Azərbaycan Rusiyaya NOTA verdi
“Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib. Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib”.
“Qafqazinfo”nun məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilib. Bu məsələyə münasibətinizi öyrənmək istərdik” sualına cavab olaraq bildirib.
Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb”.