Dərc edilib: 28-10-2022

https://www.nuh.az/32491-.html

Heydər Əliyevin Nüvədi sakinlərinə verdiyi torpaq niyə TAPILMIR ?

28.10.2022 12:36:25

Cəmiyyət

 

Qoşqar Əliyev kimə 20-30 min təklif edib..?

 

Gəl sənə 20-30 min verim, boğazına qurğuşun tök, səsini kəs yerində otur, qarışma bu işə...

 

1991-ci ilin avqust ayının 8-də  Qərbi Azərbaycanda azərbaycanlıların sonuncu qalası olan Nüvədi kəndinin sakinləri doğma yurdlarını  tərk etməyə məcbur oldular. Onlar bir müddət Zəngilan rayonunun Vejnəli kəndində çadırlarda məskunlaşdılar.

Ulu Öndər Heydər Əliyev öz məşhur çıxışında demişdir:

“Nüvədi əhalisi çox dəyanətli insanlardırlar...onlar  axıra qədər  müqavimət göstərdilər”.

Öz   qədim yurdlarını tərk etməyə məcbur olan kənd sakinlərinin bir ərazidə kompakt  məskunlaşması  üçün torpaq ayrılması  məqsədilə  Nüvədi kəndinin əvvəllər kolxoz sədri, son illər isə məktəb direktoru olmuş, kənd camaatının  rəğbətini qazanmış  Cəlal Soltanəli oğlu Əliyev kənd camaatının adından 1992-93-cü illərdə dövlət qurumlarına müraciət etmişdir.

Nəhayət  1996-cı ildə Ulu Öndər Heydər Əliyev Nüvədi kənd  sakinlərinin məskunlaşması üçün Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi  ərazisində, Aqrar İstehsalat Birliyinin balansından 256 hektar torpaq sahəsinin  ayrılması üçün göstəriş verib və rəsmi olaraq torpaq sahəsi ayrılıb.

Sonradan bu məsələnin  təşəbbüskarı  Cəlal Əliyev rəhmətə gedib və onun oğlu ATU-nun fəlsəfə kafedrasının müdiri Qoşqar Cəlal oğlu Əliyev kənd sakinlərini  aldadaraq deyib ki, məsələ baş tutmadı və torpaq məsələsi alınmadı. Beləliklə camaatın sonuncu ümidi də bitib.  

Bu məsələnin üstündən illər keçəndən sonra vaxtilə Nüvədi kənd kolxozunda mühasib işləmiş  Əliyev İsmayıl Xucu oğlu və kənd sakini Fərəcov Xəyyam Fərəc oğlu kənd sakinlərinə bildiriblər ki, camaata verilən torpaq sahəsinin izinə düşümüşük, həmin torpaq sahəsi Cəlal Əliyevin oğlu Qoşqar Əliyev tərəfindən mənimsənilib.

Beləliklə  2022-ci ilin fevral  ayından başlayaraq  İsmayıl Əliyevin və Xəyyam Fərəcovun təşəbbüsü ilə kənd sakinləri öz hüquqlarını bərpa etmək üçün lazım olan müraciətləri imzalayaraq bu şəxslərə təqdim ediblər.

Ancaq o vaxtdan  2022-ci ilin sentyabr ayına kimi kənd sakinlərinin müraciətindən  səs-səmir çıxmayıb.

Belə olan halda kənd sakinləri olan Əzimov Əzim, Babayev Ruslan Pənah oğlu, Abbasov Asəf Məhərrəm oğlu yeni Təşəbbüs Qrupu yaradaraq kənd sakinlərinin pozulan hüquqlarını müdafiə etmək üçün  sakinlərin imzası ilə Prezidentə, DİN-ə, Baş prokurorluğa müraciətlər ünvanlayıblar.

Prezident  Administrasiyası kənd sakinlərinin müraciətini Abşeron RİH-ə göndərib. RİH-nin Hüquq şöbəsinin müdiri Rəşad isə sakinləri, yaxud Təşəbbüskarları dəvət etmək əvəzinə  Qoşqar Əliyevi, İsmayıl Əliyevi və Xəyyam Fərəcovu yanına çağırıb.

Onu da qeyd edək ki, Qoşqar Əliyevin qohumları yüksək vəzifədə işləyir, İsmayıl Əliyev isə  Abşeronun icra başçısı Abdin Fərzəliyevin yaxın dostudur, Xəyyamı isə Abşeronda torpaq alverçisi kimi tanıyırlar.

Deməli, Abşeron icra hakimiyyətindən sakinlərə bildiriblər ki, iddia  etdiyiniz  torpaqsahəsi  tapılmadı. Və beləcə Prezidentə də saxta  cavab veriblər.

Bütün bu ədalətsizliyə və saxtakarlığa cavab olaraq kənd sakinləri adından Birinci  Vitse Prezident  Mehriban xanım Əliyevaya, DTX-ya, Ədliyyə Nazirliyinə, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər olunub.

Sonuncu dəfə Təşəbbüs qrupunun üzvlərini Əl Oyunları Sarayında Birinci Vitse Prezidentin nümayədəsi qəbul edib və  bildirib ki, bu çox ciddi və mühüm məsələdir, araşdırılıb cavab veriləcək.

 

Redaksiyadan: Qoşqar məni çağırdı Binəqədi RİH-nin qabağına və mənə dedi ki, gəl sənə 20-30 min verim...boğazına qurğuşun tök, səsini kəs yerində otur, qarışma bu işə...

Ümid edirik ki, bu səs yazısını hüquq-mühafizə orqanları araşdıraraq haqq-ədaləti bərpa edəcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib