Dərc edilib: 23-12-2022

https://www.nuh.az/33300-.html

Təzə nazirlə köhnə nazir QARDAŞDIR..?

23.12.2022 16:00:14

LIVE

Dekabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib. Prezidentin digər Sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub. O, eyni zamanda mədəniyyət naziri vəzifəsini icra edəcək.

Globalinfo.az xəbər verir ki, bu təyinatdan sonra keçmiş nazirlə onun səlahiyyətlərini icra edən şəxsin qardaş olmaları haqda məlumatlar yayılıb. Bu iddia artıq sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib. Bəzi tanınmış şəxslər onların qardaş olması haqda eyhamlı statuslar yazıb, paylaşırlar.

Burada iki məsələ əsas götürülür:

Birinci, Anar Kərimovla Adil Kərimlinin eyni soyad və ata adı daşımaları.

İkinci, bir-birinə bənzəmələri.

Anar Qabil oğlu Kərimov və Adil Qabil oğlu Kərimli… İnsanlarda hər iki şəxsin qardaş olması ilə bağlı qənaəti formalaşdıran soyad və ata adının eyni olmasıdır. Həmçinin adlar da bənzərdir. Adətən ailələrdə xüsusilə də oğlan uşaqlarına bənzər, həmahəng adlar qoyulur.

Globalinfo.az bu iddialarla bağlı qısa araşdırma aparıb. Hər iki şəxsi yaxından tanıyan mənbələr bildirdilər ki, bütün bənzərliklərə və üst-üstə düşən məqamlara baxmayaraq, Adil Kərimli ilə Anar Kərimov qardaş deyillər və aralarında heç bir qohumluq əlaqəsi yoxdur. Anar Kərimovun Vikipediya məlumatında onun 1977-ci ildə Füzuli rayonunda anadan olduğu yazılıb. Adil Kərimli isə 1979-cu il təvəllüdlüdür. Onun Bakıda dünyaya gəldiyi deyilsə də, əslən Qərbi Azərbaycan kökənli olduğu bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib