intriqan var? Münasibətin pisdir? Nifrətin var? Nifrət dalğasını bu formada yaymaq olmaz! Hədəf kim götürülür? Cənab Prezidentin 19 illik fəaliyyəti ilə bağlı yazan bütün adamlar hədəf göürülür. Azərbaycanın nailiyyətləri ilə bağlı yazanlar hədəf götürülür. Ermənistan üzərində qələbəmizin əsas mahiyyətini ifadə edən adamlar hədəf götürülür.

Soxmayın burnunuzu belə yazılara. Azərbaycanda hər kəs bir-birini tanıyır: Genetik kodundan tutmuş ayaqqabısının ölçüsünə qədər. Həyat tərzi, elmi fəaliyyəti, düşüncəsi göz qabağındadır. Azərbaycanın bütün strukturlarına hər hansı saytın bu cür hücumu haradansa qaynaqlanır. Bu qaynaqlar dayandırılmalıdır. Cənab Prezidentin fəaliyyətini işıqlandıran adamların üzərinə gəlmək... Mən bilmirəm bu necə cəsarət sahibidir?! Kimlər durur bunun arxasında? Güman edirəm ki, Mətbuat Şurası bununla məşğul olmalıdır. Azərbaycanda qayda-qanun var. Qayda-qanun çərçivəsində də hərəkət olunmalıdır”.

Qeyd edək ki, ötən gün Konkret.az-ın Analitik Qrupu “Azərbaycan” qəzetinin 15 oktyabr tarixində çıxan nömrəsini kəskin tənqid edib. Qeyd olunub ki, qəzetdə yer alan rəsmi şəxslərin məqalələri və ya onların imzası ilə verilmiş yazılar qalib ölkənin rəhbərinin adına layiq deyil. Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin hamısı ucdantutma plagiat, oğurluqdur. 

Sözügedən nömrədə tənqid hədəfinə tuş gələn yazılar arasında millət vəkilləri: F. İbrahimli, S.Möhbalıyev və Baş nazirin müavini Ə. Əhmədovun məqalələri də yer alıb. Maraqlıdır ki, F. İbrahimli həmin plagiat materiallara aydınlıq gətirmək əvəzinə bu ayıba güzgü tutanları hədəfə alıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib