Dərc edilib: 02-11-2022

https://www.nuh.az/32540-.html

Gürcüstana DOLLAR verib, QOYUN alırıq...

02.11.2022 08:29:51

LIVE

Statistika onu göstərir ki, qonşu Dağıstandan da qoyun alan Azərbaycan ətə olan tələbatını ödəyə bilmir 


Azərbaycanda heyvandarlıq məhsulları, xüsusilə də ətlə özünütəminat səviyyəsi bir qayda olaraq yüksək hesab olunur. Rəsmi  statistikaya əsasən, 2021-ci ilin yekununda mal əti üzrə özünütəminat səviyyəsi 87,4 faizə, qoyun-keçi əti üzrə 97,3 faizə, quş əti üzrə 79 faizə çatıb. Rəsmi statistika həmçinin deyir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda quş əti də daxil olmaqla, diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 411,2 min ton təşkil edib.

Ümumiyyətlə, artıq neçə illərdir Azərbaycanda ət istehsalında davamlı artım dinamikası qeydə alınır. Bu zaman ət idxalında, əsasən mal və qoyun əti idxalında azalma müşahidə olunur. Ötən il Azərbaycanda qoyun-keçi əti istehlakı 91 min 734 ton olub, bunun da 1 627 tonu idxal məhsulu olub. Qoyun-keçi əti idxalı 2019-cu ildə 2105 ton təşkil etmişdi. Bu isə bu ət növü üzrə idxalın azaldığını göstərir.

Çox maraqlıdır ki, ət istehsalının artımı, idxalın azalması ölkədə diri qoyunların sayının azalması fonunda qeydə alınır. Bunun səbəbi daha çox xaricdən diri qoyun idxalındakı artıma bağlıdır.

Rəqəmlərə baxsaq görərik ki, rəsmi statistika 2022-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 7 milyon 928,4 min baş qoyun və keçi qeydə alıb. Ötən ilin eyni dövründə qoyun-keçi sayı 8 milyon 197,3 min baş olmuşdu. Bu isə baş sayının 3,3 faiz azalması deməkdir. Ölkədə qoyun sayının azalması diri qoyun idxalının artımı ilə müşayiət olunur. Bu ilin yanvar-avqustunda Azərbaycana 6 milyon 969,1 min dollar dəyərində 73 193 baş diri qoyun idxal olunub.  Bunun 58 915 başı (5 milyon 64,19 min dollar) Gürcüstandan, 12 153 başı Rusiyadan (975,63 min dollar) 2037 başı Türkiyədən (869,14 min dollar), 88 başı Bolqarıstandan (60,2 min dollar) gətirilib. Bu ilin 8 ayında qoyun idxalı say etibarilə ötən ilin eyni dövrünə nisbətən 1,6 faiz çox olub. Ötən il bir qoyun orta hesabla 92 dollara, bu il 95,2 dollara idxal olunub. Bu il Rusiyadan idxal olunan 1 qoyuna 80,3 dollar, Gürcüstandan 86 dollar, Türkiyədən 426,7 dollar, Bolqarıstandan 684 dollar ödənilib.

Gürcüstan statistika orqanının məlumatına əsasən, bu ilin doqquz ayı ərzində bu ölkədən 16,9 milyon dollar dəyərində qoyun ixrac edilib ki, bunun yarıya qədəri -  təxminən 8 milyon dollarlığı Azərbaycana satılıb. Gürcüstan Qoyunçular Assosiasiyasının rəhbəri Beka Qoqaşvilinin sözlərinə görə, yerli fermerlər heyvanların qiymətini aşağı salıblar ki, (240-270 lariyə- 147-165 manat) bu da son həftələrdə ixracın xeyli artmasına səbəb olub.

Statistika onu da göstərir ki, indiki mərhələdə təkcə Gürcüstandan deyil, qonşu Dağıstandan da qoyun alan Azərbaycan ətə olan tələbatını təkcə yerli istehsal hesabına ödəyə bilmir. Azərbaycanın qoyunçuluğu ilə məşhur olduğunu nəzərə alsaq, statistika ölkəmizdə bu təsərrüfatların sayının ildən-ilə azaldığını göstərir.

Kəlbəcər, Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinq aparılır - 21.06.2022, Sputnik Azərbaycan

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının Azərbaycanda qoyunçuluğun inkişafına dair 2019-cu ildə təqdim etdiyi “Azərbaycanda qoyunçuluq üzrə dəyər zəncirinin inkişafı” adlı hesabatdan aydın olur, ölkəmiz regionda qoyun idxal edən yeganə ölkədir. İribuynuzlu mal-qara və qoyunların yetişdirilməsi Azərbaycanda ən çox üstünlük verilən və məhsuldar heyvandarlıq növü olduğundan, qoyunçuluq sektoru böyük əhəmiyyət kəsb edir. Qoyunçuluq sektoru əhəmiyyətli qida mənbəyi (ət və pendir) və kənd yerlərində yaşayış vasitəsidir. Hesabat müəllifləri bildirirlər ki, hazırda sektorda tələb və təklifin dəyişməsi ilə əlaqədar narahatlıq doğuran vəziyyət yaranıb. Bu problemlərin həlli üçün direktiv orqanlar yarımintensiv və intensiv kənd təsərrüfatı metodları əsasında kommersiya fermaları ilə müasir qoyunçuluq sektoruna keçməyi nəzərdə tuturlar. Hesabatın hazırlanmasından keçən 3 ildə vəziyyətin qoyunçuluğun xeyrinə dəyişdiyini söyləmək mümkün deyil: xaricdən qoyun idxalında müşahidə olunan davamlı artım dinamikası bundan xəbər verir.

Məlumdur ki, Azərbaycanda heyvan sayının mühüm hissəsi ixtisaslaşmış iri fermer təsərrüfatlarının deyil, fərdi ev təsərrüfatlarının mülkiyyətindədir. Ölkə üzrə qoyun saxlayan təsərrüfatların ümumi sayı180 min civarındadır. Bu təsərrüfatların 80 faizi ölkə üzrə qoyun sayının 35 faizinə, 8 faizi isə qoyun  sayının 46 faizinə sahibdir. Bu, qoyunçuluq sahəsində iri təsərrüfatların rolunun çox böyük olmasından xəbər verir. Son illərdə hökumətin bitkiçiliyin inkişafı üçün min hektarlarla otlaq-örüş yerlərini əkin altına salması qoyunçuluq təsərrüfatlarına ciddi problemlər yaradır. Qoyunçuluq təsərrüfatları yaylaq və qışlaq çatışmazlığı ilə üzləşərək heyvan sayını ixtisar etməyə məcbur olurlar. Az sayda iri təsərrüfatlar var ki, məhsuldar qoyun cinslərinin idxalını sürətləndirməklə baş sayının azalmasından dolayı yaranan itkilərini kompensasiya etməyə çalışırlar. Lakin hələlik bu cəhdlər ölkə üzrə ümumi istehsala ciddi təsir edəcək həddə çatmayıb. Buna görə də tələbatın artması fonunda baş sayının azalması idxal hesabına kompensasiya olunur.

FAO mütəxəssisləri Azərbaycanda qoyunçuluq sahəsində istehsalın artırılmasına mane olan bir sıra problemləri qeyd edirlər: “Biliklərin yayılmasının, demək olar ki, qeyri-mövcud sistemi sayəsində kiçik fermerlər elmi idarəetmə metodları haqqında məlumatlı deyillər, halbuki böyük sürü sahibləri elmi metodların həyata keçirilməsi üçün vasitələrə malikdirlər. Ölüm və xəstəlik hallarının yüksək səviyyəsi dövlət müəssisələri tərəfindən profilaktik və müalicəvi səhiyyə xidmətlərinin kifayət qədər ərazini əhatə etməməsindən irəli gəlir. Xüsusi baytarlıq mağazalarının əsas vaksinlərə məhdud çıxışı bu problemi daha da ağırlaşdırır. Fermerlərin əksəriyyəti "ödənişsiz" olmalı olan baytarlıq xidmətləri üçün artıq ödəniş etməlidirlər. Fermerlər əsas problem kimi yüksək keyfiyyətli damazlıq qoçların çatışmamasını bildirirlər. Və hələlik sonuncu bənd olaraq, qoyunçuluğu məhdudlaşdıran əsas amillərdən birinin yem və yem bitkiləri olduğu bildirilmişdir". 

 

Qurbanlıq qoyunlar onlayn satılacaq

Azərbaycanda qoyunçuluğun getdikcə öz yerini itirməsinin səbəblərindən biri kimi yerli mütəxəssislər otlaqların səhralaşması nəticəsində yaranan məhdud yem bazasını göstərirlər ki, bunun da nəticəsində yem üçün əsas komponentlər xaricdən alınmağa məcbur olur. Heyvandarların xərcləri daim artdığından, fərdi təsərrüfatlar çox vaxt vəziyyətin öhdəsindən gələ bilmir və müflis olurlar. Rəsmi statistikadan da aydın olur ki, ölkədə yemlik bitkilərin əkin sahəsi və istehsalı sürətlə azalır. Məsələn, silos və yaşıl yem üçün qarğıdalı  əkinləri 2020-ci  ildəki 2,6 min hektardan 2021-ci ildə 1,2 min hektara, istehsal isə 399,2 min tondan 308,9 min tona düşüb. Yaşıl kütlə ot istehsalı 2020-ci ildə 4 milyon 595,8 min  ton, 2021-ci ildə isə 4 milyon 691,5 min ton təşkil edib. Ot istehsalının çox böyük hissəsi çoxillik otlardan əldə olunub - 2021-ci ildə 3 milyon 121 min ton. Ötən il təbii və yaxşılaşdırılmış biçənəklərdən 1 milyon 550,2 min ton ot əldə olunub.

Heyvandarlıqda istifadə olunan qüvvəli yem və yem əlavələrinin çox mühüm hissəsi idxal olunur. Doğrudur, bu il qlobal ərzaq qiymətlərindəki bahalaşmanın Azərbaycana təsirlərini azaltmaq üçün hökumət belə yem və yem əlavələrinin idxalını və satışını ƏDV-dən azad edib. Lakin  qısamüddətli dövr (1-1,5 illik) üçün atılan bu addımların qoyunçuluq sahəsində köklü dəyişiklik yaradacağı az ethimal olunur. Çünki bu sahənin problemlərinin həlli uzunmüddətli proqramların həyata keçirilməsini tələb edir.

FAO mütəxəssislərinə görə, Azərbaycanda qoyunçuluq sahəsində məhsuldarlığın aşağı olmasının əsas səbəbləri sırasında yem bazasının kasadlığı ilə yanaşı, 5-8 aylıq quzuların kəsimə verilməsi də mühüm rol oynayır. Belə ki, ölkədə əsas tələbat quzu ətinədir. Buna görə də fermerlər, ev təsərrüfatları qoyunları kiçik çəkidə olarkən kəsməli olurlar. Halbuki dünya praktikası da göstərir ki, 1-1,5 yaşlı qoyunlardan daha çox ət almaq, yəni daha çox qazanc götürmək mümkündür.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda qoyunçuluq sektorunun inkişafı artan daxili tələbatın ödənilməsinə və idxalın azaldılmasına, həmçinin Yaxın Şərq ölkələrinə ixrac imkanlarının araşdırılmasına yönəldilməlidir. Bildirilir ki, qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti məsələləri daxili bazarda getdikcə daha çox əhəmiyyət kəsb edəcək. Bu tələblər ixrac bazarı üçün əsas ilkin şərtdir. Digər tərəfdən, ixrac bazarı diri qoyun üçün deyil, yalnız ət üçün nəzərdə tutulub. Deməli, ixrac bazarında tələbatı ödəyən ixrac infrastrukturunu yaratmaq lazımdır.

Onu da qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonları tarixən qoyunçuluğun inkişafı baxımından ən əlverişli ərazilər hesab olunur. O torpaqlar azad edildikdən sonra qoyunçuluq təsərrüfatları fəal şəkildə Laçın və Kəlbəcərə köçürüldü, otlaqlar genişləndirildi. Amma iri və xırdabuynuzlu heyvanlar üçün tam yem bazası formalaşana qədər yaz və yay otlaqları kifayət etmir. Heyvandarlığın intensiv inkişafı həm də qış otlaqlarının müəyyən sahələrini tələb edir. Amma əsasən bu otlaqların yerləşdiyi Ceyrançöl ərazisində müxtəlif bitkilərin əkilməsi üçün torpaqların bir hissəsi yerli fermerlərdən alınıb. Yerli qoyunçuların isə qapalı təsərrüfatlarda heyvan saxlamağa imkanı yoxdur - bu, çox bahadır. Belə imkanı olan iri təsərrüfatlarda qoyun əti istehsalının maya dəyəri baha başa gəldiyinə görə diri quzu idxalı getdikcə artır...

Dünya SAKİT,

Yeni Musavat  


NUH informasiya agentliyi səhifəsindən çap edilib