Dərc edilib: 23-12-2022

https://www.nuh.az/33299-.html

Nazirlikdən oğurlanan 7 milyonu 19 xarici ölkəyə qaçırıblar –BANKİRLƏR

23.12.2022 14:15:11

LIVE

Bakı Apelyasiya Məhkəməsində “Röyal Bank”ın direktoru olmuş Fuad Cam və onun atası, bankın Müşahidə Şurasının sədri olmuş Əli Camın şikayəti üzrə qərar olunub. Camlar Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə təqsirli biliniblər.
İran mənşəli ABŞ vətəndaşı Əli Cam uzun illər Azərbaycanda yaşayıb və burada işləyib. 2013-cü ildən barəsində istintaq başlandığından ölkəni gizlincə tərk edərək istintaqdan yayınıb. Buna görə Azərbaycanın hüquq-mühafizə orqanları Əli Cam barəsində həbsli axtarış elan ediblər. Yalnız 2020-ci ilin iyununda Əli Cam Birləşmiş Ərəb Əmirlikləri ərazisində tutularaq Azərbaycana ekstradisiya edilib.

İttihama görə, Əli Cam və Fuad Cam öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilən külli miqdarda özgə əmlakını mənimsəyərək talayıblar. Ata-oğul rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədiblər. Pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıblar, saxta maliyyə əməliyyatları həyata keçiriblər. Beləliklə, külli miqdarda pulu leqallaşdıraraq mənimsəyiblər.
İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8 milyon 500 min manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7 milyon 300 min manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilmişdir.

Rza Zerrabin biznesi 1.jpg (70 KB)

“Royal Bank”ın əsas səhmdarı olan Əli Cama qarşı hələ 2012-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. Bundan təxminən 1 il sonra Əli Cama qarşı Cinayət Məcəlləsinin 179.3.2 –ci (mənimsəmə-külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Binəqədi rayon məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin Əli Cam istintaqdan qaçıb gizlənib.

Həmçinin, Əli Camın 2013-cü ildən eyni maddələrlə ittiham olunan və istintaqdan yayınan oğlu Fuad Cam da ötən il Azərbaycana qayıdarkən tutulub.

Bakı Apelyasiya Məhkəməsində qəbul olunan qərara əsasən, Fuad Camın həbs müddəti 5 il azaldılaraq 8 ilə, Əli Camın həbs müddəti isə 2 il azaldılaraq 6 ilə endirilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəmsəsinin hökmü ilə Fuad Cam 13 il, Əli Cam isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib