Dərc edilib: 02-12-2022

https://www.nuh.az/32979-.html

Rus bölməsində Babəki və Qaçaq Nəbini anla(t)maq dərdi

02.12.2022 08:53:23

LIVE

Kamran Əsədov:  “5-ci sinif rus bölməsi üçün ”Azərbaycan tarixi" kitabı daha sadə dildə hazırlanmalıdır"

Ölkəmizin orta ümumtəhsil məktəblərinin bəzilərinin rus bölməsində “Azərbaycan tarixi” fənninin dövlət dilində tədris olunmasına başlanıb. Prosesə elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən start verilib. Belə ki, 2022-2023-cü tədris ilində ölkənin bir sıra ümumi təhsil müəssisəsinin tədrisi digər dillərdə aparılan bölmələrinin V siniflərində  “Azərbaycan tarixi” fənni dövlət dilində tədris edilir: “Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır”.

E.Əmrullayev qeyd edib ki, tariximizi öz dilimizdə tədris etməliyik: “Bu qaydalar ictimai müzakirədədir. Biz də istəyirik ki, vətəndaşlar qaydalarla bağlı fikirlərini bildirsinlər. İkinci yarımildən bu qaydalar 300 məktəbdə pilot layihə şəkildə tətbiq olunacaq”. Yada salaq ki, rus bölməsində təhsil alan şagirdlərin sayı isə 135 minə yaxındır.

Ekspertlər isə bildirir ki, Azərbaycan dilini bilməyən şagirdlərin birdən-birə tarix fənnini öyrənmələri çətin olacaq. Amma problem həm də ondadır ki, rusdilli  məktəblərin çoxunda “Azərbaycan tarixi” fənnini ana dilimizdə tədris edən müəllimlər yoxdur. Bu barədə “Yeni Müsavat”ın ötən saylarının birində geniş yazmışdıq da. Qeyd edək ki, bəzi ekspertlərə görə isə həmin fənni rus dilində tədris edən müəllimlər Azərbaycan dilində o fənni “yola verəcək”, şagirdlər Azərbaycan tarixini nə Azərbaycan dilində öyrənə biləcəklər, nə də rus dilində. Hətta yeni qərarı kadr potensialı araşdırılmamış, şagird düşüncəsi təhlil edilməmiş verilmiş “səriştəsiz və yanlış” kimi qiymətləndirənlər də var. Aydındır ki, bu bir pilot layihədir və hələ ki 20 məktəbdə reallaşdırılmasına çalışılır. Amma istənilən halda hazırda iki problemin üzə çıxdığı ortadadır. Kadr qıtlığı və şagirdlərin mənimsəməsi məsələsi...

Kamran Əsədov: Bu gün ölkəmizdə 5 minə yaxın xarici ölkələrdən gəlmiş tələbə var

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbinin 340-da tədris rus dilində təşkil olunur: “Azərbaycanda hazırda 340 məktəb rus bölməsi üzrə olan məktəblərdir. Bu məktəblərdə 90 min nəfərdən çox şagird təhsil alır. Nəzərə alsaq ki, Azərbaycanda 1.6 milyon  şagird var və onların 90 mini rus bölməsi üzrə təhsil alır. Eyni zamanda Azərbaycanın digər orta ümumtəhsil məktəblərində 650 minə yaxın şagird xarici dil kimi rus dilini öyrənir. Azərbaycanda dünyada populyar olan dilinin həm tədrisinin, həm də digər bölmələr üzrə təhsil almaq imkanlarına kifayət qədər yer verilib. Azərbaycan öz ərazisində bütün etnik azlıqların öz ana dilində təhsil almasına şərait yaradıb. Tolerantlıq təhsil sistemində tam şəkildə gözlənilir. Biz buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə, eyni zamanda fərqli dillərdə təhsil alanların, xüsusilə rus bölməsi üzrə təhsil alanların "Dövlət dili haqqında" Qanunun tələblərinə uyğun olaraq Azərbaycan dili fənnindən verdiyi imtahan nəticələrinin təhlilinə nəzər salsaq, bir çox məqamlar ortaya çıxır. Misal üçün, çox təəssüf ki, tədrisin digər dillərdə aparıldığı bölmələrdə, xüsusilə rus bölməsində şagirdlərin Azərbaycan dilində bilgisi aşağı səviyyədədir. İstər 9-cu sinifdə, istərsə də 11-ci sinifdə DİM tərəfindən keçirilən Azərbaycan dili imtahanının nəticələrini təhlil edərkən görürük ki, rus bölməsi üzrə şagirdlərin oxumağı, yazmağı, dinləməyi, anlamağı aşağı səviyyədədir. Hətta 2021-ci ildə DİM rus bölməsinin abituriyentləri və şagirdləri üçün bu imtahanı 3 dəfə keçirdi. Azərbaycan tarixində belə hal olmamışdı. Çünki yaxşı nəticə göstərən abituriyentlərin sayı kifayət qədər az idi. Hətta biz DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, rus bölməsi üzrə yüksək bal toplamasına baxmayaraq həmin şəxslərin Azərbaycan dilindən imtahan nəticələri çox aşağıdır. Məqbul qiymətlər ala bilmirlər. Halbuki DİM kifayət qədər sayda suallar təqdim edir və burada imtahan iştirakçılarının birmənalı şəkildə minimum bilikləri yoxlanılır. Onlardan yüksək akademik göstəricilər tələb olunmur. Amma çox təəssüflər olsun ki, rus bölməsində oxuyanların Azərbaycan dilində bilikləri o qədər də yüksək olmur. Buna qədər rus bölməsində təhsil alanlar üçün həftədə iki dəfə Azərbaycan dili fənni tədris olunurdu. Amma etiraf edək ki, bu yetərli olmurdu. Təhsil naziri Emin Əmrullayevin birinci qərarı ilə rus bölməsində təhsil alan şagirdlərin ana dilindən tədrisi 2 saatdan 3 saata qaldırılıb. Bu kifayət qədər yaxşı addım idi".

