Dərc edilib: 14-12-2022

https://www.nuh.az/33165-.html

“30-dan çox adamın ölüm cəzasına imza atmışam” - Əfsanəvi istintaqçı

14.12.2022 08:53:03

Cəmiyyət

İkram Kərimov həm müstəntiq, həm prokuror, həm hakim, həm də vəkil kimi fəaliyyət göstərmiş nadir hüquqşünaslardandır. “Qafqazinfo” olaraq hazırda Vəkillər Kollegiyasının üzvü olan və bu yaxınlarda 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif edilən qocaman istintaqçı ilə görüşüb onun həyat yolunun bir hissəsinə nəzər saldıq.

İkram Kərimov sovet illərində Azərbaycanda böyük rezonansa səbəb olan ağır cinayətlərin açılmasında müstəsna rol oynayıb. Onun istintaq etdiyi işlərlə bağlı təcrübələr bir sıra dünya ölkələrində tədris edilməkdədir.

Qısa arayış:

Əməkdar hüquqşünas İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub.

 

- İkram müəllim, tələbəlik illərini də nəzərə alsaq, 60 ildən çoxdur hüquq sahəsindəsiniz...

- Bunların hamısı hüquqşünas olmaq arzumla bağlıdır. 59-cu ildə qərar verilmişdi ki, Jurnalistika və Hüquq fakültəsinə qəbul elan edilsin. Orada qeyd edilirdi ki, orta məktəbi bitirəndən sonra azı 2 il istehsalatda işləyən insanlar bu ixtisaslara sənəd verə bilər. Savxozlardan birində fəhlə vəzifəsinə qəbul olundum, 1 il sonra elan yayıldı ki, qiyabi şöbəyə qəbul var və işləyən şəxslər də müraciət edə bilər, mən də sənədlərimi verdim və bir “4”, iki “3” qiyməti ilə, cəmi 10 balla fakültəyə qəbul olundum. Bunu xatirələrimdə də yazmışam, bu qiymətlərlə universitetə daxil olmuşam. Bəzən mənə deyirlər, nə üçün kitabınızda “3” qiyməti ilə universitetə qəbul olunduğunuzu yazmısınız. Hər dəfə deyirəm ki, bu, bir istiqamətdir ki, insanlar “3” qiymətinin keçərliliyini hiss etsin. Bu qiymətlə də universitetə daxil olmaq olardı, gərək ki, əsl “3” olsun. İki il sonra əyani şöbədə təhsil almağa başladım. Həyatımdakı ən böyük dönüş də əyaniyə keçməklə oldu.

- Necə oldu ki, istintaqçı oldunuz?

- Tələbə ikən prokurorluqda stajor kimi mühüm işlər üzrə müstəntiqlərin qrupunda işləməyə başlamışdım. Yay tətili vaxtı rayona getmirdim, ictimai əsaslarla müstəntiqlərə kömək edirdim, çağırış vərəqələri paylayırdım, işləri tikirdim, nömrələyib siyahıları tuturdum. Sonradan özüm də müstəntiq kimi işləyəndə gördüm ki, onların bu köməkliyə həddindən ziyadə ehtiyacı olur. Ümumilikdə isə prokurorluqda düşdüyüm mühit mənə çox kömək etdi, mənə həyatı öyrətdilər, mənə istintaqa məhəbbəti aşıladılar və mənim aspiranturada oxumağımı məsləhət bilmədilər. İstintaq da məni elə cəlb etmişdi ki, prokurorluqda qalıb işləyəsi oldum.

Ölüm hökmü verilən şəxsin bəraət aldığı iş olub

- İcraatınızdakı ilk iş hansı olub?

- İlk iş yerim Qusar Rayon Prokurorluğunda müstəntiq vəzifəsi oldu. Azərbaycan SSR-in Cinayət Məcəlləsində belə bir maddə var idi: İnşaat materiallarını qanunsuz yolla əldə etmə. Bu maddə Sovet İttifaqına daxil olan ölkələrin çoxunda yox idi, lakin bizdə var idi. Mürtəce bir qanun idi, nə qədər insanlar bu qanunun təsiri altına düşüb vəzifələrini itirmişdi, həbsxanalara düşmüşdü. Qusara gələndə də partiya komitəsinin iclası olmuşdu və orada bildirilmişdi ki, rayonda qanunsuz ev tikənlər çoxdur, buna qarşı mübarizə aparılmalıdır. Kampaniya şəraitində bir neçə şəxsin barəsində “qanunsuz inşaat materialları əldə etmə” maddəsi ilə cinayət işi qaldırılmışdı. Bunlardan biri də Qusarın Xuray kəndində qazmada yaşayan və tikdirmək istədiyi evin dam örtüyü üçün şifer almış çoban ailəsi ilə bağlı idi. Həmin evə gedəndə şiferlərin sənədi təqdim edilməmişdi, sonra mən çobanın olduğu Salyan rayonundakı qışlağa getdim, məlum oldu ki, sənədlər çobanın üstündə qışlaqdadır və şiferlər qanuni yolla, sənədlə Xudat dəmiryolu stansiyasından filan bazadan alınıb. Bazaya da gedib sənədləri əldə etdim. Özlüyümdə düşündüm ki, mən hüquqşünas olarkən belə insanlara qarşı sənəd hazırlamağı qarşıma məqsəd qoymamışam axı… Çoxları elə bilir ki, müstəntiq kimisə ittiham etmək üçündür. Müstəntiq olmaq həqiqəti bərpa etməkdir. İcraatımda olmuş işlərin bəlkə də yarıdan çoxunda araşdırmaların nəticəsində şəxsin təqsirli olmamasına qərar verilib. Onların arasında əvvəllər dəfələrlə məhkum edilmiş də, hətta ölüm hökmünə məhkum edilmiş şəxs də olub. Həmin şəxs həyatda olarkən ölüm hökmünə məhkum edilməsi ilə bağlı ittiham onun üzərindən götürülüb. Qusardakı ilk işimdə də çoban haqqındakı cinayət işinə xitam verdim, heç prokurorla məsləhətləşmədim. Axı prokuror məndən narazı qalacaqdı ki, əsassız cinayət işi qaldırıb. Qərarı dəftərxana vasitəsilə ona çatdırdım və qərarın altında da yazdım ki, götürülən qurum tərəfindən əvvəlki yerinə qaytarılsın, yəni çobanın ailəsi şiferləri yenidən daşımaq məcburiyyətində qalmasın.

- Ölüm cəzası tələb etdiyiniz şəxslər kimlər olub?

- Hər cinayət işinin özünəməxsus xüsusiyyətləri var. Mən təbiət etibarilə kövrək insanam, müəyyən hadisələri görəndə kövrələ bilərəm. Amma desəm ki, 30-dan çox şəxsin ölüm cəzası almasına imza atmışam burda ziddiyyət yaranır. Amma izah olunsa ki, bu ölüm cəzası alan şəxslər hansı əməlləri törədib, onda özün-özündən məmnunluq duyursan ki, belə cəmiyyətə yararsız şəxslərin yaşayıb ziyan vurmaqda davam etməsinə də ehtiyac yoxdur. Düzdür, mən ölüm cəzasının əleyhinə olan şəxsəm, insanlar elə bilər ki, mən ölüm cəzasının tərəfdarıyam. Yox, elə deyil. Amma ozamankı qanunlarda bunlar var idi. Ancaq ağırlaşdırıcı halda qəsdən bir neçə adamın öldürülməsi ilə bağlı işlər üzrə ölüm hökmünün verilməsi olub məndə. Qanunda rüşvət alma, dövlət əmlakının mənimsənilməsi, valyuta əməliyyatları qaydalarını pozma, vətənə xəyanət, casusluq və sair kimi əməllərə görə də ölüm hökmü nəzərdə tutulurdu. Lakin mənim icraatımda olan və ölüm hökmü verilmiş işlər yalnız qəsdən ağırlaşdırılmış halda adam öldürmə əməlləri ilə bağlı olub.

"Bu işlərdən qəsd, qatil iyi gəlir"

- Müstəntiqdən fərqli olaraq, prokurorun cinayət işi başlatmaq səlahiyyəti var, siz də uzun müddət prokuror kimi çalışmısız.

- Mən 6 il 6 ay müddətində Əzizbəyov rayonunda (indiki Xəzər) prokuror işləmişəm. Prokuror kimi hələ təcrübəsiz idim. Ora gedəndə belə bir halla rastlaşdım ki, rayonda 2 iş var, hələ cinayət işi deyil, materialdır. İtmiş şəxsləri axtarırlar. Bir evdən nənə ilə nəvə 7 ildir yoxdur, digər ailədə isə ana ilə əlil qızı neçə ildir yoxdur, elə hey bunları axtarırlar. İstintaqçı olmağım mənə diqtə edirdi ki, bu işlərdən qəsd, qatil iyi gəlir. Bunlar elə-belə axtarılmamalıdır. Bunu araşdırmaq üçün cinayət işi qaldırılmalıdır. İş də qaldırılanda Moskvaya qədər xüsusi məlumat gedirdi ki, iki nəfərin öldürülməsi ilə bağlı iş qaldırıldı. Bundan sonra iki ay müddətində cavab verməlisən ki, tap bunu kim edib. Buna qarşı da müqavimət olurdu ki, birdən-birə açılmamış ölüm işlərinin sayı artdı. Hər iki iş iki ay müddətində açıldı. Gülçülük savxozunda əlil bir qız yoxa çıxıb, üstündən 4 il keçir anası da yoxdur, 7 ildir ki, ana və qızı itkin şəxs kimi axtarılır. Bir evdən iki nəfər itkin düşmüş hesab olunur. Axı bu, təbii hal deyil. O vaxtlar məhkəmə prosesi klublarda keçirilirdi. Həmin anası ilə bacısını qətlə yetirən şəxsin məhkəməsi də Şüvəlanda 400-500 sakinin iştirakı ilə səyyar məhkəmə heyəti tərəfindən klubda keçirildi. Bunun çox böyük tərbiyəvi, maarifləndirici əhəmiyyəti var idi. Mən həmin şəxsə orada ölüm hökmü tələb etdim və icra da edildi. İndi deyin, mən hansı hissləri keçirməliyəm? Bir tərəfdə qətlə yetirilmiş şəxslər, bir tərəfdə də qanun və qatil. İnsan dərk etməlidir ki, müstəntiq də, prokuror da nələr çəkir.

- Müstəntiq, prokuror, hakim və vəkil kimi çalışmısınız. Birini seçməli olsaydınız, hansına qərar verərdiniz?

 
 

 

- Ancaq istintaq, müstəntiqi seçərdim. Yaradıcı iş odur. Müstəntiq də, prokuror da, hakim də vəzifədir. Lakin müstəntiq olan şəxs həm də sənətkar olmalıdır, yaradıcı olmalıdır. Səttar Bəhlulzadə məsələn hansısa gülü seçib onu çəkirdi, onu məcbur edən də yox idi ki, əsərini hansı müddətə başa çatdırsın. 3 ay, bir il, bəzən illərlə işləyir bir əsərin üstündə. Müstəntiq də sənətkardır, amma müstəntiq qanunun ona verdiyi vaxt çərçivəsində əsərini ortaya qoymalıdır. Tablo bu gün yaxşı olmaya bilər, yenidən çəkmək mümkündür. Müstəntiqin isə səhv etmək şansı yoxdur. Məndən kimsə inciyə bilməz ki, niyə müstəntiqliyi seçirsən, çünki bu vəzifələrin hamısında çalışmışam. Məndə 200-300 cildlik cinayət işi, 700 səhifəlik ittiham aktı olub. Bəlkə də müqayisəm etik çıxmayacaq, müstəntiqi bir futbol topuna bənzədirəm, meydanda olan hər kəs onu vurur. İşi yazıb-oxuyub, tikib bitirirsən, qoyursan əvvəlcə müdafiəçilərin qarşısına, oxuyurlar, hər biri nöqsan axtarır, vəsatətlər verirlər, mövqelərini bildirirlər, sonra iş gedir prokurora, o da harada nə nöqsan var axtarır, o da təsdiq etməlidir. İş sonra gedir məhkəməyə, məhkəmədə də onu oxumalıdırlar. Orada artıq hakimlər, başqa prokurorlar, zərərçəkmiş tərəfin nümayəndələri də oxuyurlar. Sonra şikayət olur, gedir yuxarı instansiyaya. Bir dəfə saymışdım, müstəntiqin hazırladığı iş 70-dək prokurorun, hakimin, ittihamçının, vəkilin əlindən keçir. Amma müəllif bir nəfərdir və hamı nöqsan axtarır. O futbol topuna hamı ayaq vuran kimi, müstəntiqin də işi ortadadır, hamı ona zərbə vurmağa çalışır. İş o qədər mükəmmal olmalıdır ki, bu qədər zərbələrə tab gətirə bilsin, bütün suallara cavab olsun.

Bir zəng cinayətin üstünün açılmasına kifayət edir

- Elmi-texniki inkişafla istintaqçıların da işi xeyli rahatlaşıb, artıq texniki təqib vasitələri kifayət qədər həlledici rol oynayır, sizin çalışdığınız dövrlə indiki şəraiti necə müqayisə edərdiz?

- Tez-tez televizorda görürsüz də... Göstərirlər ki, əməliyyat keçirildi, filankəs rüşvət alarkən kabinetdə tutuldu, axtarış aparıldı və sair. Artıq bu işdə kim tərəfindən törədilməsi də məlum oldu. Nadir müstəntiqlər var idi ki, bütün kateqoriyalı işləri istintaq edirdi. Bəziləri ölüm, bəziləri təsərrüfat, bəziləri vəzifə cinayətləri. Tale elə gətirib ki, bütün kateqoriyalar üzrə işləri istintaq etmişəm. O vaxt indiki kimi deyildi, aylarla araşdırmalar aparılırdı, iynə ilə gor eşmək kimi idi. Məndə bir iş var idi, rayonlardan birinin birinci katibinin pul almasına dair cinayət işi idi, orada 37 nəfər müqəssirliyə cəlb olunmuşdu. Amma ortalıqda pul yox idi. Hansı pul verilib, necə verilib bilinmirdi. Düzdü o vaxt da, işarələnmiş pullardan, xüsusi vasitələrdən istifadə edilirdi, sübutlar toplanırdı. Bəzən belə hadisələrdə bəraət alanlar da olurdu. Məlum olur ki, bu, kiminsə tələsidir, həmin şəxsə oyun qurublar, əlində pul tutulsa da, bəraət alanlar olurdu. Amma bütün hallarda o dövr üçün onların istintaqı çətin idi. İndi texniki innovasiyalar da imkan verir ki, müstəntiq bəzi işləri daha rahat və tez açsın. Məsələn, ad çəkməyəcəm, bir tanınmış ailənin evinə basqın olmuşdu, ər və arvadı başqa-başqa otaqlarda tutub əl-qollarını, ağızlarını bağlayıb evdə pul-qızıl axtarmışdılar. Lakin həmin şəxs heç nə tapa bilməyəndə onu oraya göndərən şəxsə zəng etmişdi ki, bəs burada heç nə yoxdur. Təkcə həmin zəng bu cinayətin üstünün aılmasında həlledici olmuşdu. Zəng etməsəydi, o işi açmaq çətin olardı, bəlkə mümkün olmazdı. Bütün hallarda müstəntiqin vəzifəsi işin faktiki hallarını bərpa etməkdir, hadisə necə olub, onu bərpa edib ortaya qoymalıdır.

- İstintaq etdiyiniz ən maraqlı iş hansı olub?

- 69-cu ildə mühüm işlər üzrə müstəntiq təyin edildim. O vaxt ölkədə cəmi 9 mühüm işlər üzrə müstəntiq var idi və vəzifənin adı belə gedirdi: Azərbaycan SSR Prokuroru yanında mühüm işlər üzrə müstəntiq. 74-cü ilin oktyabr ayınadək məzuniyyətə çıxmamışdım. Bu arada ailə də qurmuşdum, 1 gün icazə vermişdilər. Bəlkə də, demək yerinə düşməz, mənim övladım vəfat etmişdi, onun dəfnindən birbaşa işə gəlmişdim, rəhbərim qolumdan tutub evə gətirmişdi ki, axı uşağın anasını evdə niyə tək qoyub işə gəlmisən. Amma mənim vaxtım yox idi, o vaxt ərzində müəyyən istintaq hərəkətləri var idi, onları etməli idim. İstintaq elədir ki, sualı verməyin, tanınmanı həyata keçirməyin də vaxtı var. Bəzən mən bir sualı vermək üçün, tanınma keçirmək üçün prosessual qaydada aylarla hazırlaşmışam. Nə vaxt bu sualı verim ona... Bəzən tənanınmanı həyata keçirmək üçün aylarla gözləməli olmuşam. Bir nazir Kislavodskya istirahətə gedəndə , çamadanlarını götürüb gəlir təyyarə vağzalına, yola düşür. Sürücü gəlir onun evini qarət edir. Mebelə əl izləri düşür. İndi o sürücüyə dərhal sual versən, deyəcək ki, çamadanları daşıyanda ola bilər, əlim dəyib də... Sübut itdi. Gərək bundan sonra xeyli müddət istintaq edəsən ki, o evə girib-girməyib, taksidə barmaq izi qalmışdı, biz şəxsə xeyli vaxt taksiyə minməsi ilə bağlı sual vermədik. Sualın verilmə vaxtı da düzgün seçilməlidir. Qubada və Əzizbəyov rayonundakı işlərin istintaqından sonra mənə növbədənkənar rütbələr verilmişdi. Qəbahət bilirsiniz nədə idi, bir hadisədə 4 adam öldürülüb, ictimai məlumatlarda yazılırdı 1 adam öldürülüb. Guya SSRİ-də 4 adamı öldürmək mümkün deyil.

- Bildiyimizə görə, ilk dəfə istintaq itlərindən istifadə də sizin araşdırdığınız Qubadakı qətllə bağlıdır.

- Qubadakı hadisədə elə vəziyyət yarandı ki, it bir neçə dəfə tətbiq edildi və eyni adamı tutdu. Adı Şıxbaba idi, itin hər dəfə onu tutması, həm də psixoloji təsir edirdi. Müstəntiq işi elədir ki, gərək müqəssirlə tərəf müqabili ola biləsən, qarşılıqlı inam yarada biləsən. Bu psixologiyanı da gərək formalaşdıra biləsən. Hər dəfə müqəssirdən soruşanda ki, necə oldu, it səni tutdu, elə hey deyirdi ki, “Murdar olsun o it”. Əslində itin kimisə tanıması sübut növü deyil, lakin müttəhimə bir növ psixoloji təsir vasitəsi kimi rol oynayır. Həmin işdə mən şahidlərin siyahısını hazırlayanda istintaq iti ilə tədbiri keçirən kinoloqu ilk sıraya yazmışdım. Bu yolla bir növ müttəhimə təsir edirdik.

"Vəsiyyətində demişdi ki, həmin cinayəti mən törətmişəm"

- İstintaq edib aça bilmədiyiniz iş olub?

- Mən hadisə yerinə gedim, işi araşdırım, lakin açılmasın, olmayıb. Amma açıla bilməyən, bağlı işləri veriblər mənə. Olub ki, sonradan mənə verilən bəzi işlərdən uzun müddət keçib, müəyyən izlər itib, işin istiqaməti əvvəldən fərqli yerə yönləndirilib və nəticədə həmin işin icraatı dayandırılıb. Bəzən olub ki, sonradan o işlər açılır, bəzən təsadüfdən, bəzən başqa cinayət işinin gedişində köhnə işlər də açılır. Yaxşı yadımdadır, Ağstafada bir nəfər vəfat edəndə vəsiyyətində demişdi ki, filan vaxtı, filan cinayəti mən törətmişəm. Sonradan baxmışdılar ki, həmin iş üzrə başqası cəza çəkir. Olur ki, illər sonra təbii olaraq bəzi işlərin üstü açılır. Bəzən elə olur ki, cinayət baş verir, lakin şikayətçi olan olmur. Bakıda bir vəzifəli şəxsin evindən xeyli miqdarda oğurluq olmuşdu, lakin həmin şəxs şikayət etməmişdi ki, birdən soruşarlar, bu qədər var-dövlət səndə haradandır. Lakin başqa cinayət faktı üzrə müqəssirlər tutulanda o, həmin adamın evindən də oğurluq etdiyini etiraf etmişdi, halbuki vəzifəli şəxs şikayətçi olmamışdı və hadisə barədə məlumat verməmişdi. Ümumiyyətlə, şərt deyil 100 faiz deyəsən ki, bütün işlər açılmalıdır. Tarixdə də olub, elə işlər var ki, açılmamış sayılır, Məsələn ABŞ Prezidenti Kennedinin qətli hələ də bağlı qalmış iş hesab edilir. Ümumiyyətlə, mən ona görə yazılarımda da qeyd edirəm ki, ölüm hökmü verilməməlidir. Çünki bəzən səhvlər də olur. İstər istintaq, istər məhkəmə tərəfdən səhvlər ola bilər. Ona görə ölüm hökmü vermək doğru deyil. Həmin şəxslərin yaşaması bəzən başqa işlərin açılmasına da kömək edir, bəzən onlarda sirlər olur, onları əldə etmək də lazım olur.

"Xəlil Rza Ulutürkə bəraət verdik"

- İstintaqa, hakimlərə və digər instansiyalara kənar təsirlərlə bağlı nə deyə bilərsiniz?

- Təsir olur, baxır onu necə qəbul edirsən. Bəzən olur ki, müraciətlərin istiqaməti işin obyektiv araşdırılmasına da kömək edir. Təsir altında işin istiqamətini dəyişməməlisən. Təsirlər həmişə olub və olacaq da. Mən çox təsirlər görmüşəm, amma heç vaxt təsirə təslim olmamışam. O vaxt Xəlil Rza Ulutürkün həbsi... Onu Moskva tutmuşdu, SSRİ DTK tərəfindən istintaq olmuşdu. SSRİ Baş prokurorunun təsdiqi ilə işi bitirib bizə göndərmişdilər. Biz məhkəmədə Nemət Pənahlının işinə baxırdıq. Bir də görürdün yüzlərlə insan məhkəmənin qarşısına gəlib aksiya keçirir. Bunlar hamısı təsir vasitəsidir. Moskva özü də təsir edirdi ki, biz işi belə araşdırıb qurtarmışıq, belə olmalıdır. Xəlil Rzanın işində prokuror ona cəza istəyirdi, biz isə ona bəraət verdik. Bizim qərarımızdan yuxarı instansiyalara şikayətlər etdilər, lakin yenə qərarımızın üstündə dayandıq, təsirlərə təslim olmadıq. Biz o vaxt təsir altında obyektiv olmayan qərar versəydik, mənim indi sizə müsahibə verməyə, bu kitabları yazmağa mənəvi haqqım olmazdı.

- İkram müəllim, sonda bir neçə il əvvəl Tovuzda baş verən və hələ də hökm elan olunmamış Nərminin qətlə yetirilməsi işi barədə soruşmaq istəyirəm. Bu iş niyə bu qədər dolaşığa düşdü?

- Mən həmin işlə tanış olmamışam, nə deyə bilərəm ki? Gərək o işi oxuyasan, bütün hallarla tanış olasan, işin içində olasan ki, nə isə deyə biləsən. İstənilən halda cinayət işinin istintaqı elə aparılıb yekunlaşdırılmalıdır ki, sonradan hər hansı sual çıxmasın. Sual yarananda da işin materiallarında həmin sualın cavabı olmalıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib