Dərc edilib: 24-12-2022

https://www.nuh.az/33317-.html

Hitlerin toxunmadığı yəhudi – doktor Blox....

24.12.2022 14:47:19

Maqazin

O, bəlkə də yeganə yəhudi olub ki, Adolf Hitler onun Avstriyadan ABŞ-a köçməsinə özü şərait yaradıb, Eduard Bloxun təhlükəsizliyini təmin etmək üçün gestapoya xüsusi göstəriş verib.

Maraqlıdır, hakimiyyətə gələndən sonra yəhudilərə qarşı böyük cəbhə açan fürer hansı səbəbdən milliyətcə yəhudi olan Eduard Bloxa bu qədər hörmət və ehtiram göstərib?

Eduard Blox 1872-ci ildə Çexiyanın Frauenberq şəhərində anadan olub. Praqada ali tibb təhsili alıb. Təhsilini başa vurduqdan sonra Avstriya ordusunda həkim kimi xidmətə başlayıb. 1901-ci ildə ordudan tərxis olunduqdan sonra Blox Avstiyanın Lints şəhərində məskunlaşıb və bu şəhərdə öz şəxsi klinikasını açıb. Qeyd edək ki, Hitlerin uşaqlıq və gənclik illəri də məhz bu şəhərdə keçib. Blox qısa müddət ərzində Lintsin ən tanınmış həkimlərindən birinə çevrilib. Şəhər əhalisi onu “kasıbların həkimi” adlandırıb. Çünki Blox kasıb əhaliyə göstərdiyi xidmətlərə görə çox vaxt pul almayıb.

images_cms-image-000010608.jpg (88 KB)

Sonralar özü də xatirələrində bu məsələ haqqında aşağıdakı açıqlamanı verib:

“Pasiyentlərin hamısı eynidir, onlar ağrıdan, hansısa bir xəstəlikdən əziyyət çəkirlər. Amma onların maddi durumları fərqli olur. Kiminin müalicəyə və dərmanlara pulu çatır, kimlərdəsə bu imkan olmur. Mən bu fərqə həmişə həssaslıqla yanaşmışam. Ödəniş etmək imkanında olmayan xəstələrə təmənnasız xidmət göstərmişəm və bunu öz insanlıq borcum saymışam...”

Bloxun təmənnasız xidmət göstərdiyi ailələrdən biri də Hitlerin ailəsi olub. Bloxla gələcək fürerin tanışlığı Hitlerin 15 yaşı olanda başlayıb. Həmin vaxt Hitler adi soyuqdəmədən yatağa düşəndə anası Klara yardım üçün Bloxa müraciət edib. Blox bir neçə günə balaca Adolfu tam sağaldıb və anasına bildirib ki, adi bir xəstəlik üçün bu qədər təşvişə düşməyə dəyməz.

804px-Klara_Jelska_1869-1948svgpng.jpg (70 KB)

Onların növbəti görüşü üç ildən sonra baş tutub. Bu dəfə Hitler anasının müalicəsi üçün Bloxa müraciət edib. Həkim tam müayinələrdən sonra Hitlerə bildirib ki, anasında xərçəng xəstəliyi aşkar olunub. Blox öz müalicələri ilə 6-7 ay Klara Hitlerin ömrünü uzada bilib. Onun hər gün öz pasiyentinə baş çəkməsi, həssaslıqla qayğı göstərməsi 18 yaşlı Hitlerin yaddaşına həkk olunub.

Hitler Lintsi tərk etdikdən sonra hər il bütün bayramlarda Bloxa təbrik məktubları göndərib. Lints şəhərinə xüsusi diqqət ayıran fürer hər dəfə öz sevimli şəhərinə gələndə Bloxla görüşüb, problemləri ilə maraqlanıb, ona lazım olan qayğını göstərib. Hitler ona özünün müəllifi olduğu rəsm əsərlərini də hədiyyə edib.

1938-ci ilin mart ayında Avstriya Almaniyanın tərkibinə birləşdirildikdən sonra (Anşlyus) Lintsdə də vəziyyət dəyişib. Şəhərdən bütün yəhudilər məcburi şəkildə çıxarılıb. Növbə Bloxa da çatıb. Məhz həmin çətin məqamlarda həkim fürerə müraciət etməyi qərara alıb. Blox telefon əlaqəsinə nail olduqdan sonra Hitler Lintsdə fəaliyyət göstərən gestapoya şəxsən özü tapşırıq verib. Blox öz fəaliyyətini əvvəlki qaydada davam etdirib. Ona heç kim toxunmayıb. Bu təhlükəsizliyə baxmayaraq, həkim bütün ailə üzvlərini Lintsdən çıxarıb, onlar ABŞ-da məskunlaşıblar.

PSX_20200502_211917.jpg (138 KB)

Bloxla Hitlerin arasında yaxın münasibətlər hökm sürsə də, fürerin və bütövlükdə 3-cü Reyxin yəhudilərə qarşı amansız münasibətini həkim qəbul edə bilməyib, gözünün önündə baş verən hadisələri həzm etmək Blox üçün olduqca ağır və dözülməz olub.

1940-cı ildə Blox Hitlerə ətraflı bir məktub yazıb. Məktubun sonunda o, fürerdən Amerikaya köçmək üçün ona şərait yaradılmasını xahiş edib. Hitler məktubu oxuduqdan sonra Bloxla telefonla danışıb, ona bildirib ki, onun köçmək istəyini təəssüflə qarşılayır. Fürer onu da vurğulayıb ki, Lintsdə onun üçün hansısa bir problem yaradılırsa, dərhal aradan qaldırıla bilər. Həkim isə öz istəyində təkidli olub.
Hitler nasist partiyasının Lints şəhər təşkilatının rəhbərinə Bloxun köçməsi ilə bağlı tapşırıqlar verib. Blox digər yəhudilərdən fərqli olaraq özünə məxsus olan mənzili bazar qiymətinə satıb. O cümlədən Bloxa digər yəhudilərə qoyulmuş məhdudiyyətdən fərqli olaraq hesabında olan bütün pulları özü ilə aparmağa icazə veriblər.

1200_5dd4fb0f82682c1819ac1a2f.jpg (81 KB)

Blox Nyu-Yorkda məskunlaşıb. O, Amerikada həkimlik fəaliyyəti ilə məşğul ola bilməyib. Belə ki, Praqa diplomu ABŞ-da tanınmayıb.

Amerikaya köçdükdən sonra Blox bu ölkədə xüsusi xidmət orqanları əməkdaşlarının diqqətindən yayınmayıb. O, sorğu-sual üçün Strateji Xidmətlər İdarəsinə (sonralar Mərkəzi Kəşfiyyat İdarəsi) dəvət olunub. Həkimdən Hitlerin uşaqlığı, psixoloji durumu, səhhəti ilə bağlı informasiyalar tələb olunub. Blox bu suallara ətraflı cavab verib:

15527-11-b1aba91ce0c0743ecc747dc7de25e580.jpg (130 KB)

“Adolf Hitlerin psixoloji durumunda heç bir problem yoxdur. Uşaqlıq illərində də o, heç bir ciddi xəstəlikdən əziyyət çəkməyib. Sadəcə, onun anası Klara Hitler oğlunun ən adi bir xəstəliyini panika ilə qarşılayıb. Mən Hitleri həssas, ən adi hadisələrə belə diqqətlə yanaşan bir şəxs kimi tanımışam. Hitlerdə hiss etdiyim qeyri-adi bir xüsusiyyət olub. O, anasına hədsiz dərəcədə, hətta deyərdim ki, patoloji dərəcədə bağlı idi. O ki qaldı onun fürer kimi siyasi fəaliyyətinə, mən bunu qiymətləndirmək gücündə deyiləm...”

Eduard Blox 1945-ci ildə, Hitlerin intiharından bir ay sonra iyunun 1-də 73 yaşında mədə xərçəngindən vəfat edib. O, Nyu-Yorkda Bet-Devid qəbirstanlığında dəfn olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib