Dərc edilib: 28-10-2022

https://www.nuh.az/32492-.html

Bakıda 289 nəfərin öldüyü metro faciəsindən 27 il ötür

28.10.2022 13:10:28

LIVE

Bu gün Bakı Metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş dəhşətli faciədən 27 il ötür. 


“Qafqazinfo” xəbər verir ki, 1995-ci il oktyabrın 28-də tuneldə baş vermiş yanğın zamanı 28-i uşaq olmaqla 289 nəfər ölüb, 270 nəfər isə yaralanıb. 

Hadisənin qatardakı texniki nasazlıq - avadanlığın köhnəlməsi ucbatından baş verdiyi bildirirdi. İstintaq araşdırmalarına görə, tələfatın böyük olmasına səbəb qatarı idarə edən maşinistin səhvi olub. Belə ki, maşinist yanğın başlayan zaman qatarı tuneldə saxlayıb. Sərnişinlər təşviş içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğuna görə tuneldəki insanlar havasızlıqdan, eləcə də ayaqlar altında qalaraq həlak olublar. Qatarda olanların əksəriyyəti isə zəhərli tüstüdən boğulub.

Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Faciənin daha geniş miqyas almamasında həyatı bahasına şücaət göstərmiş C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin müavini, baş leytenant Çingiz Babayev və məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev, Samir Məmmədovun adları xüsusi qeyd olunmalıdırlar. Onlarla insanı ölümdən xilas edib özü həlak olan Çingiz Adil oğlu Babayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Kursantlar 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov “İgidliyə görə’’ medalı ilə təltif olunublar.

Həmin vaxt Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 günlük matəm elan edilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib