Dərc edilib: 13-11-2022

https://www.nuh.az/32677-.html

Rəşad Dağlının müstəntiqi Arif Əhmədov nə qərar verəcək?

13.11.2022 15:27:41

LIVE

Son günlər ölkə gündəminin mövzusu tanınmış meyxanaçı Rəşad Əmirovun (Dağlı) qətl törətməsidir. 

Musavat.com xəbər verir ki, barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən Rəşad Dağlının cinayət işi üzrə müxtəlif versiyalar irəli sürülüb.

Bu hissədə onu qeyd etmək lazımdır ki, 4 aylıq həbs qətimkan tədbiri Rəşad Dağlıya törətdiyi cinayətə görə 4 ay cəza verildiyi mənasına gəlmir. Bir çox sosial şəbəkə hesablarında “Dualarımız qəbul olundu. Rəşada cəmi 4 ay cəza verildi”, “Rəşad qardaşımız 4 ay sonra azadlıqdadır” başlıqları ilə paylaşımlar edilir.

4 aylıq həbs qətimkan tədbiri o deməkdir ki, ən azı 4 ay Rəşad Dağlının törətdiyi cinayətin təfərrüatını polis və prokurorluq araşdıracaq. İstintaq yekunlaşdıqdan sonra cinayət işi materialları məhkəməyə göndəriləcək və Rəşad Dağlının cəzası məhkəmə istintaqı sonunda məlum olacaq. 

Qətl hadisəsinin səbəbi nədir?

Əvvəlcə qətlin Rəşad Dağlının meyxana deyərkən “bariqalar” barəsində səsləndirdiyi fikirlərə görə baş verdiyi iddia olundu. Çünki qətlə yetirilən İsgəndər Mehtiyev daha əvvəl narkotik satışına görə həbs edilmişdi. Onun qətl hadisəsindən bir neçə gün əvvəl azadlığa çıxdığı bildirilirdi.

Amma mərhumun və Rəşad Dağlının ailə üzvləri bu versiyanı inkar edib. Rəşad Dağlının atası televiziya kanallarından birinə müsahibəsində mərhumun “bariqa” olması ilə bağlı fikir bildirib. Bundan sonra Rəşad Dağlının qardaşı atasının dediklərinin həqiqət olmadığını söyləyib. Bildirib ki, kimsə atasına bu barədə səhv məlumat verib.

Rəşad Dağlının qardaşı sosial şəbəkə və mətbuatın bu məsələyə xüsusi diqqət ayırmasından, mövzuya fərqli şərhlər verilməsindən narazılığını dilə gətirib. Qeyd edib ki, iki tərəf məsələnin bundan sonra sülh yolu ilə həll edilməsinə çalışır.

İkinci versiya isə qətlin söyüşə görə baş verməsidir. Amma bu versiyanı da hələ ki sübut edən heç bir fakt və ya şahid yoxdur. Rəşad Dağlının qardaşı və mərhumun ailəsi deyir ki, tərəflər arasından ədavətdən daha əvvəldən xəbərdar olmayıblar. Onların fikrincə, hadisə bir neçə saat içində tərəflər arasında baş verən mübahisə zəminində yaranıb. Səbəbini isə heç kim bilmir.

Rəşad Dağlı barəsində cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğunun gənc, amma bir neçə ağır cinayətin üstünün açılmasında iştirak edən müstəntiq Arif Əhmədov aparır. 

Arif Əhmədov kifayət qədər tanınmış müstəntiqdir. O, indiyədək Qaradağ rayonu ərazisində baş vermiş bir neçə xüsusilə ağır cinayətlərin istintaqını aparıb.

İctimaiyyətin böyük marağında olan cinayətin əsl səbəbi istintaqın yekununda bilinəcək. 

Onu da qeyd etmək lazımdır ki, cinayət hadisəsi ilə bağlı başqa bir versiya da var. Yerli mətbuatda yazılana görə Rəşad Dağlı ilkin ifadəsində mərhumun onu şantaj etdiyini, barəsində rüsvayedici məlumatlar yayıldığını deyib.

Rəşad Dağlı ilkin ifadəsində söyləyib ki, bu söz-söhbəti bitirmək üçün görüşüblər. Bu zaman İsgəndər onu söyüb. Rəşad Dağlı iddia edir ki, bıçağı İsgəndərin əlindən alıb.

Bildirək ki, Rəşad Dağlı mərhuma 14 bıçaq zərbəsi endirib.

Müstəntiq Arif Əhmədovun araşdırmalarından sonra Rəşad Dağlının törətdiyi əməlinin Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin hansı bəndinə tövsif ediləcəyi maraqla gözlənilir.

Ali Məhkəmənin Plenumunun qərarına əsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən minimum cəza 9 il, maksimum cəza isə 14 ildir. Qətl hadisəsi xüsusi amansızlıqla və ya xuliqanlıq niyyəti ilə törədilibsə, cinayəti törədən şəxsi 14 ildən 20 ilə qədər cəza gözləyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib