Dərc edilib: 10-12-2022

https://www.nuh.az/33112-.html

Corc Buşun zabit etdiyi Naxçıvanlı polkovnikin bacısı... VİDEO, Fotolar

10.12.2022 14:16:38

Müsahibə

Röyalə Əmiral ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı polkovnik-leytenant Nəimi Əmiralın (John Naimi Amiral) bacısıdır. Röyalə xanım ailəsi ilə birlikdə Azərbaycanın tarixi və mədəniyyətini Böyük Britaniyada tanıdır.

Musavat.com Röyalə Əmiralla müsahibəni təqdim edir:

- Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

- Mən 26 mart 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində həkim ailəsində anadan olmuşam. Məktəb illərinə Naxçıvanda başlamış, sonradan Bakıda davam etmişəm. 2005-2009-cu illərdə İngiltərənin Bredford Universitetində Hüquq fakültəsində bakalavr təhsili almışam. Hazırda qabaqcıl şirkətlərin birində əmlak məsələləri üzrə hüquqşünas kimi fəaliyyət göstərirəm. Ailəmiz üçün təhsil və vətənpərvərlik hər zaman önəmli olub. Xüsusilə qardaşım Nəimi Əmiral məni xaricdə hüquq oxumaq üçün çox gənc yaşlardan həvəsləndirib və dəstəkləyib. Atam təhsilimizə diqqətdən əlavə bizə vətənə layiq insan olmağı aşılayıb. Tomasla 2010-cu ildə tanış olduqdan və münasibətimiz formalaşdıqdan sonra o, Azərbaycana gəlib ailəmlə tanış olmaq istədi. Ailəmin simasında doğma vətənimin insanları, adət-ənənələri, qonaqpərvərliyi onu sözün əsl mənasında valeh etdi. Ailə qurduq, 3 övladımız var. Oğlum Əsgər atam Əsgər Əmiralın adını yaşadır. Qızım Elizabet Tomasın nənəsinin adını daşıyır. Sonuncu övladımız Osmanın adını qardaşım Nəimi Əmiral seçib.

318422099_3021720221465588_116302366360907538_n.jpg (93 KB)

Tomas güclü ailə dəyərləri olan bir ailədə anadan olub. O, qayğıkeş ata və ömür yoldaşıdır. Azərbaycanı öz vətəni kimi sevir və tanıdır.

318587178_430441935813646_2466014598131400754_n.jpg (166 KB)

Qarabağ müharibəsində mənimlə bərabər kədərləndi və əlindən gəldiyi qədər vətənimizə dəstək olmağa çalışdı.

 - Azərbaycanı Britaniyada necə tanıdırsınız?

- Azərbaycanı nəinki Britaniyada, dünyanın hər bir yerində tanıda bilmək üçün aktiv kütləyə və 80 mindən çox izləyiciyə sahib səhifəmizdə ailəmizin gündəlik həyatından, özəl günlərindən paylaşımlar edərək adət-ənənələrimizi İngiltərədə necə yaşatdığımızı auditoriyamızla bölüşürük. Burada dilimiz, musiqimiz, digər mədəniyyət sahələrimiz, milli rəqslər, ölkəmizin idman nailiyyətləri, Azərbaycanın haqlı davası olan Qarabağ mövzusunda həqiqətlər, qəhrəman şəhidlərimiz barədə aktiv paylaşımlar edirik. Özəlliklə Britaniyada Azərbaycan diasporunun ölkəmizin həqiqətlərinin dünyaya daha effektiv çatdırılması üçün təşkil etdiyi dəyirmi masa və iclaslarda ailəlikcə iştirak edirik. Kiçik yaşlardan övladlarımızın bu atmosferdə olmaları bizim üçün çox önəmlidir.

317630957_945180990200592_4833143078537621808_n.jpg (109 KB)

Ali Baş Komandanın və şücaətli Azərbaycan ordusunun sayəsində qalibi olduğumuz II Qarabağ savaşının Zəfər gününün ildönümü münasibətilə burada yaşayan azərbaycanlı icma ilə Lids şəhərində 2021-ci ildə birgə keçirdiyimiz məlumatlandırıcı aksiya və tədbirlərin sayını şübhəsiz ki, artıracağıq. Erməni xisləti təbii ki, özünü hər yerdə göstərir. Ara-sıra müxtəlif miqyaslı propaqandalara məruz qala bilirik. 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi bütün tədbirləri yaxından izləyirik və töhfə verə biləcəyimiz hər vaxt üçün hər an hazırıq.

- Britaniya cəmiyyəti Azərbaycan haqqında kifayət qədər məlumatlıdırmı?

- Ümumiyyətlə, son 10 ildə Azərbaycanda keçirilən beynəlxalq səviyyəli idman tədbirləri, musiqi festivalları, olimpiadalar, təhsil sahəsində innovativ addımlar vətənimizin adını dünyanın dörd bir yerində tanıtdırıb. Bu tendensiya artan modulda irəliləyir. Bu baxımdan düşünmürəm ki, Britaniya cəmiyyəti Azərbaycan haqqında məlumatsızdır. Lakin təbii ki, dünya gündəmini izləməyən kütlə də var. Belə olduqda tanımayanların da olması qaçılmazdır. Hər birimizin vəzifəsi yurdumuzun adını ən layiqli və şərəfli şəkildə dünyanın harasında olursaq olaq tanıtmaq, təbliğ etməkdir.

- Oğlunuzun təhsil aldığı məktəbin önündə Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Övladlarınıza Azərbaycan tarixini, mədəniyyətini necə aşılayırsınız?

- Oğlumun və qızımın təhsil aldıqları məktəbdə bayrağımızın dalğalanmasına nail olmaq ailəmizin uğuru sayıla bilər. Hər şey kiçik görünən belə addımlardan başlayır. Azərbaycan və qardaş Türkiyə bayraqlarının orada dalğalanması övladlarımı çox sevindirir. Bu isə mənimçün ayrıca bir qürurdur.

mekteb.jpg (140 KB)

Övladlarımıza Azərbaycan mədəniyyətini, musiqisini, mətbəxini onları həyat tərzimizə çevirməklə aşılayırıq. Təsəvvür edin ki, ingilis-azərbaycanlı ailəmizdə Üzeyir Hacıbəylinin bəstəsi dinlənilir, xaotik iş-məktəb-ev üçbucağında hamımız vaxt edib Azərbaycanın milli rəqs paltarlarını geyinib rəqs də edirik. Bu bizim üçün məcburiyyət deyil, həyat tərzi və zövqdür.

reqs.jpg (187 KB)

Həyat yoldaşım və övladlarımız hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan "Qarabağ" məktəbində Azərbaycan dilini sevə-sevə öyrənirlər.

britain.jpg (109 KB)

Mən Tomasa Azərbaycan haqda tarixi həqiqətləri danışdıqca, o da araşdırma aparıb. Övladlarımıza isə yaşlarına uyğun anlaya biləcəkləri formada erməni vəhşiliyi və Qarabağ həqiqətlərini çatdırmışıq.

- Həyat yoldaşınız Azərbaycan xalq musiqilərini ifa edir. Hansı mahnını daha çox sevir?

- Həyat yoldaşım Azərbaycan mahnılarını çox sevir, onları tez öyrənir və ifa edir. Evdə tez-tez onun dilimizdə zümzüməsi eşidilir. Tomasın ən sevdiyi mahnı Müslüm Maqomayevin "Azərbaycan" mahnısıdır. Tomas çox həssas ruhlu bir insandır, ruhən Azərbaycana o qədər bağlıdır ki, bəzi mahnılarımızı eşidəndə hətta kövrəlir.

 

 

 

- Ötən il həyat yoldaşınızla Şuşada olmusunuz. Orada olmaq necə hissdir? 

- Zəfər gününü, Şuşanın azad olunması xəbərini aldığımız anı xatırlayanda çox qarışıq duyğulara qapılıram. Siz İngiltərədə, Vətəndən uzaqda Zəfər xəbərini almağı təsəvvür edin. Ancaq qanadlanıb vətənimə uçmağı arzu etmişdim. Təbii ki, Azərbaycanda ikən ilk işimiz diasporanın xətti ilə Şuşaya səfər etmək oldu. Tomas da, mən də orada keçirdiyimiz hissləri sözlə ifadə edə bilmərik. Havası, suyu, hər nöqtəsi azadlığa çıxmış bu gözəl şəhərimizdə olmaq bizim üçün bir nemət idi. Orada gördüyümüz gözəlliyi və düşmənin vəhşiliyini bilməyənlərə çatdırmağı özümüzə borc bilirik.

maxresdefault.jpg (157 KB)

Cənab Prezident İlham Əliyevin göstərişləri əsasında Şuşa dirçəlməkdədir. Azərbaycanın işğaldan azad olmuş hər kəndi, şəhəri bizim üçün bundan sonra daha əziz və müqəddəs olmalıdır, çünki onun hər qarışında şəhid qanı var. 

- Azərbaycana tez-tez gəlirsiniz?

- Sonuncu dəfə ötən il Azərbaycanda olmuşam. Hər il ən azı bir dəfə vətənə gedirik.

- ABŞ ordusunda yüksək vəzifə tutan bir polkovnikin bacısı olmaq necə hissdir?

- Sizcə, bu, qürurdan başqa necə bir hiss ola bilər? Nəimi Əmiralla fəxr edirəm. Lakin bu, sadəcə bacısı olduğum üçün duyduğum bir hiss deyil. Onunla həm də həmvətəni olduğum üçün, bir azərbaycanlı olaraq fəxr edirəm. Nəimi Əmiral vətənindən uzaqda vətən sevgisini ürəyində daşıyan vətənpərvər Azərbaycan oğludur. O, gənc nəslin nümunə götürəcəyi bir şəxsiyyətdir.

318384745_1567099820414541_4614476841499277083_n.jpg (163 KB)

Aytən Novruz
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib