Dərc edilib: 24-12-2022

https://www.nuh.az/33318-.html

Prezidentlə görüş: Göyçədən olan iş adamı danışdı - Fotolar

24.12.2022 19:55:11

Mədəniyyət

Mürvət Həsənli: "Çox əminliklə doğma torpaqlarımıza qayıdacağımızı dedi"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə tanınmış iş adamı, "Xəmsə" MMC-nin sahibi, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli də iştirak edib.

Görüş barədə təəssüratlarını Musavat.com-la bölüşən Mürvət Həsənli ölkə Prezidentinin iştirakçıların hər biri ilə şəxsən görüşdüyünü, çox səmimi ortamda söhbət etdiyini bildirdi: "Qərbi Azərbaycan İcmasının yerləşdiyi bina 2012-ci ildə Cənab Prezidentin iştirakı ilə Qarabağın Azərbaycanlı İcmasına verilmişdi. Qarabağ azad olunduğuna görə indi həmin bina Qərbi Azərbaycan İcmasına verilib. Bu dəfə də Cənab Prezident öz ad günündə İcmaya yaradılan şəraitlə tanış oldu. O, bizim üçün çox əhəmiyyətli bir fikir səsləndirdi. Bildirdi ki, bir müddət əvvəl ad günündə Qarabağdan olan məcburi köçkünlər arasında olanda söz verib ki, vaxt gələcək öz doğum gününü Şuşada qeyd edəcək. Doğrudan da, cənab Prezident 60-cı doğum gününü Şuşada qeyd etdi. İndi isə o, bəyan etdi ki, ad gününü öz ailəsi hesab etdiyi Qərbi Azərbaycanlılarla qeyd edir. Və söz verir ki, ad günlərindən birini Qərbi Azərbaycanda qeyd edəcək, qərbi azərbaycanlılar doğma yurd-yuvalarına qayıdacaqlar, buna mütləq nail olunacaq. Biz öz doğmalarımızın qəbirlərini, müqəddəs yerlərimizi, doğma el-obamızı ziyarət edə biləcəyik, torpaqlarımıza qovuşacağıq. Və buna biz müharibə aparmaqla, haranısa işğal etməklə nail olmayacağıq. Cənab Prezident çox əminliklə danışdı, bu bizim doğma torpaqlarımıza qayıtmağımıza olan inamımızı daha da artırdı".

İş adamının sözlərinə görə, görüş zamanı Qərbi Azərbaycan Ensiklopediyasının yaradılması qərara alınıb: "Bura Qərbi Azərbaycandakı tarixi abidələr, ziyarətgahlar, müqəddəs və tarixi yerlər haqqında məlumatlar toplanacaq".

Musavat.com

WhatsApp Image 2022-12-24 at 19.35.04.jpeg (140 KB)

NUH informasiya agentliyi səhifəsindən çap edilib