Ekspert əlavə edib ki, dünyanın inkişaf etmiş ölkələrində milli tarix, yəni “national history” mütləq şəkildə bütün bölmələr üzrə öz dillərində keçirilir: “Bura daxildir, həmin ölkənin tarixi, coğrafiyası və dili. Necə ki, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası Azərbaycan dilində aparılmalıdır. Dünyanın  inkişaf etmiş ölkələrində biz bu təcrübəni görə bilirik. Bunun həyata keçirilməsinin bir neçə vacib səbəbi var idi. Birincisi, rus bölməsində təhsil alan gənclərimiz Azərbaycan dilini mükəmməl bilməlidirlər. Hətta biz ictimai nəqliyyatda, xidmət sektorlarında görürük ki, rus bölməsi məzunları təəssüf ki, Azərbaycan dilində fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. İkincisi, bir çox hallarda görürük ki, rus bölməsi üzrə kitabların Azərbaycan dilinə tərcüməsi zamanı müəyyən qədər qüsurlara yol verilir. Tərcümə xətaları, eyni zamanda fikrin tam aydın olmaması kimi hallar müşahidə edilir. Amma ən vacib məqamlardan biri gənclərimizin öz tarixlərini ana dillərində oxumaqları ilə bağlıdır ki, bu da kifayət qədər doğru bir addımdır. Çünki tarix orijinaldan oxunur. Bizim rus bölməsi üzrə təhsil alanlarımız ana dilində akademik səviyyədə bilmirlər. Bu, onlar üçün çətinlik yaradacaq. Həmin şəxslər müəyyən sinfə qədər, 4-cü sinfə qədər akademik rusca öyrənirlər. Birdən-birə onlardan tam yüksək səviyyədə Azərbaycan dili tələb edirik. Hazırda qayda belədir ki, Azərbaycan bölməsi üzrə tarix kitabı ilə rus bölməsi eyni olacaq. Amma bu, hər halda, doğru yanaşma deyil. Çünki digər 5-ci sinif Azərbaycan tarixi kitabı mükəmməl Azərbaycan dilində yazılıb. Orada elə ifadələr var ki, hətta Azərbaycan dilli şagirdlərimiz də həmin ifadələri işlətməkdə çətinlik çəkirlər. Ona görə hesab edirəm ki, rus bölməsi üçün ayrıca Azərbaycan tarixi kitabı yazılmalıdır. Daha sıx, sadə sözlərlə olsun ki, onlar bunu anlasınlar. Digər tərəfdən, bizdə problem odur ki, yalnız 5-ci sinifdə tarix kitabını azərbaycanca keçəcəyik. Amma yuxarı sinifdə tarix fənnini yenidən rusca keçəcəklər. Müəyyən qədər bu onlarda çətinlik yaradacaq. Çünki aşağı sinifdə məlumatlılıq   daha zəif olacaq, yuxarı sinifdə isə zəngin olacaq. Təməlləri zəif olacaqsa, bu, problem yaradacaq. 5-ci sinif rus bölməsi üçün daha sadə dildə kitab hazırlamalıyıq. Bu, hədəfə çatmağa imkan verər. Hesab edirəm ki, Azərbaycan bölmələrindən fərqli bölmələrdə təhsil alanlara Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan dili və ədəbiyyatı ana dilində tədris olunmalıdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib