Dərc edilib: 19-12-2022

https://www.nuh.az/33241-.html

Baş Prokuror Kamran Əliyevə ŞİKAYƏT

19.12.2022 11:04:43

Cəmiyyət

         Abşeron  rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, ev 1, mənzil 4  ünvanda yaşayan Miriyev Kamil Şamil oğlu  ( 070-777-52-67 )

   Azərbaycan Respublikasının Baş Prokuroru  cənab Kamran Əliyevə şikayət ərizəsi ilə müracit edib. 

 

         Hörmətli Kamran müəllim !

Bildirirəm ki, DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə vətəndaş Qəmbərova Nəzrin Vahid qızının, özünü mənə subaqent kimi təqdim edib etibarımdan sui-istifadə edərək və aldatma yolu ilə dələduzluq və saxtakarlıq edib saxta aviabiletləri mənə sataraq əvəzində 57660 manat pulumu ələ keçirməsi barədə rəsmi ərizə ilə şikayət etmişdim.

        İşin araşdırılması Nəsimi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru, Əkbərov Orxan Sahib oğluna həvalə edilmişdir.

Orxan Əkbərov tərəfindən səthi araşdırılma aparılmış və 04 fevral 2022-ci tarixli  Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibinin olmaması) maddəsinə əsasən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qanusuz qərar” qəbul edilmişdir.

Həmin qərardan mən, Azərbaycan Respublikasının Baş Prokuroruna, yəni, Siz Kamran Bayram oğlu Əliyevə və Bakı şəhəri Nəsimi Rayon Prokuroru cənab  Həsən Xudaverdi oğlu Hənifəyevə şikayət ərizəsi yazaraq 04 fevral 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”ın ləğv olunmasını və vətəndaş Qəmbərova Nəzrin Vahid qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320.1-ci (saxta sənəd) maddəsinin tərkibi olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdim.

Mənim ərizəm baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna göndərilmiş və sözügedən 04 fevral 2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri olan Fərid Dadaşov tərəfindən ləğv edilmiş və materialın yenidən araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir.Sözügedən araşdırma Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğluna həvalə edilmişdir.

08 avqust 2022-ci il tarixdə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu tərəfindən, öz həmkarı Nəsimi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru, Orxan Əkbərovun qanunsuz qərarını ört-bastır eləməkdən ötrü yenidən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibinin olmaması) maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qanusuz qərar qəbul edilmişdir.

Həmin qərar mənə poçt vasitəsi ilə 11.10.2022-ci il tarixdə ünvanıma daxil olmuşdur.

Hörmətli Kamran müəllim !

        Aşağıda və ərizəmdə göstərilən hallara əsasən, hesab edirəm ki, sözügedən 08 avqust 2022-ci il qərar da 04 fevral 2022-ci il tarixli qərar kimi ləğv edilməli və cinayət işinin başlanılması barədə qərar qəbul edilməlidir.

Mən Miriyev Kamil Şamil oğlu, 2018-ci ildən “İsra Travel” MMC turizm şirkətinin təsisçisi və direktoru vəzifəsində çalışıram. Fəaliyyətimizin əsası Azərbaycan Respublikasının paytaxt və digər bölgələrində turizm xidmətlərinin göstərilməsindən ibarətdir. 2021-ci ilin sentyabr ayında, əvvəllər digər turizm şirkətində birlikdə çalışdığım Namiq adlı şəxs mənə zəng etmiş və Nəzrin adlı birinin münasib qiymətə otel və biletlər təqdim etdiyini bildirmişdir.  Daha sonra Qəmbərova Nəzrin Vahid qızı (Bakıl şəhəri. Səbail rayonu, Nizami küçəsi 86, mənzil 6, əlaqə telefonu: (051)382-22-66, (010)214-24-24) telefon vasitəsi ilə özünü mənə subagent kimi təqdim etdi və münasib qiymətə otel və aviabiletləri təqdim edəcəyini bildirdi.

Beləliklə Qəmbərova Nazrin Vahid qızı, biletlərin təşkili adı ilə məndən ümumilikdə 57660 manat məbləğində pul aldı və14960 manat dəyərində mövcud biletlər verib etibarımı qazandı, 19250 manat dəyərində isə (27 Dekabr uçuşları üçün 19 bilet, 30 Dekabr (Dubay – Baku – Dubay) reysinə 8 nəfər, 31 Dekabr 2021-ci il (Dammam – Baku – Dammam) reysinə 9 nəfər, 7 Yanvar 2022-ci il (Dammam – Baku – Dammam) reysinə 22 nəfər, 10 yanvar 2022-ci il (Dammam – Baku – Dammam) reysinə 2 nəfər) saxta biletlər verdi, qalan 23450 manat dəyərində isə verməli olan biletləri ümumən vermədi və öz məkirli və çirkin niyyətini həyata keçirə bildi.

Sözügedən saxta biletlərin surətləri və ödəniş qəbzləri tərəfimdən iş materiallarına əlavə edilib. Bundan sonra mən, aidiyyəti üzrə DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə müraciət etdim.

İşi belə görən Qəmbərova Nəzrin Vahid qızı cinayət məsuliyyətinə cəlb olunmasından qorxaraq həmin puldan mənə 6852 manatı geri qaytardı, qalan pulu isə mənimsədi.

Beləliklə Qəmbərova Nazrin Vahid qızı, saxtakarlıq və dələduzluq əməlləri nəticəsində mənə məxsus 35848 manat pulu mənimsədi və mənə maddi ziyan vurdu.

Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu isə bu işə müstəntiq kimi yox, əksinə Qəmbərova Nəzrin Vahid qızının vəkili kimi yanaşmış və qəbul etdiyi qanunsuz qərarının “Müəyyən Etdim” hissəsinin, 2-ci səhifəsinin 1-ci abzasında qeyd etmişdir ki, araşdırma zamanı Qəmbərova Nəzrin Vahid qızının Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi yoxdur.

Hesab edirəm ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu qərəzli mövgey tutaraq səhv nəticəyə gəlmiş və qanunsuz qərar qəbul etmişdir.

Belə ki, mən ərizəmdə tam aydın şəkildə qeyd etmişəm ki, Qəmbərova Nəzrin Vahid qızı məni aldadaraq və bilərəkdən mənə saxta aviabiletlər satmış və 35848 manat pulu mənimsəmişdir. Məgər bu cinayət deyil? (Cinayət Məcəlləsi 320.1 saxta sənəd)

Təəssüf ki, işi aparan müstəntiq saxta sənədin hazırlanması, satılması kimi hərəkəti cinayət məsuliyyətinə səbəb olmasını anlamır və ya özü qəsdən hansısa maraqlara görə anlamaq istəmir.

Həmçinin işi araşdıran müstəntiq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə istinad etmiş, lakin, nədənsə cinayət işini başlanması barədə qərar qəbul etməmişdir. Sözügedən plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

Qəmbərova Nəzrin Vahid qızı ilə mənim aramda hər hansı bir əqd (müqavilə) və ya öhdəlik razılaşması yoxdur. Qəmbərova Nəzrin Vahid qızı məni bilərəkdən aldadıb və mənim etibarımdan sui-istifadə edərək və bilərkdən mənə saxta aviabiletlər satıb və mənim pulumu əvəzsiz mənimsəyib.

Burada hansı öhdəlikdən söhbət gedə bilər? Qəmbərova Nəzrin Vahid qızı sözügedən saxta biletləri hardan və kimdən alıb? Niyə müstəntiq bu hissələri araşdırmır?

Çox təəsüf ki, işi “araşdıran” Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu, öz həmkarı Orxan Əkbərovun qanunsuz qərarını ört-bastır eləməkdən ötrü eyni səhvləri buraxmış və nəticədə 08 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibinin olmaması) maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qanusuz qərar qəbul etmişdir. Hesab edirəm ki, Qəmbərova Nəzrin Vahid qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320.1-ci (saxta sənəd) maddəsinin tərkibi var.

Qeyd olunan bu hallar aydınlaşdırılmamış, müstəntiq Zeynalov Sübhan Ramiz oğlu formal olaraq qərar qəbul etmiş, saxta biletlərin kimin tərəfindən hazırlanmasını araşdırmamış, həmin şəxsi və ya şəxsləri məsuliyyətə cəlb etməmiş, mövcud qanunvericilik aktlarına yersiz istinadlar edərək faktiki mənə qarşı edilmiş dələduzluq və sənəd saxtakarlığı hərəkətlərini qanunsuz və əsassız olaraq mülki müstəvidə qiymətləndirmişdir.

Hörmətli Kamran müəllim !

Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyev – Sizə etimad göstərək Sizi bu məsuliyyətli vəzifəyə təyin edib və inanıb ki, Siz hər bir Azərbaycan vətəndaşının pozulmuş hüquqlarını bərpa edəcək və qanunsuz qərarların ləğvinə əlinizdən gələni əsirgəməyəcəksiniz.

04 fevral 2022-ci il tarixli qərar məhz qanunsuz və əsassız olduğu üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri olan Fərid Dadaşov tərəfindən əsaslı olaraq ləğv edilmiş və materialın yenidən araşdırılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir.

Lakin, öncə vurğuladığım kimi Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu, öz həmkarı Nəsimi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru, Orxan Əkbərovun qanunsuz qərarını ört-bastır eləməkdən ötrü yenidən qanusuz qərar qəbul etmiş və bunulada mövcud qanunvericiliyi və mənim hüquqlarımı pozmuşdur.

Prokurorluq Haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edilir.

Həmin qanunun 24-cü maddəsinə əsasən, prokuror, cinayət və inzibati xəta aşkar etdikdə və digər hallarda müvafiq olaraq cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında, yaxud digər qərar çıxarır.

Həmin qanunun 25-ci maddəsinə əsasən, prokuror, qanunda nəzərdə tutulmuş hallarda təhqiqat və ya ibtidai istinad orqanlarına yazılı göstəriş vermək hüququna malikdir. Prokurorun təhqiqat və ya ibtidai istintaq məsələlərinə dair yazı göstərişinin icrası məcburidir.

Bütün bunları, Prokurorluq Haqqında Azərbaycan Respublikası Qanunun 20, 24, və 25-ci maddələri nəzərə alaraq və pozulmuş hüquqlarımı bərpa etmək məqsədi ilə, Sizdən xahiş edirəm ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı, Zeynalov Sübhan Ramiz oğlu tərəfindən qəbul olunmuş 08 avqust 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”ının ləğv edilməsini, həmin işi öz nəzarətinizə götürməyinizi və cinayət işinin başlanılması üçün aidiyyəti üzrə göstəriş verəsiz.

Hörmətlə:     Miriyev Kamil Şamil oğlu

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib