Dərc edilib: 19-10-2022

https://www.nuh.az/32406-.html

Bakıda xəstə ağacların müalicəsi üçün Almaniyadan həkimlər gəlib..Foto

19.10.2022 15:38:41

İdman

Xəbər verildiyi kimi, paytaxtın bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması halları müşahidə olunur. 

 

 “Qafqazinfo” xəbər verir ki, bu hal dövlət qurumlarını və ictimaiyyət nümayəndələrini ciddi narahat edir, vətəndaşlar tərəfindən bununla bağlı müxtəlif dövlət qurumlarına müraciətlər də edilir. 

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin  iştirakı ilə müşavirə və görüşlər  keçirilib. Bakıya xarici ölkələrdən alimlər, o cümlədən BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının aparıcı mütəxəssisi Şiroma Satyapala, İsraildən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz, həmçinin Rusiya, Almaniya, Türkiyədən alimlər dəvət edilib, onlar yerli mütəxəssislərlə birgə  paytaxt ərazilərində araşdırmalar aparıblar. 

Mütəxəssislərin araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, bu hallar qlobal iqlim dəyişiklikləri hesabına baş verir. Əvvəllər də rast gəlinməsinə baxmayaraq, kütləvi hal almayan bu xəstəlik virus kimi yayılır. Lakin xəstəlik immun sistemi güclü olan ağaclara təsir etmir və guya ağacların suvarılmaması səbəbindən quruması barədə səsləndirilən fikirlər əsassızdır.

Mütəxəssislər qeyd edir ki, dünyanın əksər ölkələrində şam ağaclarında müşahidə edilən bu prosesin uzun illər davam etməsinə baxmayaraq, yalnız 3 il əvvəl Qafqaz bölgəsində qeydə alınıb. Xarici mütəxəssislər də qeyd edir ki, Azərbaycanda, xüsusilə də Bakıda bu xəstəliyə qarşı kütləvi mübarizə tədbirləri aparıldığından vəziyyət Almaniya, Kanada, Gürcüstan və Amerikadakından xeyli yaxşıdır.
 
Hazırda tədbirlər planının icrası istiqamətində paytaxtda xəstə ağacların inventarlaşdırılması işləri gündəlik davam etdirilir. Aparılan reydlərdə aidiyyəti qurumların əməkdaşları və mütəxəssislərlə yanaşı, “Regional İnkişaf” İctimai Birliyinin əvvəlcədən təlimatlandırılmış könüllüləri də fəal iştirak edirlər.

Şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədilə mütəxəssislərin müxtəlif müalicə üsulları tətbiq olunur, ağaclara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir və onlar kimyəvi məhlullarla yuyulurlar. Müalicəsi mümkün olmayan ağaclar isə kəsilərək utilizasiya edilir. Bu il ərzində kəsilərək utilizasiya edilən ağacların sayı 3 mindən çoxdur.

Ümumilikdə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktik tədbirlər daha geniş miqyas alacaq. 

 







NUH informasiya agentliyi səhifəsindən çap edilib