Dərc edilib: 23-12-2022

https://www.nuh.az/33301-.html

Deputatlara çıxış etmək üçün SÖZ VERİLMİR...

23.12.2022 16:15:34

Hadisə

“Məhkəmə hakimiyyəti ilə bağlı tələblər heç də hamısı hüquqi tələblər deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Erkin Qədirli deyib. 

Millət vəkili bildirib ki, müddət məsələsində 5 il sözlərinin “Normativ hüquqi aktlar haqqında” qanuna uyğun olmaması fikri ilə razı deyil: “Namizədləri təklif etmək Prezidentin səlahiyyətləridir. Amma namizədlərə aid olan tələblər fərqlidir”. 

Erkin Qədirli qeyd edib ki, hamının, bütün deputatların danışmaq hüququ var: “Bu birinci dəfə deyil ki, mən çıxışa yazılanda səsə qoyulmaq tələbi qoyulur. Bu, yalnız mənə görə olmur, başqa hallarda (digər deputatlar çıxış edəndə -red.) da olur. O səbəbdən də bəzən bizim çıxış etmək imkanımız olmur”. 

Deputat Hikmət Babaoğlu da eyni məsələni qaldırıb: “Burada bəzi deputatlar özü çıxış edir və sonra deyir ki, məsələ səsə qoyulsun”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə cavabında deyib ki, bu zalda hələ heç kimin sözü kəsilməyib: “Kim yazılırsa, mən hamıya söz verirəm. Xahiş edirəm, bunu nəzərə alarsınız. Müzakirələr hamının razılığı ilə dayandırılıb. Birincisi, siz qeyd edirsiniz, hamının danışmaq hüququ var. Burada elə bir deputat yoxdur ki, buna şübhəsi olsun. İkincisi, bu zalda heç kimin sözü kəsilməyib. Üçüncüsü, kim yazılırsa, mən hamıya söz verirəm.

NUH informasiya agentliyi səhifəsindən çap edilib