Dərc edilib: 03-11-2022

https://www.nuh.az/32551-.html

Heykəllər, abidələr millətin tarixi yaddaşıdır….

03.11.2022 10:58:49

Mədəniyyət

 

Heydər Əliyev Fonduna  müraciət…

 

Dahilərimizin heykəllərini güllələyən erməni ilə abidələrimizə  laqeyd olan məmurun nə fərqi..? 

 

Heykəllər  təkcə  incəsənət  əsərləri deyil, həm də  millətin keçmişidir, tarixi  yaddaşıdır.

Biz hələ ötən əsrin 90-cı illərində yazmışdıq ki, tarixi buldozerə vermək olmaz, tarixə ehtiramla, hörmətlə  yanaşmaq lazımdır.

Bir daha qeyd etmək istəyirik ki, hər bir şəhərin tarixi yaddaşı var və heykəllər də tarixi yaddaşın bir hissəsidir.

Ümumiyyətlə,  heykəltəraşlıq qədim dövrlərdən üzü bəri  cəmiyyətin  maraq göstərdiyi bir sahədir.

Hər  bir şəhərin  özünəməxsus, yaraşıqlı  heykəlləri olur.

Paytaxtımız Bakı şəhərində də dahi Nizaminin, Nəsiminin, Xətainin, Füzulinin, Sabirin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Nəriman Nərimanovun, Xan qızı Natavanın əzəmətli  heykəlləri, Mikayıl Müşfiqin, Ayna Sultanovanın gözəl büstləri var.

Bir daha qeyd etmək istəyirik ki, bunlar bizim tariximizdir.

Bu heykəllərin çoxu  sovet dövründə ucaldılıb.

Bizim son 30 illik müstəqillik tariximizdə də maraqlı heykəllər ucaldılıb.

Bunun ən əzəmətli, ən maraqlısı Ulu Öndər Heydər Əliyevin heykəlləri və büstləridir.

Heydər Əliyev həm sovet tariximizin, həm də müstəqillik tariximizin ən parlaq səhifəsidir. Ona təkcə Bakı şəhərində deyil, uzaq Belqradın Taşmaydan  parklnda, Meksikada, Ulyanovski şəhərində, Tbilisidə, Daşkənddə, Rumıniyanın paytaxtı Buxarestdə, İstanbul şəhərində  və s  şəhərlərdə əzəmətli heykəllər ucaldılıb.

Bütün bunlar bizim milli liderə dünya xalqlarının verdiyi yüksək qiymətdir.

Və onu da qeyd edək ki, dünyanın bir çox şəhərlərində gördüklərimiz  əsasında deyə bilərik ki, Heydər Əliyevin adı ilə bağlı olan parklara, abidələrə xüsusi qayğı göstərilir, təmizlik də öz yerində.

Amma çox təəssüf ki,  bizim bəzi yüksəkçinli məmurlar, icraedici orqanın nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçiləri hələ də Ulu Öndərin adı ilə bağlı olan parkları ticarət, ictimai-iaşə  obyektlərinə çevirir, hər şeyə biznes kimi yanaşırlar. Və nəticədə heykəlin ətrafında, yaxud Ulu Öndərin adı ilə bağlı parklarda bir nizamsızlıq, hətta səliqəsizlik yaranır.

Bu məqamda adamın yadına böyük şairimiz Məmməd Arazın misraları düşür:

 

Bir AĞILIN budağından sallanıb,

Neçə-neçə ağlıdayaz yaşayır.

 

Bəzi məmurlar unudur ki, onlar Heydər Əliyevi sayəsində vəzifələrə çatıblar, loru dildə desək, Ulu Öndərin çörəyini yeyirlər.

Sözün qısası, bəzi qurumlarda Ulu Öndərin heykəlinə, büstünə olan  laqeyd münasibət  bizdə acı təəssüf hissi doğurur.

 Belə məmurlar başa düşmür ki, Azərbaycanı ayağa qaldıran Ulu Öndər olub.

Söhbət təkcə Ulu Öndərdən getmir, ümumiyyətlə, Azərbaycanın atributlarına, bayrağına etinasız, bəzən hörmətsiz münasibət yolverilməzdir. Məsələn, bəzi xarici şirkətlər  bizim milli atributlara laqeyd , hətta xor baxırlar.

Yeri gəlmişkən, analar anası, Zərifə Əliyevanın adına olan parkdakı  kafelər, restoranlar da məmur münasibətinin acı nümunəsidir.

Biz hələ Mingəçevirdə Kürün sahilində, Heydər Əliyev parkındakı vəziyyətdən danışmırıq.

Əlbəttə, parklar həm də istirahət yeridir, amma belə də yox…

Ümid edirik ki, bəzi məmurlar bizim bu iradımızdan nəticə çıxaracaqlar. Hətta bizə daxil oaln məlumata görə, bəzi məmurlar bu məsələdə əl-ayağa düşüblər.

Müqayisə qüsurlu olsa da, hesab edirik ki, Şuşada dahilərimizin heykəllərini güllələyən erməni ilə burada dahilərimizin heykəllərinə laqeyd münasibət göstərən məmurun heç bir fərqi yoxdur.

Mövzu ilə bağlı növbəti yazıda konkret  qurumlarla bağlı yazını dərc edəcəyik.

Redaksiyadan: Heydər Əliyev Fonduna müraciət edirik ki, bu məsələni nəzarətdə saxlasınlar.

 

 Səlcuq  Zəngilanlı 

NUH informasiya agentliyi səhifəsindən çap edilib