Dərc edilib: 06-12-2022

https://www.nuh.az/33057-.html

Əbülqoz Bəyin həbsdəki xidmət rəisi Ali Məhkəməyə şikayət yazdı

06.12.2022 22:26:54

LIVE

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov kassasiya şikayəti verib.

Sabiq idarə rəisi cəzasının yüngülləşdirilməsi xahiş edir. Şikayət baxılması üçün Ali Məhkəməyə göndərilib.

 Zakir Sultanov Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə proses keçirilərkən sabiq nazir haqda ifadələr vermiş, dəfələrlə Əbülfəs Qarayevin prosesdə dindirilməsini tələb etmişdi. Zakir Sultanovun sözlərinə görə, mənimsənilən pulların çoxunu o, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verib. Lakin onun vəsatətləri təmin edilməyib.

Əbülfəs Qarayev hələ nazir olduğu günlərdə tanınmış rejissor Cəlaləddin Qasımov “Yeni Müsavat”a açıqlamasında Mədəniyyət Nazirliyindəki bütün neqativlərin nazirin adına bağlı olduğunu açıqlamışdı. Onun müsahibəsindən sitat: “Mən də elə bilirdim ki, onun heç nədən xəbəri yoxdur.  Mən hər dəfə sənədləri aparırdım. Sonra mənə dedilər ki, nazirlikdə bütün qərarları Əbülfəs Qarayev verir. Həbsdə olan  müavinlərin günahı yoxdur, günah Əbülfəs Qarayevdədir. Nazirin xəbəri və razılığı olmadan heç vaxt saxtakarlıqlara yol verməzlər. Onun alınan rüşvətdən də, edilən özbaşınalıqdan da xəbəri var. Ölkə başçısı bütün sahələrə olduğu kimi mədəniyyət sahəsinə də diqqət ayırır. 2008-2018-ci illərdə kino sahəsinin inkişafı üçün böyük pullar ayırıb. O pulların aqibəti ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. Büdcədən ayrılan pullar hara gedib? Film sahəsinin inkişafı üçün ayrılan pullar bəllidir ki, ”yeyilib". Çəkilən filmlər hamısı arxivə göndərilib. 

Araşdırılsın ki, büdcədən ayrılan pullar həqiqətən filmlərin çəkilməsinə xərclənibmi. Elə adamlara fəxri adlar verilib ki, adam şoka düşür. Xalq onları tanımır, istedadları yoxdur. Biz əvvəllər fəxri ad alana uca insan kimi baxırdıq. İndi alanların çoxu biabırçı vəziyyətdədir. Adam baxanda fəxri addan uzaqlaşır". 

Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apelyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib